Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin Münhen Təhlükəsizlik Konfransına mesaj göndərir

12-02-2024, 09:53   


Fevralın 16-da başlayacaq Münhen Təhlükəsizlik Konfransı (MTK) ərəfəsində bütün diqqət Rusiya prezidenti Vladimir Putinin FoxNews-un keçmiş aparıcısı Taker Karlson ilə müsahibəsinə yönəlib. Dünya hadisələrinin bu kritik anında Putinin Ukraynaya dair mövqeyi və hadisələrin  gələcək inkişafı ilə bağlı xəyalı beynəlxalq aləmdə rezonans doğurur, Avropanın təhlükəsizliyi, Ukrayna münaqişəsi və Yaxın Şərq böhranı ilə bağlı MTK-da əsas müzakirələrə zəmin hazırlayır.

Putinin müsahibəsi MTK iştirakçıları üçün birinci dərəcəli maraq doğuran iki əsas məsələyə aydınlıq gətirdi: qlobal münaqişənin perspektivi və Ukraynadakı müharibənin trayektoriyası. Putin qlobal təhlükəsizlikdən danışarkən Qərbi birmənalı şəkildə əmin edib ki, əgər Rusiya təcavüzlə üzləşməsə, Şimali Atlantika Alyansının hər hansı üzvünə qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil: “Hər halda, onlar (NATO ölkələri – Red.) bu barədə danışırlar və onlar öz əhalisini xəyali Rusiya təhdidilə qorxutmağa çalışırlar. Bu, məlum həqiqətdir. Və düşünən adamlar belə-belə adamlar deyil, düşünən adamlardır,  analitiklərdir, real siyasətlə məşğul olanlardır, sadəcə, ağıllı adamlardır - bunun feyk olduğunu yaxşı başa düşürlər. Rusiya təhlükəsi şişirdilir".

Lakin o, kəskin xəbərdarlıqla çıxış  edib ki, əgər xarici qoşunlar Ukraynada yerləşdirilərsə, Rusiya NATO ilə münaqişəyə girəcək. Bundan əlavə, Putin bildirib ki, əgər  NATO və ya ABŞ açıq hərbi qarşıdurmaya təhrik edərsə, Rusiya bütün mümkün məhvetmə vasitələrindən istifadə edərək qlobal müharibəyə başlamağa hazır olacaq ki, bu da "bəşəriyyəti çox ciddi, qlobal münaqişə həddinə çatdıracaq".

Putin Ukrayna böhranına keçərək 2022-ci il aprel ayına olan vəziyyət üzrə status-kvo əsasında danışıqları bərpa etməyə hazır olduğuna işarə edib (Ukraynanın əvvəlki diplomatik səylərdən imtina etməsindən irəli gəlib). Qeyd edək ki, o zaman Ukrayna və Rusiya arasında xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrovun martın 10-da Antalyada görüşü və martın 29-da İstanbulda başlayan sonrakı danışıqlar kimi diqqətəlayiq görüşlərlə müşayiət olunan müzakirələr baş tutmuşdu. (Görüş zamanı Ukrayna tərəfi "İstanbul kommünikesi" kimi tanınan saziş layihəsini rusiyalı nümayəndələ təqdim edib. Sənəddə  digər məsələlər arasında Ukrayna konkret təhlükəsizlik zəmanətləri altında qeyri-nüvə ölkəsinin blokdankənar statusuna hazır olub, Krımın mənsubluğu məsələsinin isə 15 il ərzində diplomatiya vasitəsilə həllini təklif edib. Qeyd ki, saziş layihəsi Ukrayna nümayəndələrinin əvvəllər səsləndirdiyi kimi, qoşunların 24 fevral 2022-ci ilə qədərki mövqelərə çəkilməsi tələbini əhatə etməyib). Ancaq mayda bu müzakirələr dalana dirəndi və  Putin bunu Böyük Britaniyanın baş naziri Boris Consonun və ABŞ-ın müdaxiləsilə izah etdi, onları danışıqlara mane olmaqda və münaqişəni uzatmaqda ittiham etdi. Söhbət 9 aprel 2022-ci ildə Consonun Kiyevə səfərindən gedir. O, Zelenskini Rusiyanın müqaviməti halında Qərbin geniş hərbi yardımına inandırdı.

Putinin müsahibəsi onun Ukraynanın gələcəyinə dair baxışına da aydınlıq gətirib. Belə ki, Kiyev antirusiya mövqeyindən əl çəkərsə,  nəzarət edilən ərazilərin geri qaytarılması mümkündür. O,  ukraynalılar və ruslar arasında vətəndaş müharibəsi anlayışını ətraflı izah edib, iki xalq arasındakı tarixi və mədəni əlaqələri qeyd edib və keçmiş münaqişələrdə olduğu kimi, mümkün barışığa işarə edib. Putinə görə, bu 1917-1922-ci illər vətəndaş müharibəsi kimi daxili müharibədir, sonda tərəflər birliyə gəldilər.

Bu diskurs Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın bu yaxınlardakı bəyanatı ilə üst-üstə düşür. Fevralın 8-də o, BBC-yə müsahibəsində Ukraynanın təklif etdiyi "Kopenhagen formatı" çərçivəsində danışıqlar perspektivini rədd edib (24 iyun 2023-cü ildə Kopenhagendə Ukraynanın təşkil etdiyi "sülhün əsas prinsipləri" haqqında  qeyri-formal məsləhətləşmələr keçirilib. Tədbirdə bir çox aparıcı ölkənin nümayəndələri iştirak ediblər.  Görüşdə İtaliya, Böyük Britaniya, Fransa, Kanada, Almaniya və Yaponiya daxil olmaqla, Böyük Yeddilik ölkələrindən baş müşavirlər iştirak ediblər. Məsləhətləşmələrdə həmçinin CAR, Hindistan, Braziliya, Türkiyə və Səudiyyə Ərəbistanının dövlət təhlükəsizlik xidmətlərinin nümayəndələri iştirak ediblər. Onlar prezident Vladimir Zelenskinin sülh formulunu dəstəkləyiblər: müharibənin dayandırılması üçün Rusiya Ukraynanın ərazi bütövlüyünü təsdiqləməli, qoşunları Ukrayna ərazisindən çıxarmalı və müharibənin vurduğu ziyana görə kompensasiya ödəməlidir).

"Əgər onlar sizə desələr ki, mahiyyətcə NATO-nun ultimatumu sayılan Kopenhagen formatı çərçivəsində danışıqlara hazırdırlar, bu, bizim üçün qəbuledilməzdir. Əsl danışıqlar nə vaxt başlasa, gec və ya tez cəbhədəki vəziyyət nəzərə alınmaqla aparılacaq", - Nebenzya BBC-yə müsahibəsində deyib.

Nebenzyanın fikirləri Rusiyanın cari hərbi vəziyyəti əks etdirən danışıqların aparılmasında israrlı olduğunu önə çəkib ki, bu da nizamlanmanın diplomatik yolları ilə bağlı əlavə qeyri-müəyyənlik yaradır.

Ukraynadakı münaqişə mövqe müharibəsi ilə xarakterizə olunan yeni mərhələyə keçdiyi üçün sülh danışıqlarına ehtiyac getdikcə aktuallaşır.

Hərbi hesabatlar daha çox statik döyüş meydanına keçidə işarə edir, bu da uzun sürən böhrana son qoymaq üçün diplomatik həll yollarına diqqətin yenidən yönəldilməsinə səbəb olur.

Amerikalı iqtisadçı Ceffri Saks “ Judging Freedom” adlı YouTube kanalına verdiyi son müsahibədə Ukraynanın Rusiya ilə sülh danışıqlarında iştirakına ciddi zərurət olduğunu vurğulayıb.

Saks münaqişənin Ukrayna cəmiyyətinə dağıdıcı təsirindən danışaraq ərazi dəyişiklikləri və milyonlarla ukraynalının öz vətənlərini tərk edərək kütləvi qaçışı ilə daha da kəskinləşən demoqrafik tənəzzülü qeyd edib.

Onun qiymətləndirməsi təhlükədə olan, təkcə fiziki yox, həm də əhalisinin və unikallığının köklü məhvi ilə üz-üzə olan bir xalqın acınacaqlı mənzərəsini təsvir edir.

Bunun əksinə olaraq, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner Vaşinqtonun Moskvanı Kiyev üçün əlverişli şərtlərlə danışıqlara məcbur etmək məqsədi daşıyan strategiyasını formalaşdırıb.

Ötən ilin dekabrında Aspen İnstitutunun forumunda çıxış edən Fayner Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq norma və prinsiplərdən, xüsusən də BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərdən istifadə etməyə yönəlmiş aktiv yanaşmanı ortaya qoyub.

Bu mövqe çoxtərəfli diplomatiya çərçivəsində Ukraynanın maraqlarını müdafiə etmək istəyini əks etdirir.

Bu müxtəlif perspektivlər Ukraynada sülh axtarışlarının mürəkkəb dinamikasını əks etdirir.

Bir tərəfdən, Ukraynanın ağır vəziyyətinin tanınması və dialoq və danışıqlar yolu ilə zorakılığın dağıdıcı dövrünün dayandırılmasına ciddi ehtiyac var.

Digər tərəfdən, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayan, Moskvadan güzəştlərin əldə edilməsi üçün beynəlxalq təzyiqləri artırmağa yönəlmiş strateji hesablama var.

Bu rəqabətli maraqları və narrativləri idarə etmək həm siyasətçilər, həm də diplomatlar üçün mürəkkəb məsələdir.

Qarşıda duran vəzifə sülh və barışığa doğru əlverişli yol açmaq üçün bu fərqli baxışlar arasında uçurumu aradan qaldırmağı nəzərdə tutur.

Nəticə

Putinin Taker Karlsona müsahibəsi Münhen Təhlükəsizlik Konfransı ərəfəsində qlobal təhlükəsizlik və Ukrayna böhranı ilə bağlı Rusiyanın mövqeyi barədə təəssürat yaradır.  Nəticədə Putinin fikirləri Ukraynada böhranın yoluna qoyulması üçün dialoqa  və kompromis axtarışına hazır olduğunu göstərir. MTK yaxınlaşdıqca beynəlxalq birlik Rusiyanın hərəkətlərini və ritorikasını diqqətlə öyrənəcək, regional təhlükəsizlik və sabitlik trayektoriyasının formalaşmasında onun mühüm rol oynadığını tanıyacaq.

Mehman Əliyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar