“İndi bircə şamla qorunur”: Savaş və bilinməzlik fonunda ruslar falçı və mistiklərə üz tuturlar

12-11-2023, 09:33   


Rusiyanın Krasnoyarsk şəhərində yaşayan 27 yaşlı Alyanın sevgilisini orduya çağırıb Ukraynadakı müharibəyə aparıblar. Sevgilisindən uzaq qalan Alya taro kartlarıyla fala baxmağa başlayıb. Taro kartları Orta Çağdanqalma falabaxma növüdür.


“Əl atmasam da, lap çoxdan taronu öyrənmək istəyirdim. Sevgilim döyüşə gedəndə …başladım. Bu məni sakitləşdirir”, - soyadının çəkilməsini istəməyən Alya belə deyir.


“Kommersant” qəzetinin mart ayında təhlilçilərə dayanaraq dərc etdiyi xəbərdə deyilir ki, “mistik texnologiyalar” kimi mövzularda, o sıradan taro kartları mövzusunda onlayn kurslara yazılanların sayı bir il əvvəlkinə nisbətən 20 dəfə artıb.



“Bəd nəzər və qarğış”dan qorunma kursları?

Məsələn, “Padma” onlayn okkultizm məktəbi “başlanğıcdan cadu elmləri”, “sehr bacarıqları kursu” və "yeni başlayanlar və təcrübəli tələbələr üçün praktik ezoterika dərsləri təklif edir. Hamısı da “canlı dərs və masterklass” formatında. Dördgünlük onlayn seminarların qiyməti 8 min 500 rubldur (92 dollar). “Elara” onlayn mistisizm “akademiyası” isə taro kartları, “şam cadusu”, eləcə də “bəd nəzər və qarğış”dan qorunma kursları təklif edir.


“Bu çətin günlərdə falçılıq və taro kartlarına baxmaq sehrli bir təsəlli üsuluna, problem çözən sehrli həbə çevrilir. Belə zamanlarda insanları cadunun bu qədər özünə çəkməsinin bir səbəbi dəyişən dünyada sabitlik tapmaq istəyidir. Cadu ətraf dünyanın üzərində nəzarət hissi yaradır”, - peterburqlu psixoloq Yelena Osterin sözləridir.


Oster bunu da deyib ki, Rusiyada güvənli və müstəqil informasiya kanallarının olmaması bir çox adamı yanlış internet qaynaqlarına, o cümlədən mistisizm satan səhifələrə yönəldib:


“Bu rəqəmsal dövrdə gerçəkliklə aldanış arasındakı sərhəd silinərkən, tənqidi düşüncə bacarığımız xeyli dərəcədə azalır. Böhran dönəmlərində insanlar gələcəyə inamlarını itirir, sehrsə onlarda talelərinə nəzarət aldanışı yaradır”.

“İzvestiya” qəzetinin ötən ay dərc etdiyi xəbərdə deyilir ki, 2023-cü ildə din və okkultizm mövzularında kitab satışı ciddi ölçüdə artıb. “Ozon” onlayn dükanında taro kartlarının satışı ötən il 36 faiz çoxalıb. İnternetdə get-gedə daha çox falçı və kart oxuyan öz xidmətlərini reklam edir.

“Kommersant” qəzeti iyul ayında Rusiya televiziyasında da “mistik proqramlara” tələbatın çoxaldığını yazıb: “Televiziya kanalları köhnə proqramları yenidən yayımlamağa və yenilərini təqdim etməyə başlayıblar”. “Kommersant”ın istinad etdiyi ekspertlər bu halı cəmiyyətin “baş verənlərin səbəbini” anlamaq istəyinə bağlayıblar.



“İndi şam ərimi qoruyur”

20 yaşlı Pskov sakini Marqarita Yeseninanın əri də orduya çağrılaraq, Ukraynaya göndərilib. Marqarita Moskvada falçıya pul verir ki, ərinin sağ qalmasından ötrü ona şam yandırsın:


“Ərimin döyüş yoldaşı öldürüləndən sonra sağlıq ayini üçün iki dəfə min rubl (11 dollar) vermişəm. Ərim sağ qalıb, ancaq kontuziya alıb. İndi şam onu qoruyur. Uşaqlarımız üçün də eyni ayindən sifariş etmişəm. Mən bu mistikaya inanıram və indi bilirəm ki, ailəmin bütün işləri yaxşı olacaq”.

Rusiya və digər postsovet ölkələrində SSRİ-nin süqutu dövründə və ardınca da belə mistisizm bumu yaşanıb. Dövlət televiziyası Anatoli Kaşpirovski kimi “ekstrassens”lərin iştirakı ilə proqramlar yayımlayıb. 1990-cı illərdə SSRİ-də ən məşhur adamlardan biri olan Kaşpirovski sonradan Rusiya Dövlət Dumasına üzv də seçilib. O, 2009-cu ildə - qlobal maliyyə böhranı zamanı gözlənilmədən televiziyaya qayıdıb.


2017-ci ildə Rusiya Elmlər Akademiyası Rusiyada 800 minədək ekstrasens, loğman və falçı olduğunu bildirib. Müqayisə üçün: Rusiyada həkimlərin toplam sayı, vur-tut, 640 min nəfərdir.


“Sehr düşüncəsinin kökləri əsrlərlə əvvələ gedib çıxır. İdarə edilə bilinməyən olaylarla dolu dünyada ayinlər, cadular, sehrli həmayillərə inanc … nəzarət aldanışı doğurur”, - psixoloq Oster AzadlıqRadiosu-nun “Sever.Realii” xidmətinə belə deyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar