Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda 165 ailə dövlətə və Zahid Oruca təşəkkür etdi

14-03-2024, 09:23   







Paytaxtın Yeni Günəşli ərazisində yerləşən "Sahil  - S İnşaat" MTK-dan mənzil alan 165 ailə üzləşdikləri dələduzluqla bağlı son illərdə döymədikləri qapı, müraciət etmədikləri ünvan qalmamışdı. Onlar şirkət sahibləri tərəfindən aldadılmış, fırıldağın qurbanı olmuş, işləri yarımçıq qalmışdı. Lakin bu müddət ərzində 165 ailəyə sahib çıxan, onların hüquqlarının bərpasında, tikintisi yarımçıq qalan binanın inşasının tamamlanması üçün müvafiq tapşırıqlar verilməsində dəstək olan əlahiddə şəxslər və orqanlar oldu. Ona görə də 165 ailə həmin qurumları və şəxsləri xüsusi qiymətləndirir. Təbii ki, vətəndaşların haqq səsinin eşidilməsində ilk növbədə Prezident İlham Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərləri öndə gəlirlər. İndiyə qədər də sözügedən ünvandakı binanın məsələsi, vətəndaşların problemlərinin həlli birbaşa Prezidentin nəzarətindədir. Amma bununla yanaşı, 165 ailənin haqlarının qorunması, daim diqqətdə saxlanması və yarımçıq qalan məsələlərin həllində daha bir müstəsna şəxsin danılmaz rolu, fədakarlığı və əməyi olub. Ona görə də bu şəxsi dəyərləndirməmək onun əməyini yerə vurmaq, haqsızlıq olardı. Söhbət Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucdan gedir. Hər zaman həm seçicilərin, həm seçicisi olmayan bütün vətəndaşların problemlərinin ictimailəşməsində iştirak edən, parlamentdə qaldıran, onların həllində vasitəçi olan, gücü çatan səviyyədə dəstək verən Zahid Orucun dələduzluğun qurbanı olmuş 165 ailənin problemlərinin həllində də əvəzsiz xidmətləri olub. Bu səbəbdən 165 ailə Anaxeber.info vasitəsi ilə Zahid Oruca təşəkkür ünvanlayıb və onların məsələsinin daim diqqətdə saxlanmasına, dövlət rəhbərliyinə çatdırılmasına görə göstərdiyi yardımla bağlı millət vəkilinə minnətdarlıq edib. 165 ailənin ünvanladığı təşəkkür məktubunda qeyd olunub ki, millət vəkili Zahid Oruc onların üzləşdiyi qanunsuzluqla əlaqədar operativ və ətraflı şəkildə ölkə rəhbərliyini məlumatlandırıb, sakinlərin problemlərini davamlı olaraq diqqətdə saxlayıb, binanın tikintisinin davam etməsi, kommunal infrastrukturunun qurulması üçün aidiyyatı orqanlara müraciət edib, vətəndaşların dərdinə şərik çıxıb, onların probleminə şəxsi məsələsi kimi yanaşıb. Sakinlər qeyd edirlər ki, STM sədri, deputat Zahid Oruc 165 ailənin üzünün gülməsində böyük pay sahibidir: "Sözsüz ki, başda cənab Prezident olmaqla dövlətimiz hər zaman yanımızda olub, bu məsələni nəzarətdə saxlayıb, aidiyyatı qurumlara tapşırıqlar verilib. Eyni zamanda xüsusi vurğulamaq lazımdır ki, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi rəhbərliyi biz sakinlərin probleminə həmişə böyük ürək qızdırıb. Bütün bu məsələlərin həllində isə hörmətli Zahid Orucun da xidmətləri, bizə diqqəti və böyük enerji ilə işimizlə maraqlanması heç zaman unudula bilməz. Onun 165 ailənin məsələsini bu müddət ərzində bir gün də olsun arxa plana keçirməməsi həm də alicənablığının, nəcibliyinin, insansevərliyinin nəticəsidir. Zahid müəllim bizim üzləşdiyimiz problemi öz ailəsinin məsələsi kimi gördü. O, bir ailə başçısı, bir ata kimi baş verənlərə yanaşdı, təkcə millət vəkili olaraq deyil. Zahid müəllim hiss edirdi ki, illərlə öz zəhməti hesabına qəpik-qəpik pul yığıb mənzil alan, ailələrini sevindirən, kirayədən xilas olmaq istəyən, övladlarını güldürən ailə başçılarının arzusu ürəyində qalıb, bir günün içində əksəriyyəti hansı özbaşınalıqla qarşılaşıblar. Bunu çox gözəl dərk etdiyi üçün də bizim problemimizə böyük diqqət ayırdı, bizimlə birgə mübarizə apardı, bizimlə birlikdə çırmanaraq ədalətsizliyə son qoyulmasında iştirak etdi. Onun bu dəstəyi və ölkə başçımızın göstərdiyi diqqət  sayəsində bu gün bir çox çətinliklər geridə qalıb. Ona görə də 165 ailə adından həm cənab İlham Əliyevə, həm də hörmətli Zahid Oruca  təşəkkür edirik. Onlar Sizi var eləsin!"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar