Səlim Müslümovun saxta diplomlu işçisi

11-10-2014, 13:23   
Səlim Müslümovun saxta diplomlu işçisi

Səlim Müslümovun saxta diplomlu işçisi
Cəlilabad rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi də özünün yarıtmaz fəaliyyəti ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Qeyd edək ki, 2014-cü ilin yanvar ayında Cəlilabad rayon ƏSMM-nin direktoru işləmiş Mirsüleyman Mirxaslı bu vəzifədə Mehdi Abbasovla əvəzlənmişdir. Lakin mənbələrin sözlərinə görə bu “kadr islahatı” mərkəzin fəaliyyətinə heç bir müsbət təsir göstərməmişdir. Rayonun hüquqları pozulmuş sakinləri tərəfindən təqdim olunmuş materiallarda isə göstərilir ki, korrupsiyanın qarşısını almaq məqsədi ilə plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir üsul, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Mehdi Abbasov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Cəlilabad ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Həmçinin məlumatlarda bildirilir ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin yeni direktoru bəzi əks-tədbirlərə də əl atmalı olmuşdur. Belə ki, əvvəlki rəhbərlikdən fərqli olaraq bu gün artıq ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Onun əvəzində bu işləri görən və ən əsası isə qeyri-qanuni pul, rüşvət yığımını həyata keçirən mərkəzin xüsusi seçilmiş bir neçə əməkdaşıdır. Digər tərəfdən isə daxil olan məlumatlarda Cəlilabad ƏSMM-in yeni təyin olunmuş direktoru Mehdi Abbasovun ali təhsil sənədinin saxta olduğuna dair iddialar da diqqəti cəlb edir. Mənbələrin iddiasına görə ali təhsili olmayan Mehdi Abbasov millət vəkili olan bir qohumunun vasitəçiliyi sayəsində bu vəzifəyə təyinat ala bilib. Bundan əvvəl isə M.Abbasov Cəlilabad Məşğulluq İdarəsinə rəhbərlik edib. Məlumata görə, Mehdi Abbasov bu diplomu hələ 1996-cı ildə Rusiyadan sifarişlə gətirdib. Həmin sənəddə isə onun guya ki, SSRİ dövründə Voronej Dövlət İnstitunu bitirdiyi yazılıb.Əlbəttə, bu məlumatlar ciddi araşdırmaların aparılmasını tələb edir. Lakin bu da həqiqətdir ki, əksər rayon ƏSMM rəhbərlərnin analoji cinayət əməllərinə görə artıq məsuliyyətə cəlb olunduqları bir vaxtda bəziləri hələ də vəzifə kreslosunda rahatca əyləşərək öz mənfur əməllərinə davam etməkdədr. Ümid edirik ki, ən qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılacaq və bütün bu məsələlərə tam aydınlıq gətiriləcək. Çünki mövcud problemlər, ayrı-ayrı strukturlarda yol verilən neqativ hallar ifşa olunub aradan qaldırılmadıqca bu sahədə həyata keçirilən islahatların da tam effektivliyi ilə nəticələnməsi mümkün deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.