Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hakimiyyətdən erkən seçki ANONSU: Əgər növbəti parlament də belə olsa...

6-05-2024, 11:57   







Ötən həftə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov erkən seçki anonsu verdi. MSK sədri açıqladı ki, parlamentə seçkilər noyabrdan əvvələ çəkilə bilər. Bu da yeni xəbər deyildi. Noyabrda COP29 tədbirlərini nəzərə alaraq, hakimiyyət seçkini qabağa çəkir. Bunu da hamı gözləyirdi. Lakin MSK sədrinin deməsi bir ayrıdır, yəni rəsmi aydınlıq gətirilməsidir. Artıq müzakirələr başlanıb ki, deputat seçkiləri iyul-avqusta təsadüf edə bilər. Başqa variant isə sentyabr ayıdır. Hər halda, o dəqiqdir ki, seçkilər noyabra qədər keçiriləcək. Artıq hansı ay elan olunmasının ciddi əhəmiyyəti qalmayıb. Ən vacib suallar isə bundan sonrakı parlamentin tərkibi və funksionallığıdır. İki dönəm parlament etimadı doğrultmadı. Hazırkı Milli Məclisdə azı 10 deputat yeri boşdur. Onlardan 4 dairə isə lap əvvəldən boş qaldı və təkrar seçki olmadı. Xalq isə fərqində olmadı ki parlament onun həyatında hansı rolu oynayır. Həqiqətən də deputatsız qalan Lənkəranda seçicilər millət vəkilinə ehtiyacı hiss etdilərmi? Yaxud Beyləqanda bu zərurət oldumu? Ona görə də bu reallıq diktə edir ki, yeni parlamentin funksionallığı təmin edilsin. Əgər deputatlar xalqın arzularını, problemlərini ifadə etməyəcəksə, tribunada millətin sosial sifarişləri eşidilməyəcəksə, gərgin  iclaslar, açıq müzakirələr getməyəcəksə, yuxarıdan gələn təlimat əsasında düyməbasan işləyib qanun layihələrini hakimiyyətin maraqları çərçivəsində təsdiqləyəcəksə, onda növbəti parlament də xalqın etimadını doğrultmayacaq. Bunun üçün də qanunverici orqanın işinə sərbəstlik verilməli, deputatlar xalqın sözünü deməli, hökumət üzvləri parlamentə hesabatlarında sıxma-boğma ilə qarşılamalıdır. Yox, yenə hansısa deputat öz, biznesinin toxunulmazlığını təmin edəcəksə, hansısa deputat parlamentdə əhalinin əsəblərinə toxunan təkliflər səsləndirəcəksə, əsas problemlər kənarda saxlanıb axırıncı dərəcəli mövzular gündəmə gətiriləcəksə, onda indidən bu parlamentə də "bir quş" demək olar.
İkinci mühüm məsələ - parlamentdə müxalifətin təmsilçiliyi artırılmalıdır, tənqidin dozası artmalıdır, malalamaq problemlərin həlli yolu deyil. Üstəgəl, Azərbaycan qalib ölkədir, Qarabağ problemi tam köklü həllini tapıb, indi ölkənin daxili inkişafı, sosial-iqtisadi məsələləri, pensiya, maaş, sahibkarlıq, işsizlik, bahalaşma, korrupsiya, monopoliya və s. mövzular aktualdır. Parlament bu məsələdə hökumətə təzyiq etməlidir. Çünki xalq artıq hakimiyyətdən daxilə diqqəti yönəltməyi tələb edir. Əgər bu yöndə də Milli Məclisin yeni tərkibi əvvəlkinə oxşayacaqsa, o zaman heç nə dəyişməyəcək. İlk növbədə Milli Məclisin reputasiyası, xalqın deputatlara münasibəti dəyişməlidir. Yəni bu gün ictimai rəy deputatlara qarşıdır. Xalq bəzi millət vəkilləri istisna, əksəriyyətinin adı gələndə nifrət ifadə edir. Eyni zamanda, haqlı sual verir ki, deputatın seçiciyə hansı faydası dəyib. Əlbəttə, bu yanaşma da başdan çıxarılmalıdır ki, millət vəkili yolçəkən, işədüzəldən, pulpaylayan deyil. Amma problemlərin həlli üçün vasitəçidir, xalqın səsini Millətin Məclisində qaldırandır. O baxımdan yeni parlamentin tərkibi heç olmasa 70-80 faiz xalqın arzusunu ifadə etməli, cəmiyyətdə çəkisi, nüfuzu, hörməti olanlar seçilməlidir. Əgər insanların gözündən düşmüş, ictimai rəydə bərbad reputasiyası olanlar yenə parlamentə buraxılacaqsa, onda parlamentə münasibət düzəlməyəcək. Misal üçün politoloq Elxan Şahinoğlu seçkidə namizəd kimi iştirak qərarı verib. Elxan Şahinoğlu cəmiyyətdə obyektivliyinə görə qəbul edilən analitikdir. Niyə də seçilməsin?! Hansısa telefon alverçisi, ətçəkən maşın satan biznesmen, yaxud yekəqarın restoranlar sahibini parlamentdə oturdub, aylıq 5-6 min də büdcədən ona maaş verməkdənsə, cəmiyyətin qəbul etdiyi adamlar Məclisdə görünməlidir. Bəs, onlar kimlərdir və hazırkı deputatlardan kimlər növbəti parlamentə düşməyə bilər? Bu suallara növbəti yazımızda cavab axtarmağa çalışacağıq. 


Anaxeber.info

Azər Talıbov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar