Onun yol polisinə etiraz olaraq bu addımı atdığı deyilir
İyunun 6-da İkinci Qarabağ müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü Ədalət Fərman oğlu İsmayılovun üzərinə benzin tökərək özünü yandırdığı bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunur ki, Ədalət İsmayılov aprelin 26-da Daşkəsən rayonu Quşçu kəndi ərazisində idarə etdiyi “VAZ 2106” markalı avtomobillə insanların həyatına təhlükə yaratdığı üçün Dövlət Yol Polisi tərəfindən saxlanılıb.
Müəyyən edilib ki, 10-FA-497 dövlət qeydiyyat nişanlı, Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan Ədalət İsmayılov tərəfindən idarə edilir.
DİN-in məlumatında qeyd olunur ki, Ədalət İsmayılova qanunvericiliyə uyğun olaraq izahlar verilib, intizama dəvət edilib. Lakin o, qanunsuz hərəkətlərini davam etdirib, istədiyi kimi avtomobil idarə edəcəyini bildirərək ictimai qaydanı kobud şəkildə pozmaqla polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.
Əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğuna görə Ədalət İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.
Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığına görə qərar qüvvədə saxlanılıb.
Ədalət İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, o qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətlər etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb.
O, bu gün, yəni iyunun 6-da Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub.
Yaxınlıqdakı şəxslər tərəfindən yanğın söndürülüb.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ədalət İsmayılov xəstəxanaya yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən sonra onlarla hərbçi intihar edib və ya intihara cəhd edib.