Sahibkarlar mağazalarını və iş yerlərini bağlamaq, onlayn satışa keçmək məcburiyyətində buraxılır
Azərbaycan iqtisadiyyatının hazırda heç də öz tarixinin ən gözəl illərini yaşamadığı heç kimə sirr deyil. Ölkə iqtisadiyyatı 2023-cü ildə ÜDM-in artım tempinə görə MDB-də sonuncu yeri tutub, ölkədə demək olar ki, iqtisadi böyümə yoxdur. Hökumətin apardığı vergi-gömrük siyasətinin isə heç də ölkənin qeyri-neft sektorunun xeyrinə işləmədiyi dəfələrlə müstəqil iqtisadçılar və sahibkarlar tərəfindən səsləndirilib. Lakin buna məhəl qoyan yoxdur. Əksinə, vergi və gömrük yükü artırılmaqda, sərt cərimə mexanizmləri tətbiq olunmaqda davam edir...
“AzPolitika”-nın qızıl satışı bazarındakı durumla bağlı yazılarından da məlum olduğu kimi, vergi orqanı qızıl satışı ilə məşğul olan subyektlərdə mal qalığının sənədləşməsi ilə bağlı kütləvi yoxlamalar keçirir, böyük məbləğdə cərimələr, maliyyə sanksiyaları yazır.
Bu cərimələrə rəsmi əsas verən odur ki, satış nöqtələrindəki qızıl- zinət əşyalarının ciddi vergi sənədləri yoxdur. Lakin məsələ ondadır ki, qızıl satışı sahəsindən məlumatlı olanlar çox yaxşı bilir ki, Azərbaycana xaricdən qızıl gətirilməsi əsasən inhisarçıların işidir. Onlar isə qızılı özləri gömrükdən keçirərək, birbaşa piştaxtada sahibkara təhvil verib, malın pulunu alırlar. Bu zaman isə heç bir rəsmi sənəd-filan verilmir. Bu “proseduru” gömrük orqanında da, vergidə də hamı yaxşı bilir. Ancaq inhisraçının yox, kiçik sahibkarın üstünə düşürlər və nə gömrükdən, nə də vergidən soruşan yoxdur ki, tonlarla, bəlkə də on tonlarla qızıl indiyə qədər bu ölkəyə sənədsiz necə keçirilib, yaxud yerli istehsalçılar onu necə sənədsiz bazara çıxara biliblər?
Eyni vəziyyət digər biznes sahələrinə də aiddir. Məsələn, “Sədərək”, yaxud “Binə” bazarından topdan paltar alıb öz mağazasında pərakəndə satan kiçik sahibkara bazardakı topdansatış nöqtəsi heç bir rəsmi sənəd vermir – “xoşun gəlir al, xoşun gəlmir alma!”. Uzağı kassa çeki verə bilər ki, bunu da vergi orqanı ciddi vergi sənədi kimi qəbul etmir.
Vergi orqanı hazırda avtomobil ehtiyat hissələrindən tutmuş paltar mağazalarına qədər hər yerdə “mal qalığı sənədi” tələbilə reydlər keçirib, cərimələr yazır. Sahibkarlar sənədi omayan mallara görə onların dəyərinin 10 faizi həcmində cərimə yazılmasından şikayət edirlər. Eyni hal təkrarlandıqda cərimə 20 faiz, daha sonra 40 faiz hesablanır. Bu isə kifayət qədər böyük məbləğlər edir və həmin cərimələri ödəmək müflisləşməyə bərabər olur.
Ona görə də sahibkarların bir qismi mağazalarını bağlayıb, onlayn satışa keçmək məcburiyyətində qalırlar. Bu da vergi olrqanının “qaş düzəldən yerdə göz çıxarması” deməkdir. Çünki həmin sahibkarlar artıq nə sadələşmiş vergini, nə də DSMF ödənişlərini etməyəcəklər, digər yandan işçilərini azad etməyə məcbur olacaqlar.
Deməli, ani vergi, cərimə toplamaq xatirinə atılan bu addım həm sahibkarlara böyük ziyan vurur, həm iş yerlərinin itirilməsinə səbəb olur, həm də gələcək vergi, DSMF ödənişlərini azaldır. Onlayn satışa keçə bilməyənlər isə, sasdəcə, mağazalarını və iş yerlərini bağlamalı olurlar...
Əgər söhbət iqtisadiyyatın “kölgədən çıxarıb ağlaşdırılmasından” gedirsə, yaxşı olar ki, vergi orqanı ilk növbədə inhisarçılardan, iri şirkətlərdən başlasın, kiçik sahibkarın üzərinə cummasın. Bir də ki, Azərbaycan hökuməti 30 ildir guya “kölgə iqtisadiyyatı” ilə mübarizə aparır. Son illərdə hökumətin iqtisadi komandası tez-tez bununla bağlı pafoslu açıqlamalar verir. Lakin nə işdirsə, hələ də iqtisadiyyatı “kölgədən çıxara bilməyiblər” və əgər bu gün kiçik sahibkarın mağazasındakı malların böyük hissəsi sənədsizdirsə, bunun günahı ilk növbətə elə hökumətin iqtisadi kopmandasının, gömrük və vergi orqanlarının üzərindədir. Bunun əziyyətini isə sahibkar çəkir...
Digər yandan bütün dünya vergilərin, gömrük rüsumlarının azaldılmasına, prosedurların sadələşdirilməsinə, asanlaşdırılmasına, yaxud bank kreditlərinin ucuzlaşdırılmasına doğru gedərkən, Azərbaycanda həm vergi və gömrük yükü artırılır, həm də sahibkarın hesabatlar, vergi-uçot sənədləşdirilməsilə bağlı ”baş ağrısı” çoxaldılır. Bank kreditlərinin əlçatanlıq səviyyəsi heç cür artmır və hökumət də bunun üçün heç nə etmir.
Əvəzində, məsələn, Azərbaycanın Vergi Məcəlləsi əsl labirint halına gətirilib və böyük bir ensiklopediyanı xatırladır. Vergi işçiləri, peşəkar mühasiblər belə çox zaman ondan baş çıxarmaqda çətinlik çəkərkən, mühasib tutmağa imkanı olmayan sahibkar üçün bu məcəllədəki dəyişiklik və yenilikləri izləməyin nə qədər ağır olduğunu anlamaq çətin deyil. Hansı ki, bu illər ərzində onu şişirtməkdənsə, kiçiltməyə, sadələşdirməyə çalışmaq daha məqəsədəuyğun olardı.
Ya da olsun sadələşmiş vergi üçün müəyyən olunan illik 200 min manatlıq limit. Bu məsələ kiçik sahibkarların ən yaralı yerlərindən biridir. Belə ki, illik dövriyyəsi 200 min manatı keçən hər bir sahibkar avtomatik ƏDV ödəyicisinə çevrilməli olur. Həmin statusdan qayıdıb çıxmaq da ayrı bir müşkül məsələdir.
Sahibkarların isə böyük əksəriyyəti sənəd, uçot, yoxlamalar və s. bu kimi bürokratik məsələlərdən uzaq durmaq, “nəfəs almaq” üçün sadələşmiş vergi ilə işləməyə üstünlük verirlər. Lakin hələ 2014-2015-ci illərdəki devalvasiyalardan xeyli əvvəl müəyyən edilmiş sadələşdirilmiş vergi limiti 10 ildən artıqdır dəyişdirilmir, artırılmır. Baxmayaraq ki, həmin illər ərzində iki dəfə devalvasiya baş verib, hər il rəsmi və qeyri-rəsmi inflyasiya müşahidə olunub, qiymətlər dəfələrlə bahalaşıb və sair.
Təkcə devalvasiya nəticəsində manatın iki dəfə dəyər itirdiyini nəzərə alsaq, sadələşmiş vergi limiti iki dəfə, bahalaşma, inflyasiya və digər amillər nəzərə alındıqda isə 4-5 dəfə artırılmalı idi. Ancaq hökumət heç cür bu limiti qaldırmır və sankli kiçik sahibkarı qəsdən dövriyyəsini gizlətməyə, “kölgəyə çəkilməyə” vadar edir...
Azərbaycanda əhalinin alıcılıq qabiliyyətinin aşağı olması, iqtisadiyyatın genişlənmə tempinin durğunluq səviyyəsinə yaxın olduğu bir vaxtda vergi orqanının kiçik sahibkarın üzərinə “mal qalığı sənədi” tələbilə yürüməsi sahibkarlıq mühitinə yaxşı heç nə vəd etmir. Bu yolla, yəni, cərimə və sanksiyalarla vergi yığımının artırılması strateji baxımdan iqtisadiyyat üçün zərərlidir. Vergi yığımı iqtisadiyyatın böyüməsi, iqtisadi aktivliyin artması, yeni müəssisələrin, iş yerlərinin açılması hesabına artmalıdır, kiçik sahibkarı “boğmaq”, olan-qalanını da əlindən almaq hesabına yox...
Elxan Qüdrətoğlu
“AzPolitika.info”