Tənqidi yazılara görə bloklanmış Anaxeber.az-bağlı Avropa Məhkəməsi qərarını elan edəcək

9-06-2024, 09:11   






Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 13-də Azərbaycanda yayımı  bloklanmış saytı ilə bağlı qərardad elan edəcək. Bu iş üzrə ərizəçi xəbər portalının təsisçisi və baş redaktoru Azər Talıbovdur. A.Talıbov yerli məhkəmələrin qərarından şikayət edərək Avropa Məhkəməsində obyektiv və ədalətli qərar çıxarılacağına inandığı üçün sözügedən instansiyaya müraciət edib. 
Yerli məhkəmələrin əsaslandırması məntiqsiz və uğursuz olub. Belə ki, 2017-18-ci illərdə Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə informasiyaların yayılması ilə bağlı tənzimləmələri dəyişdirən dəyişikliklər edilib və guya Anaxeber.az yayım qanunlarını pozub, məhkəmələr də dəyişikliklərə istinad ediblər. Halbuki saytın fəaliyyətdə olduğu dövrdə hər hansı ictimai təhlükə yaradan, dövlət sirri olan informasiyalar yayımlanmayıb, o cümlədən iğtişaşlara, terrora, ictimai-siyasi sabitliyi pozmağa yönəlik çağırış xarakterli məlumatlar işıqlandırılmayıb, həmçinin, Ordu, dövlət, təhlükəsizlik orqanları haqda hansısa saxta, cəmiyyətdə çaşqınlıq yaradan məlumatlar tirajlanmayıb. Əksinə, milli məsələlərə, dövlətçiliyin inkişafına, xarici təhdidlərə qarşı mübarizə istiqamətində görülən işlərə Anaxeber.az saytı hər zaman informasiya dəstəyini verib. Lakin bu da faktdır ki, xəbər portalında insan hüquqlarının pozulması, sifarişli məhkəmə qərarlarının verilməsi, məmur aparatının qanunsuzluqları haqda geniş materiallar dərc olunub. Eyni zamanda, o dövrdə siyasi hakimiyyətdə güc sahibi olan keçmiş PA rəhbəri Ramiz Mehdiyev, Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov, eləcə də ayrı-ayrı nazirlər barəsində sərt tənqidlər, real sübutlarla dolu araşdırma məqalələr dərc olunub. Eyni zamanda, sosial-iqtisadi siyasət, media, vətəndaş cəmiyyətinin müstəqilliyi və digər səpkili mövzularda tənqidi yazılar yayımlanıb. Həmin yazılar ciddi narahatlıq doğurduğu üçün o dövrdə Anaxeber.az-ın baş redaktoru Azər Talıbov dəfələrlə Baş Prokurorluğa çağırılıb, təzyiqlərə məruz qalıb, həbs olunacağı ilə hədələnib. Xüsusən də o dönəmki Baş Prokurorun I müavini Rüstəm Usubov dərc edilən yazılara görə onu həbslə təhdid edib. Amma bunun nəticəsi olmadığı üçün Anaxeber.az-ın bloklanması çıxış yolu kimi görülüb. Halbuki çox keçmədən həmin qüvvələrin çirkaba bulaşdığı sübuta yetirildi və vəzifələrdən uzaqlaşdırıldılar. Hazırda isə saytın fəaliyyətinin bloklanması ilə əlaqədar Avropa Məhkəməsinə verilmiş şikayətə iyunun 14-də baxılaraq qərardad elan olunacaq.  Azər Talıbov Avropa Məhkəməsindən ədalətli qərar olacağını gözləyir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.