Azərbaycanın batan səhiyyəsi: Beynəlxalq hesabatlardakı qorxunc statistika

3-06-2024, 09:38   


Azərbaycanın batan səhiyyəsi: Avropada birinci, dünyada ikinci...


Avropada birinci, dünyada ikinci...

Azərbaycan səhiyyə sistemində problemlər bitib-tükənmir. Artıq vəziyyət o qədər qorxunc və təhlükəli hala gəlib ki, Azərbaycanın adı beynəlxalq hesabatlarda da yer alır. 

Dünyada ən çox istinad edilən mənbələrdən biri olan "worldlifeexpectancy”nin məlumatına görə, Azərbaycan ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə Avropda birinci, dünyada isə Tacikistandan sonra ikinci yerdədir. 

Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi isə 388,41 kimi qeyd edilib. 

Ötən ilin sonlarında yayılan bu hesabat Azərbaycan səhiyyəsində vəziyyətin nə qədər ağır və acınacaqlı olduğundan xəbər verir. 

Bəs bunun səbəbi nədir? 

Şübhəsiz ki, əsas problem səhiyyə sistemində olan rüşvət, korrupsiya və idarəçilikdəki anarxiyadır. 

Təsəvvür edin ki, Azərbaycanda səhiyyə sistemini idarə edən üç nazirlik var: Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Dövlət Agentliyi. Üç qurumun idarə etdiyi sistemin necə metastaz verdiyi də ortadadır. 

Yerli gəlmişkən, bir neçə gün öncə "Səngər TV"-də həkim Bahar Novruzovanın səsləndirdiyi fikirlər də bunun təsdiqi sayıla bilər. Həkim cəngəllik qanunları ilə idarə olunan Azərbaycan səhiyyəsində, nümunə olaraq "Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ("Respublikanski") baş verənləri önə çəkir, vəziyyətin nə qədər dəhşətli olduğunu ictimaiyyətə duyururdu.
 
"Respublikanski"də yaşananlar... 

"Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olan idarəçilik, oradakı özbaşınalıqlar, rüsvayçılıqlar o həddə çatıb ki, adamın tükləri az qala biz-biz olur. Sanki xəstəxana yox, sallaqxanadır. Bir misal var, qulaq hər gün təzə söz eşitməsə, kar olar. İndi "Respublikanski"də baş verənlər haqda hər gün bir söz eşitməkdən ya adam kar olar, ya da, hansısa xəstəlik tapar. Çünki baş direktor Elviz Qasımovun yaratdığı dözülməz mühit haqda xəbərlər insanda əsəb, stress əmələ gətirməyə bilməz", - məlumatda qeyd olunurdu. 

Xəstə ayağın yerinə sağlam ayağı kəsən Azərbaycan səhiyyəsindəki mənzərəni başqa cür yox, məhz belə təsəvvür etmək olar... 

Mayın 29-da bir qrup tibb işçisi yenidən "Arqument.az"a müraciət edərək ölkə rəhbərliyindən kömək istədilər. Onlar çağırış edirdilər ki, "Respublikanski"nin kollektivi sürgün edilir.

"Respublika Klinik Xəstəxanası təmirə bağlanır, amma direktorun qəbul etdiyi qərarlar təəccüb doğurur. Bu təmir səbəbindən E.Qasımovun "dərin planı” nəticəsində xəstəxananın II korpusunun I korpusa köçürülməsinə qərar verilib. Bu da başadüşüləndir. Amma direktorun 1-ci korpusun Bilgəhə köçürülməsi ilə bağlı qərarı olduqca absurddur. Buna heç bir məntiqi izah tapmaq olmur. Soruşan da yoxdur ki, ay başına dönüm, 20 Yanvar hara, Bilgəh hara? Bir qədər əvvəl Nərimanov ərazisində yerləşən 5 saylı Xəstəxanada da təmir işləri aparıldı. İşçi kontingenti çox asanlıqla yaxın ətrafdakı xəstəxanalarda yerləşdirdi. Heç kəs narazı qalmadı", - deyə tibb işçiləri vurğulayıblar. 

5 saylı Şəhər Kliniki Xəstəxanasında nə baş verir? 

Bu gün bir qrup səhiyyə işçisi yenidən ölkə rəhbərliyinə müraciət edərək 5 saylı Şəhər Kliniki Xəstəxanasında baş verənləri nəzarətə götürməsini xahiş edirlər. Onlar baş həkim Fazil Alməmmədovun yaratdığı dözülməz vəziyyətdən şikayətçidirlər. 

Həkimlərin sözlərinə görə, idarəetmə elə bir idbar həddə çatıb ki, heç kəs qorxusundan səsini çıxara bilmir. Amma bütün bunlara baxmayaraq, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 5 saylı Şəhər Kliniki Xəstəxanası ilə yanaşı, Şuşa və Xankəndindəki xəstəxanaları da Alməmmədovun nəzarətinə verib. Bu etimadın ona hansı fədakarlığına görə edildiyi də aydın deyil, aydın olan odur ki, Fazil Alməmmədovun Vüqar Qurbanovla yaxın dost olduğu bildirilir. 

Onlar deyirlər ki, Şuşa və Xankəndindəki xəstəxanaların Fazil Alməmmədovun tabeçiliyinə verilməsindən sonra həkim və tibb işçiləri tez-tez bu şəhərlərə ezam olunurlar. Onlara ötən il hər ezamiyyətdə 65 manat əlavə ödəniş edilib, amma həmin pulun 15 manatı xəstəxanın rəhbərliyinin göstərişi ilə yığılıb. Bu ildən isə həmin rəqəm 95 manata qaldırılıb və yığım 15 manatdan 22 manata qaldırılıb. Bu işi isə  5 saylı Şəhər Kliniki Xəstəxanasının Baş tibb bacısı Şəhla İsmayılova həyata keçirir. 

"İndi hər gün üçün yığılan pul 22 manatdır. Təbii ki, Şuşa və Xankəndiyə getmək üçün ezamiyyət siyahısına düşmək də asan deyil. Siyahıya düşənlər də 95 manatın 22 manatını hər ay baş həkimə verəcəklərinə dair şifahi öhdəlik götürürlər. Etiraz edənləri isə açıq hədələyir: "Kim istəmir, gəlməsin, işdən çıxsın", - deyə təhdid edirlər. Səbəb də çox sadədir: Vüqar Qurbanov Fazil Alməmmədovu himayə edir. Hətta dostluqları o qədər yaxındır ki, Fazil Alməmmədovu Adil Məmmədzadə və digər qohumlarını TƏBİB-də işə düzəldib. Amma Anar kimi savadlı həkimləri işdən uzaqlaşdırıb", - deyə şikayətçi həkimlər qeyd ediblər. 

Maraqlıdır ki, son vaxtlar səhiyyədə baş verən bu kimi problemlər media və sosial şəbəkələrdə geniş təhlil olunur, amma aidiyyəti qurumlar əsaslı bir açıqlama vermir, problemin həlli üçün ciddi addımlar atmırlar. Azərbaycan səhiyyəsi isə batmaqda davam edir... 






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar