Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Göygöldə odun yığmağa göndərilən əsgər qayadan yıxılıb ölüb

6-03-2024, 09:08   



Göygöldəki hərbi hissələrin birində xidmət edən əsgərlər dağlıq ərazidəki meşədə odun toplayıb daşıyarkən qayadan yıxılıblar. Əsgərlərdən biri - boynu sınan, mədəaltı vəzi və dalağı cırılan 19 yaşlı Asəf Əzməmmədov oradaca yaşamını itirib.

A.Əzməmmədovun ölümündən az sonra atası Lazım Əzməmmədov da ürəktutmasından dünyasını dəyişib.

Qısa müddətdə həm oğlunu, həm də həyat yoldaşını itirən Nərgiz Əzməmmədova mənəvi ziyana görə kompensasiya tələbi ilə məhkəməyə üz tutub. O, həm Müdafiə Nazirliyinə, həm də Maliyyə Nazirliyinə qarşı iddia qaldırıb.

Əsgərlərin qayadan yıxılıb xəsarət almasına və birinin ölümünə görə hərbi hissənin istehkam bölüyünün komandiri və daha bir səlahiyyətlisi cinayət məsuliyyətinə cəlb olunub. Onlar həbs edilməyiblər, hər birinə Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə 5 il şərti cəza verilib.



"Canlı ölü kimiyəm..."

"Yoldaşım dözə bilmədi, ürəyi partladı. İndi həm oğlumun, həm də yoldaşımın dərdini çəkirəm. Bir ana üçün övladını itirməyin əzabını sözlə ifadə eləmək mümkün deyil. Bu dərdi bölüşdüyüm yoldaşım da getdi. Canlı ölü kimiyəm. Bəzən səhərə qədər yata bilmirəm...", - məhkəmədə mənəvi ziyana görə təzminat tələbini əsaslandırarkən N.Əzməmmədovanın dilə gətirdiyi sözlərdir.

Maliyyə Nazirliyi məhkəməyə etiraz məktubu göndərib və bu işdə cavabdehlik daşımadığını vurğulayıb. Məktubda bildirilib ki, Müdafiə Nazirliyi və hadisəyə görə məsuliyyət daşıyan adamlar təqsirkar sayılmalıdır. Kompensasiya tələbi də Müdafiə Nazirliyinə, ya da həmin şəxslərə yönəlməlidir.

Müdafiə Nazirliyinin nə nümayəndəsi məhkəməyə gəlib, nə də oradan hər hansı yazılı bilgi göndərilib.



Təzminatı Maliyyə Nazirliyi ödəyəcək

Qobustan rayon sakini olan N.Əzməmmədova bildirib ki, hərbi xidmətə yolladığı sağlam övladını məsuliyyətsizlik üzündən itirib. Ana bu səbəbdən mənəvi ziyanın əvəzi olaraq dövlətdən 50 min manat təzminat tələb edib.

Məhkəmə qərar verib ki, A.Əzməmmədovun qayadan yıxılıb ölməsinə görə dövlət onun anasına təzminat ödəməlidir. Amma məhkəmə təzminat məbləğini 40 min manat müəyyənləşdirib. Bu vəsaiti Maliyyə Nazirliyi ödəməlidir.

"Məhkəmə hesab edir ki, vurulmuş zərər dövlət büdcəsi hesabına ödənilməlidir. Dövlətin maliyyə ilə bağlı səlahiyyətlərini isə Maliyyə Nazirliyi həyata keçirir. Nərgiz Əzməmmədovaya, onun oğluna qarşı qanunsuz hərəkətlər Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən törədilsə də, hazırkı iddia üzrə Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda, zərərin əvəzi dövlət büdcəsi hesabına Maliyyə Nazirliyindən tutulmalıdır", - məhkəmənin qərarı belə olub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar