Cümə axşamı Birləşmiş Ştatlar Rusiya XİN-in Brüsseldə keçiriləcək Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşü ilə bağlı tənqidini qəbu etmədiyini bildirib. Mətbuat katibi Mariya Zaxarova keçiriləcək görüşü "Qərbin Ermənistanın Rusiya ilə ittifaqını pozmaq səyləri" adlandırmışdı.
"Regionda müşahidə etdiyimiz müəyyən boşluq Rusiyanın son bir neçə aydakı hərəkətləri nəticəsində yaranıb", deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın Vaşinqtondakı müxbirinə bildirib.
"Brüsseldə keçiriləcək bu görüşə gəlincə, artıq dediyim kimi, o, ticari tərəfdaşlığının şaxələndirilməsi və humanitar ehtiyaclarının təmin edilməsi üzərində işləyən Ermənistanın iqtisadi sabitliyinə həsr olunacaq".
Dövlət katibi Entoni Blinken və USAID-in administratoru Samanta Pauer gələn həftə Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistan baş naziri Paşinyan ilə birlikdə ABŞ və Aİ-nin Ermənistanla üçtərəfli görüşündə iştirak etməyi planlaşdırır.
Cümə axşamı Rusiya KİV-ləri Zaxarovadan sitat gətirərək, "bu cür görüşlərin Qərbbin həddindən artıq destruktiv yanaşmaları ilə Cənubi Qafqazda daha da möhkəmlənməsinə, orada yeni bölücü xəttlər yaratmasına, region ölkələrini anti-Rusiya yolundan getməyə məcbur etməsinə imkan yaratmağa yönəldiyi üçün bir çox region ölkələrində narahatlıq doğurduğunu" yazıb.