Akademik Ramiz Mehdiyevin “kandidat” namizədi və ya...

5-03-2024, 10:07   




Akademik Ramiz Mehdiyevin “kandidat” namizədi və ya









Bakı Dövlət Universitetinə rektor "təyin olunan” Elçin Babayevin bu günlərdə rektor kimi fəaliyyətinin 5 ili tamam olur. 5 ili cumhuriyyet.az olaraq ona görə xatırladırıq ki, bütün kollektiv bu 5 ilin tamamını böyük intizarla, həyəcan və səbirsizliklə gözləyir.  2018-ci il dekabrın 10-da prezident İlham Əliyev "Təhsil haqqında” qanunun tətbiqi barədə 5 sentyabr 2009-cu il fərmanı yeniləyərək əlavə etdi ki,  dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək və yeni müddəa 10 dekabr 2018-ci ildən sonra həyata keçirilən təyinatlara şamil olunur.  Universitet kollektivi də həsrətlə bu 5 ilin tamamını gözləyir-2024-cü il martın 11-də elmlər namizədi, yarımçıq alim və "müəllim”,  ancaq pis xatirələrlə yaddaşlara yazılan Elçin Babayevin "rektorluq” fəaliyyətinin 5 ili tamam olur.  Nəhayət, olacaqmı? Yoxsa yenə Elm fondundan oğurlayıb  verdiyi kimi BDU-nun "təmirindən” oğurladığı puldan 3 milyon ödəyib yerində qalacaq?

Bakı  Dövlət Universitetinin özünəməxsus ənənələri var, məsələn, yubiley tədbirlərində universitetin tarixində izi olan görkəmli şəxsiyyətlərin adı hörmətlə çəkilər,  onların şəkli nümayiş etdirilər. Ancaq BDU-nun 100 illik yubiley tədbirində nə üçünsə professor Mir Cəlal Paşayev də daxil olmaqla bir neçə görkəmli alimin  adı çəkilmədi. Görəsən niyə?  Və yaxud,  nə vaxt dövlət başçısı Universitetə gəlibsə, rektor onun  yanında əyləşib. Ancaq 2019-cu ildə keçirilmiş 100 illik yubiley tədbirində belə  olmadı. Rektor Elçin Babayev ölkə Prezidentinin yox, AMEA-nın prezidenti Ramiz Mehdiyevin yanında oturmağı seçdi. Görəsən niyə? Bunun səbəbi bilinir. Çünki bizim rektorumuz "etibarlıdır”, "çörək itirən” deyil, onu vəzifəyə qoyduran adama başqa nə cür "sədaqətini” nümayiş etdirə bilərdi? Rektor olmaq üçün AMEA-nın Fizika institutunun direktoru Nazim Məmmədovun vasitəçiliyi ilə pul ötürdüyü Ramiz Mehdiyevə özünü indiyədək borclu sayır. Demə, pulun bir hissəsi "boz kardinala” çatmayıb deyə, Elçin Babayev xəcalətli qalıb, ona görə indi belə-belə yarınmalarla günahını yumaq istəyirmiş.

"Vaqeə” isə başlayıb 2018-ci ilin sonlarında-Abel Məhərrəmov rektor vəzifəsindən uzaqlaşdırılandan sonra rektor vəzifəsi uğrunda başlayan marafon yürüşü ilə. 2019-cu ilin əvvəllərində o zamanlar Elçin Babayevin rəhbərlik etdiyi "Elmin İnkişafı Fondu” tərəfindən Fizika institunun direktoru Nazim Məmmədova birdən-birə 3 milyon manat mükafat verildi. Görəsən bu fond tərəfindən "hamıya” ən çoxu 10-15, müstəsna hallarda 30-40 min manat qrant verildiyi halda indiyədək "bir abbası” qrant almayan "kəllə” Nazim Məmmədov hansı "Eynşteynlik” etdi ki, birdən-birə Nobel mükafatı həcmində qrant aldı? "Ayrılan vəsaitin” hamısının çatmadığını Ramiz Mehdiyev  Akademiyaya Prezident gələndən sonra bilib və cumhuriyyet.az-a daxil olan məlumata görə o vaxt AMEA-nın Fizika institutunda baş verənlər, Nazim Məmmədovun vəzifədən çıxarılması, yerinə yeni təyinat, başqa yoxlamalar və s. bununla əlaqədar oldu.  Çünki Ramiz Mehdiyevin "xəyanətkar” Elçin Babayevə "əli çatmırdı”, vasitəçi Nazim Məmmədovu cəzalandırırdı. Milli Məclisin deputatı, ixtisasca fizik olan Etibar Əliyev respublika mətbuatında bu barədə belə yazmışdı: "Vaxtilə mən bu institutdakı maxinasiyalar barədə yazmışam. Təcili Fizika İnstitutuna "Elmin İnkişafı Fondu”ndan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır. Birinin məbləği 3.000.000 manat idi…”  İndi bu "3 milyonluq” rektor kal armud olub, keçib camaatın boğazına, nə alimdir, nə ömrü boyu bir dəfə dərs deyib, nə də idarəçilik bacarıqları var…

Elçin Babayev uzun illər Elmin İnkişafı fondunda əyri işlər görməklə məşğul olmuşdur. Ramiz Mehdiyevə məxsus BTB bankın binasının 7-ci mərtəbəsini yüksək qiymətə icarəyə götürərək orada eyş-işrət məclisləri quran, bu gün də "gözündən buraxmaq istəmədiyi”, nəzarətdə saxladığı Elmin İnkişafı fondu elə bil Elçin Babayevin şəxsi əmlakı, dədə-babadan qalan mirasıdır. Belə olmasaydı, 10 il ərzində heç bir nəticəsi olmadan xərclənən 70 milyon pulu ürəyi istədiyi adamlara "bəxş etməzdi”. Belə olmasaydı, həmin pulların böyük bir qismi də Ramiz Mehdiyevin xanımının kafedra müdiri olduğu BDU-nun Hesablama riyaziyyatı kafedrasına yönəlməzdi. Belə olmasaydı, ölkədə bu qədər akademik, professor ola-ola bu gün Elmin İnkişafı Fonduna 33 yaşı olanda "birtəhər” namizədlik işi "müdafiə edən”(ölkədə 30 yaşınadək doktorluq müdafiə edən yüzədək alim var), həmin kafedranın  baş laborantı Mehriban  İmanova rəhbərlik etməzdi. Deməli, kim deyirsə ki, Ramiz Mehdiyev idarəetmədən uzaqlaşdlırılıb, demək o şəxs ölkədə baş verən hadisələrdən xəbərsizdir. O adam onu da  bilmir ki, bu il yanvarın 28-də Elçin Babayev Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanı təbrik etmək üçün axşam hava qaralandan sonra bahalı hədiyyə ilə onun bağına gedib.

Rektorluq fəaliyyətinin elə ilk ayında əvvəllər Naxçıvan aeroportunda polis nəfəri kimi fəaliyyət göstərmiş və biabırçılıqla  polis sıralarından qovulmuş yeznəsi Fikrət Heydərovu özünə müşavir gətirdi. Davranışları heç bir əxlaq normasına sığmayan bacısının həyat yoldaşı Fikrət də elə bilirdi ki, universitetin tələbə qızları ona görə belə geyinib-keçinirlər və belə yaraşıqlıdırlar. Təcili kabinetinə divan qoydurdu. Özünü universitetdən daha çox Avropanın bəzi şəhərlərində olan "qırmızı fənərlər küçəsində” hiss edən bu şəxs Braziliya seriallarının çəkiliş meydanlarını xatırladan kabinetində hər gün Azərbaycan elminin "inkişafı” naminə yeni bir "divan ədəbiyyatı” yaratmağa başladı. Bu səs-küy dəfələrlə Elçin Babayevin qulağına çatsa da, özü də bu yolun yolçusu olduğuna görə "kişi belə edər də” deyərək bu yaramazlıqlara göz yumdu. Ancaq yataqxanada iki zavallı qızın ölümü ilə nəticələnən məşhur "qazsızması” hadisəsindən sonra məlum oldu ki, Fikrət Heydərov "yarınmaq” üçün tələbələrin otağına kustar üsulla, ancaq təcili kombi qoydurub, qaz borusundan sızan qaz isə uşaqların həyatına son qoyub və yalnız bundan sonra Fikrət Heydərov vəzifəsindən kənarlaşdırıldı.  Ancaq yeznəsini bu kriminal problemdən qurtarmaq üçün Elçin Babayev mətbuatda qızların guya yeməkdən zəhərlənmələri barədə saxta məlumatlar verdi.

Elə həmin vaxtlarda yataqxanalara "meyli güclənən” Elçin Babayev əvvəllər Türk liseyi yerləşən binanı əsaslı təmir etmək adı ilə kosmetik təmir işlərinə başladı və 2019-cu ilin sentyabrında Təhsil nazirinin iştirakı ilə bu təmir edilən binanın açılışı lentini kəsdilər. Maliyyə sənədlərində isə Satınalma sənədlərinin 2020-ci ildə baş tutması göstərilir. Bu da Satınalmalar haqqında qanunun 445-1 maddəsinin 445-1.4.2 və 445-1.7 bəndlərinin kobudcasına pozulmasıdır.  Təxmini hesablamalara görə həmin yataqxananın kosmetik təmiri( əslində başqa heç bir əsaslı iş görülməyib, divarlar, pilləkənlər, bünövrə olduğu kimi qalıb) ən çoxu 800 min manata başa gələ bilərdi, ancaq Elçin Babayev həmin işə nə az, nə azacıq 4,5 milyon manat pul sildirib. Halbuki, həmin pula iki elə yataqxana tikmək olardı. Bununla da  Elçin Babayevin təmir işlərini görüb qurtardıqdan sonra onların sənədləşdirilməsi, tender, satınalma maxinasiyalarına start verildi. Pandemiya dövrü bitər-bitməz heç bir əsas olmadan 2 saylı tədris binasının əsaslı təmirinə başlanıldı və 2023-cü ildə bu 6-7 ay tələbələri, müəllimləri küçələrdə, onun-bunun qapısında qalan "qara taleli” bina təmir edilib qurtardı. Hamının təsdiq etdiyi kimi əsaslı heç bir dəyişiklik olmadığı halda bu "əldəqayrılma” təmirə 12 milyon manatdan artıq pul xərcləndi. Halbuki, bu təmirin maya dəyəri ən yaxşı halda 2-3 milyon manat ola bilərdi. Yenə də tender və satınalma sənədləri təmirdən sonra hazırlandı. Görəsən niyə??? Görəsən indi BDU-da "araşdırmalar” aparan Hesablama palatası bu dələduzluqları qeydə alacaqmı?

Heç bir ehtiyac olmadığı halda 2023-cü ilin oktyabrında qazanxana sistemini təmir etmək adı altında universitetin müəllimlərinin əmək haqqından kəsərək (bu gün BDU-nun müəllimləri respublika ali məktəbləri arasında ən az əmək haqqı alan universitetlər sırasındadır, halbuki, təhsil haqqının yüksəkliyinə görə isə  BDU birinci üçlükdədir) 2 milyondan artıq vəsaiti qazanxada "çıxdaş” etdi. 2024-cü ilin yanvar ayına kimi auditoriyaların əksəriyyəti istiliksiz qaldı, tələbələrin xeyli hissəsi müxtəlif yoluxucu xəstəliklərə tutuldu, dərslərdə palto, papaqla oturmaq adi hala çevrildi, universitetdə "ya isti ver, ya istefa” yazılmış vərəqələr paylandı, cənab Babayev isə düzgün nəticə çıxarmaq, istilik ya da istefa vermək əvəzinə, bu vərəqələri yayan tələbələrin "ovuna çıxdı”.

Satınalma haqqında qanunun tələbləri bir daha heç bir zərurət olmadığı halda universitetə 6 ədəd bahalı avtomobilin alınması zamanı pozuldu. Salonda hər birinin qiyməti 51 min manat olan avtomobillərə müəllimlərin "boğazından kəsərək” 300 min manatdan çox pul xərcləməyi bir yana, bu avtomobilləri 72 min manata qeydiyyatdan keçirilmişdir.  Hazırda bu avtomobillərdən ikisi yalnız rektorun ailəsinə xidmət edir. Valideynlərin təhsilə ödədikləri vəsaitin hansı çətinliklərlə əmələ gəldiyini bilməyən Elçin Babayev qəpik-qəpik yığılan bu pulu sağa-sola, hara gəldi xərcləyir.  Bir soruşan varmı ki, sənə bu haqqı kim verib?

Bu kimi maliyyə pozuntularını "araşdırılması” üçün hazırda universitetdə Hesablama palatası tərəfindən yoxlama aparılır. Amma Hesablama palatası doğrudanmı yoxlama aparır? Universitetin dəhlizlərində gəzən söhbətlərdən məlum olur ki, Hesablama palatası Elçin Babayevin maliyyə fırıldaqlarını ört-basdır etmək məqsədilə ondan lazım olan məbləği alıbdır və 5 illik pozğuntulara baxmayaraq Elçin Babayevi "sudan quru çıxaracaqlar”.

Bir maraqlı məqam da var ki, bir müddət pandemiya düşdü aralığa, dərslər olmadı. Yoxsa Bakı Dövlət Universitetində tələbə qalmazdı… Dərslər keçirilən vaxtlarda hərəsi ayrı düşüncədə, ayrı tərbiyədə olan 20 mindən artıq tələbənin şıltaqlıqları adi hal olur. Mexanika-riyaziyyat fakültəsinin birinci kurs tələbəsi, artıq məşhurlaşmış  yazıq Pərvizin etdiyi hərəkətlərdən, uşaq dəcəlliyindən auditoriyalarda gündə on-on beşi olurdu. Bu 16-17 yaşlı uşaq cəbhədəki qələbələrdən fərəhlənib, ya nə hiss keçiribsə, qələbə bayrağını başına bağlayıb. Nə olsun? Bu ağılda olan tələbələri islah etmək, səhvini başa salmaq, gələcəyin vətəndaşını bir az da kamilləşdirmək, yoxsa "gözünü çıxardıb” bayrağa, vətənə, universitetə qəzəb hissləri formalaşdırmaq lazımdır, Elçin müəllim??? Özü də torpaq uğrunda, bayraq uğrunda Vətən müharibəsi  getdiyi günlərdə, pandemiyanın tüğyan etdiyi məqamlarda… Elçin Babayev bu uşağı universitetdən qovmağıyla, sonra isə bərpa etməyiylə tədris prosesindən, tələbə dünyasından uzaq olduğunu bir daha sübut etdi… 2020-ci ilin noyabrın 23-də xaric etdiyi tələbəni  dekabrın 1-də bərpa etdi. Təhsil haqqında qanunda isə yazılıb ki, tələbə xaric edildikdən ən tezi bir il sonra bərpa edilə bilər. Əgər belədirsə, bir həftədən sonra bərpa nə deməkdir? Əgər doğrudan da, böyük günahı yox idisə, bərpa etmək üçün nəsə bir əsas var idisə, onu niyə qovdunuz? Pərvizin etdikləri bağışlanılmaz günah idisə, bəs niyə bərpa etdiniz?

Böyük bir universitetə rəhbərlik edən adamın puldan başqa heç bir duyğusu yoxdursa, Şamaxıda ulduzlara tamaşa edə-edə elm ulduzlarının parlaqlığından gözləri qamaşırsa, xırdaçılıq, cılız intriqalar öyrənirsə, daim intiqam hissi ilə yaşayırsa universitetin günahı nədir ki, 100 yaşında ona  münəccim rəhbər qismət olub??? Bu münəccim də ancaq göydəki vəziyyəti bilir, yerdə tələbə qıza şakolad verib "maç” etmək olar, ya yox, başına bayraq bağlayan tələbəni qovmaq olar, ya yox, dünya şöhrətli Xalq yazıçısı, Vətən müharibəsi günlərində sinəsini qabağa verib Moskvanın subyektiv verilişlərində Azərbaycan həqiqətlərini hayqıran Çingiz Abdullayev universitetə görüşə gələndə onu təhqir etmək olar, ya yox, bunları bilmir…

Elçin Babayevin altdan-altdan gördüyü işlər, uğursuz kadr islahatları, naşılıqla oynadığı "oyunlar” Bakı Dövlət Universitetində  dərin konfliktlər, inamsızlıqlar yaradıb. Bunu təbii də saymaq olar: 20 akademikin, 300 elmlər doktoru, professorun çalışdığı bir müəssisəyə  yarımçıq elmlər namizədi başçılıq edəndə belə də olmalıdır. 100 il bundan əvvəl Universitet yarananda ona rektorluq etməyə Rusiyadan professor Razumovskini gətirmişdilər ki, belə müəssisənin rəhbəri sanballı adam olmalıdır. Tariximizin ən çətin məqamlarında, alimlərin barmaqla sayıldığı illərdə Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Cəfər Xəndan kimi akademiklərin, professorların  rektorluq etdiyi bir məbədgaha XXI əsrdə elmlər namizədi rəhbərlik etməlidir? Elmlər namizədi  akademikləri, professorları qabağına yığıb onlara elmdən, təhsildən dərs deməlidir, onları öyrətməlidir? Səviyyə özünü hər yerdə göstərir: bir də görürsən, YUNESKO-nu dövlət kimi təqdim edir, rəsmi dövlət tədbirində deyir ki, "söhbət sosiskada deyil, söhbət vinimatelni olmaqdadır”, "Məşdibad demişkən, mən tarixi-Nadiri yarısına qədər(?!) oxumuşam”, yaxud Yaponiyanın ölkəmizdəki səfirinə 500 nəfərlik zaldakı rəsmi görüşdə  müraciət etdi ki, ”daha nə var, nə yox?”,ay tərcüməçi,  tərcümə eləyin görüm, səfir  cavab verə bilir, ya yox?  Böyük Elmi Şuranın genişləndirilmiş iclasında universitetin ən nüfuzlu qurumlarından biri olan Elmi kitabxana haqda danışarkən güya zarafat edib orada çalışan 100-dən çox xanımı təhqirlə dedi ki, "Mən bilmirəm bura kitabxanadır, yoxsa nə…xana?” Ya da ki, tanınmış fizik, təcrübəli pedaqoq olan bir müəlliminin dərsinə girib, 100 nəfərlik auditoriyada tələbələrə müraciət edib ki, "bunun (professoru nəzərdə tutub) danışığından bir şey başa düşürsüz? Mən tələbə olanda heç nə qanmazdım”. Bu təhqiri zarafat hesab etsə də, özünə vaxtı ilə dərs demiş ağsaqqal müəllim bərk əsəbləşib,  auditoriyadan çıxıb, pərt bir vəziyyət yaranıb. Guya "zarafatcıl oğlan” olan bu adam rəsmi tədbirlə, rəsmi məkanla  qeyri-rəsmi görüşləri  fərqləndirə bilmir. Elə həmin zarafatla da universitetə "yoldan keçənləri” gətirib başda otuzdurub ki, zarafatı lap duzlu olsun. Bəs necə? Siyahıya baxın: Prorektor Əliş Ağamirzəyev (özəl nəşriyyat əməkdaşı), Müşavir Mirzə Mirzəyev(Qaradağ rayon Maliyyə İdarəsinin rəisi), Tədris idarəsinin rəisi  Elçin Məmmədov (Metropoliten əməkdaşı), Həmkarlar Komitəsinin sədri Rəşad Cabbarov(Azərseldə telefon meneceri), Köməkçi-Ümumi şöbənin müdiri Ləman Hüseynbəyli (Elm fondundan …). Heç birinin də elmi adı, elmi dərəcəsi yoxdur. Gəlib akademiklərə yol göstərirlər. Bilmirlər ki, bu ”zarafatcıl oğlan” onları gətirib ki, özü "hündür” görünsün. Yazıq akademiklər, professorlar da çaş-baş qalıb: bu adam böyük bir təşkilatın rəhbəri olan dövlət məmurudur, yoxsa parodiya ustası?

Bazara çevirdiyi universitetdə semestr imtahanlarına da yeni qiymətlər qoyan Elçin Babayev əlavə təhsilə qəbulun "qara bazar” qiymətlərini də bir neçə dəfə artırıb, əvvəllər bura 6-7 minə daxil olmaq mümkün idisə, indi bu "məzənnə” fakültələrdən asılı olaraq 30-50 min manat arasındadır.

Bütün bu səbəblərdəndir ki, BDU son illərdə reytinqini xeyli itirmiş, 1980-ci illərin, 90-cı illərin əvvəllərində olan vəziyyət əmələ gəlmiş, "beyin axını” surətlənmiş,  universitetdən digər ali məktəblərə, xarici ölkələrə çıxıb gedən müəllimlərin sayı xeyli artmışdır. 2018-ci ildə dünya universitetlərinin reytinq cədvəlində birinci beşyüzlükdə olan BDU indi heç minlikdə də deyil. İndi xalq arasında onun adı Bakı Dövlət Universiteti yox, Bakı Dövlət texnikumu, Bakı Dövlət sirki kimi adlanır.

Sirkin bədii rəhbərinin 5 ili tamam olur. Bəlkə bu barədə düşünməyə dəyər…(cumhuriyyet.az)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.