Metroda gediş haqqları qalxacaqmı?
11-10-2014, 11:35
“Bakı Metropoliteni”ndə ticarət köşklərinin yığışdırılması metronun gəlirlərini azaldıb. Bu səbəbdən də yaxın aylarda yeraltı nəqliyyatda gediş haqqının qaldırılacağı deyilir”.
Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Aznews.az-ın sorğusuna cavabında deyib.
Onun sözlərinə görə, yeraltı nəqliyyat üçün əsas amil sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.
“Bu amil olan yerdə maddiyat əsas sayılmır. Metro stansiyalarında ticarət köşkləri xaos halındaydı. İstər sərnişinlərin hərəkəti, istərsə də təhlükəsizliyi baxımından tam bir xaos hökm sürürdü. Təbii ki, dövlət başçısının göstərişi ilə bütün bu məsələlər yoluna qoyuldu. Ticarət köşkləri ləğv edildi, sərnişinlərin zövqünü korlayan, onları rahatsız edən reklam vasitələri yığışdırıldı. Qeyd etmək yerinə düşər ki, həmin reklam vasitələrində də pərakəndəlik və nəzarətsizlik hökm sürürdü. Təsəvvür edin ki, 10-15 il bundan öncə yerləşdirilmiş həmin vasitələrə heç bir texniki qulluq göstərilməmişdi. Elə məhz bu kimi səbəblərə görə həm ticarət köşkləri, həm də reklamların fəaliyyəti dayandırıldı”, - deyə Nəsimi Paşayev bildirib.
N.Paşayevin sözlərinə görə, bir sərnişinin daşınma xərcləri hazırki gediş haqqından ən az iki dəfə artıq olmasına baxmayaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Qeyd edək ki, 2010-cu ildə “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədov mətbuata müsahibəsində metro ticarətindən ayda 70 min gəlir götürüldüyünü açıqlamışdı.
Digər xəbərlər