Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ərzağın baha olmasına səbəb monopoliyadır

24-10-2023, 10:31   



Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında  ölkəyə 1 milyard  576,1 milyon dollar dəyərində yeyinti məhsulları idxal edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3% azdır. Belə ki, 2022-ci ilin 9 ayı ərzində yeyinti məhsullarının idxal dəyəri 1 milyard 613,6 milyon dollar təşkil etmişdir. Göründüyü kimi bu ilin yanvar-sentyabr aylarında əvvəlki ilə nisbətən yeyinti məhsulları idxalı dəyər ifadəsində 37,4 milyon dollar azalmışdır. Azalmaya səbəb dünya bazarında ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi olmuşdur. Misal kimi qeyd edə bilərəm ki, bu il ölkəyə idxal edilən buğda fiziki çəkidə 48,1 min ton artsa da, idxal dəyəri əvvəlki ilə nisbətən 51,3 milyon dollar azalmışdır. Bitki və heyvan mənşəli yağların idxalı isə fiziki çəkidə cəmi 5,6% azaldığı halda, dəyər ifadəsində 31,3%, yəni 62,1 milyon dollar azalıb.

 Onu da qetd etməliyəm ki, son on ildə (yanvar-sentyabr aylarında) yeyinti məhsullarının idxalı 83,0%, son 5 ildə isə 61,4% artmışdır.

 Bu ilin yanvar-sentyabr ayları ərzində keçən ilin eyni dövrü ilə müqayisədə əsas yeyinti məhsullarından, ət və ət məhsulları, süd və süd məhsulları, düyü həm fiziki çəkidə həm də dəyər ifadəssində artıb.

 Bu ilin 9 ayında ən çox artım buğda idxalında baş vermişdir. Belə ki, 2023-ci ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı fiziki çəkidə 48 min 131 ton artıb.

2023-ci ilin 9 ayı ərzində ölkəyə idxal edilən çayın idxal dəyəri 8,2%, düyünün 12,8% artmışdır və sair.

Bu ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas heyvandarlıq məhsulları həm fiziki çəkidə, həm də dəyər ifadəsində nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 9 ay ərzində ət idxalı

dəyər ifadəsində 15,8%, fiziki çəkidə 4,5%, süd və qaymaq idxalı fiziki çəkidə 24,9%, dəyər ifadəsində 44,4%, əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı isə dəyər ifadəsində 79,7% artıb.

Qeyd edildiyi kimi 2023-cü ilin 9 ayı ərzində buğda idxalı fiziki çəkidə 48,1 ton, yəni 6,4% artmışdır. Eyni zamanda DSK buğda istehsalını 1 milyon 828 min ton (ilkin çəkidə), yəni əvvəlki ilə nisbətən 97 min ton çox olduğunu göstərmişdir. Əgər vəziyyət həqiqətən də DSK təsvir etdiyi kimidirsə, bu il buğda idxalı bu qədər artmalı deyildi. Ona görə ki, son iki ildə DSK buğda istehlakını azalda-azalda gedir. Səbəbi izah edilməsə də, qida məhsullarının istehsalı üçün istifadə edilən buğdanın həcmi 2020-ci ildə 2 milyon 533,9 min ton olduğu halda, 2021-ci ildə 2 milyon 62,3 min tona, 2022-ci ildə isə 1 milyon 869,1 min tona qədər endirilib. Yəni iki il ərzində ərzaq üçün istifadə edilən buğdanın həcmi 664 min 782 ton (26,2%) azalıb. Bu hesbla idxal buğdasının həcmi də azalmalı idi. Ancaq hələ də istehsal və idxal rəqəmləri ilə bağlı qeyri-müəyyənlik var. Yaxşı olar ki, DSK bu rəqəmlərlə bağlı açıqlama versin.

DSK-nın məlumatına görə, oktyabrın 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 100 min 900 ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çox dənli və dənli paxlalı bitkilər yığılmışdır. Bununla yanaşı bu ilin yanvar-sentyabr ayları ərzində taxıl məhsullarından buğda ilə yanaşı qarğıdalı, düyü idxalı da fiziki çəkidə artıb. Belə ki, DGK-nin təqdim etdiyi məlumata görə, bu ilin 9 ayı ərzində ölkəyə 65,3 min ton qarğıdalı idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə düyü idxalı fiziki çəkidə 6%, dəyər ifadəsində isə 12,8 faiz artıb. (Cədvəl 1).

Gömrük komitəsinin təqdim etdiyi məlumata görə, bu ilin 9 ayı ərzində ölkəyə 60,1 milyon dollar dəyərində 30,2 min ton ət idxal edilmişdir. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə fiziki çəkidə 4,5 faiz, dəyər ifadəsində isə 15,8% çoxdur. Digər tərəfdən eyni müddət ərzində ölkəyə 82,8 milyon dollar dəyərində əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanlar idxal edilib ki, bu da əvvəlki illin eyni dövrü ilə müqayisədə 79,7% çoxdur. Bununla yanaşı DSK bu ilin 9 ayı ərzində ət istehsalında 3,2% artım göstərmişdir. Belə ki, Statistika Komitəsinin məlumatına görə, bu ilin 9 ayı ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 424 min 500 ton, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çox ət istehsal edilmişdir. Həmçinin komitə 2023-cü ilin 9 ayı ərzində ət və ət məhsullarının qiymətlərində davamlı olaraq artım qeydə almışdır. Bir tərəfdən ət istehsalı, ət idxalı və əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı artır, digər tərəfdən ətin qiymətləri qalxır. Onu da qeyd etməliyəm ki, son bir il ərzində dünyada ətin qiyməti 5,0% ucuzlaşdığı halda, bu ilin 9 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən ətin qiyməti 10,7% artıb.

DSK bu ilin 9 ayı ərzində əvvəlki ilə nisbətən süd istehsalında 1,7% artım göstərib. Bununla yanaşı eyni zaman ərzində ölkəyə 18,7 milyon dollar dəyərində 9,2 min ton süd idxal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən fiziki çəkidə 24,9%, dəyər ifadəsində isə 44,4% çoxdur. Onu da qeyd etməliyəm ki, bu ilin 9 ayı ərzində ölkəyə idxal edilən südün qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,7% artmışdır. Baxmayaraq ki, dünyada südün qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,9% aşağı düşüb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarından əsasən tomat, kartof, meşə fındığı, alma, xurma və nar olub. Ölkənin əsas ixrac məhsullarından olan meyvə-tərəvəz ixracı fiziki çəkidə 11,8%, dəyər ifadəsində 7,1% faiz artmışdır. Meşə fındığı, alma, nar ixracı həm fiziki çəkidə, həm də dəyər ifadəsində artıb.

2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə alma ixracı fiziki çəkidə 36,1%, dəyər ifadəsində 33,0%, nar ixracı fiziki çəkidə 3,3 dəfə, dəyər ifadəsində 2,7 dəfə, meşə fındığı fiziki çəkidə 20,0%, dəyər ifadəsində 19,7% artıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartof ixracı fiziki çəkidə 9,1%, dəyər ifadəsində 11,6%, xurma ixracı fiziki çəkidə 43,2%, dəyər ifadəsində isə 45,7% azalmışdır (Cədvəl 2).

Apardığımız araşdırmalar göstərdi ki, son bir neçə ildə ənənəvi ixrac məhsullarının ixracında azalmalar baş vermişdir. Belə ki, 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2023-cü ilin eyni dövrü ərzində tomat ixracı dəyər ifadəsində 43 milyon 508 min dollar, yəni 25,9% , fiziki çəkidə isə 42 min 909 ton, yəni 27,6% azalıb. Bu ilin 9 ayında tomat ixracatçıları üç il əvvəlkindən 43,5 milyon dollar az gəlir əldə etmişlər. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə fındıq ixracatçılarının gəlirləri nəğd pul şəkilində 8 milyon dollar azalmışdır. Keçən ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə xurma ixracatçılarının gəlirləri 13,9 milyon dollar, 2021ci ilin 9 ayı ilə müqayisədə isə 17,4 milyon dollar azalıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində çay ixracı fiziki çəkidə 3,3 dəfə, dəyər ifadəsində isə 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar fiziki çəkidə 27,6%, dəyər ifadəsində isə 36,2 faiz azalmışdır. Bu ilin 9 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə çay ixracatçılarınn gəlirləri 5 milyon dollardan çox, bitki və heyvan mənşəli piylər və yağların ixracatçılarının gəlirləri isə 8,6 milyon dollardan çox azalmışdır.

Təəssüflə onu da qeyd etməliyəm ki, bu ilin 9 ayında yalnız yeyinti məhsulları ixracatçılarının deyil, həm də pambıq ixracatçılrının gəlirləri ciddi azalıb. Belə ki, bu ilin 9 ayı ərzində əvvəlki ilə nisbətən pambıq ixracatçılarının gəlirləri ümumilikdə 61,8 mlyon dollar azalıb. 2022-ci ilin 9 ayı ərzində 180,9 milyon dollar dəyəridə pambıq ixrac edilmişdirsə, bu ilin eyni dövrü ərzində pambıq ixracı dəyər ifadəsində 119,1 milyon dollar təşkil etmişdir. Bu da əvvəlki ilə nisbətən 34,1 faiz azdır (Cədvəl 3).

Beləliklə, apardığımız araşdırmalar göstərdi ki, dünya bazarında bəzi ərzaq məhsullarının qiymətləri aşağı düşdüyü halda, həmin məhsullar ölkəyə yüksək qiymətlə idxal edilir. Misal kimi ət və süd məhsullarını göstərmək olar. Son bir il ərzində dünya bazarında ətin qiyməti 5,0%, südün qiyməti 23,9% ucuzlaşdığı halda, Azərbaycana 9 ay ərzində idxal edilən ətin qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,7%, südün qiyməti isə 15,7%  artmışdır.

Ərzaq idxalı ilə məşğul olan monopolist çirkətlər keçən il dünyada ərzaq məhsullarının qiymətləri yüksək olduğu zamanda ölkəyə böyük həcmdə, aylıq, rüblük və hətta illik təlabatdan daha çox ərzaq məhsulları idxal etmişdilər. Nəticədə dünya bazarında əsas ərzaq məhsulları ciddi ucuzlaşsa da, Azərbaycan istehlakçıları həmin məhsulları daxili bazarda daha yüksək qiymətə əldə etməli olublar.

Dövlət Gömrük Komitəsinın təqdim etdiyi rəqəmlərə əsasən apardığımız hesablamalardan görünür ki, 2022-ci ildə ölkəyə yüksək dəyərlə əvvəlki illə müqayisədə daha çox kərə yağı, bitki və heyvan mənşəli piylər və yağlar idxal edilmişdir ki, bunun da əsas hissəsi anbarlarda qalmışdır.

Bu ilin yanvar-sentyabr aylarında bitki və heyvan mənşəli yağların idxalında baş verən azalmaları da 2022-ci ildə eyni adda məhsulların idxalındakı ciddi artım ilə əlaqələndirmək olar. Belə ki, 2022-ci ildə ölkəyə rekord həcmdə, 297 milyon 490 min dollar dəyərində 171 min 801 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilmişdir. 2022-ci ildə əvvəlki ilə nisbətən 16 min 194 ton daha çox bitki və heyvan mənşəli piylər və yağlar idxal edilmişdir. Yəni 2023-cü il üçün bir o qədər həcmdə əlavə ehtiyat yığılmışdır. Bu ilin 9 ayı ərzində bitki və heyvan mənşəli yağların idxalında 6 min 420 ton azalma baş vermişdir ki, bu da əvvəlki ildən qalıq qalmış ehtiyatdan 2,5 dəfə çoxdur.

Bu il kərə yağı və süddən hazırlanmış digər yağların idxalının 14,0 faiz azalması da əvvəlki ildə yığılmış ehtiyat yağların hesabına mümkün olmuşdur. Belə ki, 2022-ci ildə əvvəlki ilə nisbətən ölkəyə 3 min 528 ton daha çox kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdir ki, bu da bu ilin 9 ay ərzində idxalda azalan (1977 ton) kərə yağının həcmindən 1 min 551 ton çoxdur. Onu da qeyd etməliyəm ki, hələ də əvvəlki ildən qalmış ehtiyatlar hesabına qarşıdan gələn aylarda bu və başqa adda mallların idxalında azalma baş verə bilər.  

Apardığımız araşdırmalar göstərdi ki, ərzaq idxalı ilə məşğul olan monopolist şirkətlər dünya bazarında baş verən qiymət enmələrini əvvəlcədən proqnozlaşdırmadan ölkəyə böyük həcmdə, aylıq, rüblük və hətta illik təlabatdan daha çox ərzaq məhsulları idxal etmişlər. Həmin məhsulların dünya bazarında ucuzlaşması baş versə də, ixdalçı şirkətlər ehtiyat kimi anbarlara yığdıqları məhsulların satışını yüksək qiymətlə həyata keçirmişlər. Nəticədə dünya bazarında əsas ərzaq məhsulları ciddi ucuzlaşsa da, Azərbaycan istehlakçıları həmin məhsulları əvvəlki qaydada yüksək qiymətə əldə etməli olublar. Bu səbəbdən də dünya bazarında baş verən ucuzlaşmanın Azərbaycanın daxili bazarına təsiri olmamışdır.

Hesab edirəm ki, Azərbaycan hökuməti ərzaq bazarında ciddi qiymət artımlarının qarşısını almaq üçün idxalda mövcud olan monopoliyanı aradan qaldırmalı və bazarda rəqabət mühitinin yaradılmasına çalışmalıdır.

Vahid Məhərrəmov
/astna.biz

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar