Boris Nadejdinin yerli qərargahının rəhbəri Dmitri Rumyantsevin Kazanda saxlandığı deyilir.
Rusiyada martın 16-da prezident seçkilərində səsvermənin ikinci günüdür.
Martın 16-da səhər Yekaterinburqda və Krasnoyarsk diyarında bülletenləri boya və “zelyonka” adlanan məhlulla korlamağa daha iki cəhd olub.
Martın 15-də - səsvermənin ilk günündə isə müxtəlif rayonlarda ən azı on iki bülletenin seçki qutularında rəngləndirici mayelərlə zədələnməsi faktı qeydə alınıb: seçicilər qutulara boya, mürəkkəb və ya “zelyonka” adlanan məhlul töküblər. Bundan əlavə, seçki məntəqələrində ən azı yeddi yanğın hadisəsi baş verib. Bir neçə cinayət işi başlanıb.
Martın 15-də ayrı-ayrı rayonlarda məsafədən elektron səsvermə prosesində fasilələr də yaranıb. Media və teleqram kanalları seçicilərin işəgötürənlərə “hesabat verməsi” ilə bağlı çoxsaylı hallar barədə məlumatlar yayıblar.
MSK-nın məlumatına görə, martın 16-da Moskva vaxtı ilə saat 10:00-a qədər məsafədən elektron səsvermə də nəzərə alınmaqla, Rusiya prezident seçkilərində seçicilərin fəallığı 38,35%-ə çatıb.
2000-ci ildən Rusiyaya rəhbərlik edən Vladimir Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürür.
Onun seçkidə üç rəqibi var – Liberal-Demokrat Partiyasından Leonid Slutski, Dövlət Dumasının spiker müavini Vladislav Davankov və Dumanın Kommunist Partiyasından üzvü Nikolay Xaritonov. Bu şəxslərin siyasi mövqeyi Putinkindən, demək olar, fərqlənmir.
NADEJDİNİN QƏRARGAH RƏİSİ SAXLANIB
Müharibəyə qarşı çıxan 60 yaşlı siyasətçi Boris Nadejdinin namizədliyi ötən ay Mərkəzi Seçki Komissiyası tərəfindən rədd olunub. Onun namizədliyinin qeydiyyata alınması üçün verilən imzaların bir qisminin etibarsız olduğu bildirilir. Ali Məhkəmə MSK-nın qərarını qüvvədə saxlayıb.
Azadlıq Radiosunun Rusiya xidmətinin yazdığına görə, martın 15-də gecə saatlarında Kazanda Boris Nadejdinin yerli qərargahının rəhbəri Dmitri Rumyantsev saxlanılıb.
Tərəfdarlarının verdiyi məlumata görə, qərargahdan çıxarkən Rumyantsev ekstremizmlə mübarizə üzrə polis şöbəsinin dörd əməkdaşı tərəfindən mühasirəyə alınıb və naməlum istiqamətə aparılıb. Sonradan onun polis şöbəsində olduğu məlum olub. Başqa detallar məlum deyil.
Rusiyada prezident seçkilərində səsvermə martın 15-dən 17-dək keçiriləcək. Seçkinin nəticəsinin martın 18-də elan ediləcəyi gözlənilir.
Müstəqil müşahidəçilər və ekspertlər Rusiyadakı seçkiləri qeyri-azad və ədalətsiz qiymətləndirirlər. Bildirilir ki, hakimiyyət seçki prosesinə müdaxilə edir, iqtidaryönlü namizədlərə üstünlüklər yaradır, bəzi hallarda isə birbaşa saxtakarlığa yol verilir.
Avropa Parlamentinin bir sıra üzvləri və digər siyasətçilər Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini və Putinin legitimliyini tanımamağa çağırırlar. Qərb ölkələrinin liderləri seçkilərin nəticələrinin tanınmamasının mümkünlüyündən hələ ki danışmayıblar.