Məhkəmə jurnalisti həbsdə saxlayıb

3-07-2024, 09:06   


Müstəntiq deyib ki, o, azadlığa buraxılsa, istintaqdan yayına, şahidlərə təsir göstərə bilər

Bir həftə öncə Səbail Rayon Məhkəməsində “Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov və kanalın əməkdaşı Şamo Eminovun istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılmışdı.

Bu qərardan onların hər ikisinin vəkilləri apelyasiya şikayəti vermişdi.

Əziz Orucovla bağlı şikayətə iyunun 2-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Məhkəmədə Əziz Orucov da, vəkili Fəxrəddin Mehdiyev də qərarın qanunsuz və əsassız olduğunu bildirib.

Vəkil vurğulayıb ki, Əziz Orucov heç bir əsas olmadan 8 ay qanunsuz həbsdə saxlanılır.

Müdafiəçi deyir ki, onun haqqında həbs qətimkan tədbirinin müddətini sentyabrın 27-nə qədər uzatmağa ehtiyac yox idi.

Vəkil bildirib ki, Əziz Orucovu həbsdə saxlamadan da istintaq davam etdirilə bilər:

“Onun istintaqdan yayınmaq niyyəti yoxdur, yaşayış yeri məlumdur, səhhətində də ciddi problemlər var”.

Əziz Orucov özü də sifarişlə həbs olunduğunu deyib, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.

O yada salıb ki, öncə qanunsuz torpaq zəbt edib, orada ev tikmək ittihamı ilə həbs edildi, daha sonra xarici ölkədən qaçaqmal yolu ilə pul gətirməkdə təqsirləndirildi.

Hər iki ittihamın əsassız olduğunu vurğulayan Əziz Orucov deyir ki, həbsdə saxlandığı 8 ay ərzində ortaya heç bir mötəbər sübut-dəlil qoyulmayıb.

Onlardan fərqli olaraq, Səbail rayon Polis İdarəsinin müstəntiqi 3 aylıq uzatma qərarının qüvvədə saxlanmasını istəyib.

Müstəntiq bildirib ki, istintaq bitməyib, görüləsi işlər var, bu müddətdə Əziz Orucovun azadlıqda qalması məqsədəuyğun deyil:

“O, azadlığa buraxılsa, istintaqdan yayına, şahidlərə təsir göstərə bilər”.

Apelyasiya məhkəməsi Əziz Orucov haqqında iyunun 25-də çıxarılmış qərarı qüvvədə saxlayıb.

“Kanal 13”ün əməkdaşı Şamo Eminovla bağlı apelyasiya şikayətinə iyulun 3-də baxılacaq.

Əziz Orucov noyabrın 27-də saxlanılıb. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb.

İddia olunub ki, “Kanal 13” rəhbəri inşasına icazə olmadan ev tikib.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

Dekabrın 22-də isə kanalın əməkdaşı Şamo Eminov da eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunub.

Onların hər ikisi bu ittihamları rədd edir, “Kanal 13”ün fəaliyyətinə görə cəzalandırıldıqlarını deyirlər.

Son 8 ay ərzində Azərbaycanda müxtəlif media qurumlarını təmsil edən 20-yə yaxın jurnalist qaçaqmalçılıq ittihamıyla həbs olunub.

“AbzasMedia”, “Toplum TV” və s. media orqanlarının ofislərində axtarış aparılıb.

İddia olunur ki, adları çəkilən media orqanlarının əməkdaşları xaricdən qaçaqmalçılıq yolu ilə pul gətiriblər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar