Ramiz Zeynalovun işçilərinin «5 Mərtəbə»də «protokol əməliyyatı»
10 YP 436 maşının ekipaj üzvü Timur Dadaşov maşını sürücülərin üzərinə sürərək, onları cərmələyir . Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) əməkdaşlarından total şikayət var. Xüsusən də «5 Mərtəbə» deyilən ərazidə xidmətdə olan DYP işçilərinin özbaşınalıqla məşğul olduğu qeyd olunur. JAM.AZ-a müraciət edən şəhər sakini Fuad Dərgahov bildirir ki, ötən gün yol polisi işçiləri o və digər sürücüləri incitməklə yanaşı, həm də onlara haqsız yerə cərimə yazıblar.
O qeyd edir ki, «5 Mərtəbə» deyilən ərazidə xidməti vəzifəsini yerinə yetirən 10 YP 436 dövlət nömrə nişanlı maşının ekipaj üzvü Timur Mətləb oğlu Dadaşov pul qazanmaq üçün yeni metod kəşf edib. «Dünən Füzuli küçəsi ilə hərəkət edərək, «5 Mərtəbə»dəki dairəyə daxil olmaq istəyirdim. Dairədə gözlədim, maşın olmadığını görüb hərəkət etdim. Bu zaman qəfilyan tərəfdən üzərimə sürətlə DYP maşınının gəldiyini gördüm. Birtəhər vəziyyətdən çıxaraq, maşını kənara verib saxladım. Timur Dadaşov maşından düşüb mənə hədə-qorxugələrək dedi ki, guya, mən dairədə gözləməmişəm və qəza vəziyyəti yaratmışam. Halbuki qəza vəziyyətini onun özü yaradıb, özü də qəsdən».
Fuad Dərgahov bildirir ki, DYP əməkdaşları ona yol vermədiyi xətaya görə İXM-in 151.2-ci maddəsi ilə 60 manat cərimə və 3 bal yazıblar. «Mənimlə DYP maşını arasındakı məsafə nə azından 20 metr vardı. Qaydanı onlar pozduqları halda cərimə mən olundum. Həmin vaxt 102 Xidmətinə zəng vurdum. Oradan dedilər ki, 902 Xidməti ilə əlaqə saxlayım. Məsləhət bildilər ki, BŞBDYPİ-yə müraciət edim. Məndə deyilən yerə getdim və şikayət ərizəsi yazdım».
Sürücü deyir ki, «5 Mərtəbə» deyilən əraxidə xidməti postda dayanmış 10 YP 436 nömrə nişanlı ekipajın üzvləri təkcə ona qarşı deyil, digərlərinə də qarşı analoji addımı atıblar. «Qanunda var ki, ara məsafəsi 5 metrdən az olduqda qəza vəziyyəti yaranmış hesab olunur. Mənimsə onlarla aramdakı məsafə ən pis halda 20 metrdən çox idi. Hətta onlara irad belə bildirdim ki, niyə qəza vəziyyəti yaradırlar. Gülərək dedilər ki, bizə protokol lazımdır, qalanları boş şeydi».
Qeyd edək ki, sözügedən ərazidə postda dayanan DYP işçilərindən şikayət edənlərin sayı çoxdur. Hələ bir müddət əvvəl həmin polis işçiləri JAM.AZ-ın baş redaktorunu da səbəbsiz yerə saxlayaraq, onu 60 manat cərimə etmişdilər. Səbəb kimi də boş yolda «qəza vəziyyəti yaratmaq»ını göstərmişdilər. O zaman DYP işçiləri bildirmişdilər ki, BŞBDYPİ-nin rəhbərliyi onlardan protokol istəyir və gün ərzində 100 protokol təhvil verməlidirlər. Ona görə də, dairədə dayanıb belə etməkdən başqa çarələri yoxdur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
- See more at: http://azerinews.tv/index.php?newsid=13527#sthash.ZDJEOhRP.dpuf