Balakəndə meşədə baş verən qətllə bağlı daha üç nəfər saxlanılıb

11-10-2014, 16:45   
Balakəndə meşədə baş verən qətllə bağlı daha üç nəfər saxlanılıb

Balakəndə meşədə baş verən qətllə bağlı daha üç nəfər saxlanılıb
Balakəndə oktyabrın 3-də meşədə baş verən qətllə bağlı daha üç nəfər saxlanılıb.


Balakən rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin iştirakçıları hesab olunan daha üç nəfər Elçin Məmmədov, Elnur Qarayev, Tahir Qarayev tutularaq istintaqa təhvil veriliblər.

Bildirilib ki, odlu silahla qətlə yetirilmiş şəxsin narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olduğu da məlum olub.

Qeyd olunub ki, oktyabrın 3-də Zaqatala Dövlət Təbiəti Qoruğunun Balakən rayonu Gərəkli kənd ərazisindən keçən hissəsində naməlum şəxsin odlu silahla qətlə yetirilməsi barədə rayon Polis Şöbəsinə və prokurorluğuna məlumat daxil olandan sonra Balakən RPŞ-nin və rayon Prokurorluğunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı odlu silahla qətlə yetirilmiş şəxsin rayonun Qullar kənd sakini, 1982-ci il təvəllüdlü Umarov Vaqif İbrahim oğlu olduğu müəyyən edilib. Əməliyyat zamanı hadisə yerindən bir ədəd “İJ-12” markalı ov tüfəngi, kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 135 kiloqram 415 qram olan 67 ədəd çətənə kolu, 9 kiloqram 795 qram marixuana aşkar edilərək götürülüb. Qətlə yetirilən Vaqif Umarovun ətrafında aparılan əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, V.Umarov rayonun Gərəkli kənd sakinləri Elçin Şamil oğlu Məmmədov, Elnur Həybullah oğlu Qarayev və Tahir Əfəndi oğlu Qarayevlə əlbir olaraq Zaqatala Dövlət Təbiəti Qoruğunun Balakən rayonu Gərəkli kənd ərazisindən keçən hissəsinin 8 saylı dolayında qanunsuz yolla narkotik tərkibli bitkilərin kultivasiya üsulu ilə əkib-becərilməsi ilə məşğul olublar.

Məlumata görə, rayonun Gərəkli kənd sakinləri İntiqam Nizirov oğlu Umarov və Məhəmməd Mollaəli oğlu Xizriyev Füzuli rayonunda anadan olan hazırda Bakı şəhərində yaşayan Mənsur Kəmil oğlu Heydərzadə, Sahil Zakir oğlu Quliyev və Əvəz Vətən oğlu Məmmədovla birgə Zaqatala Dövlət Təbiəti Qoruğunun Balakən rayonu Gərəkli kənd ərazisindən keçən hissəsinə gedərək Vaqif Umarov, Elçin Məmmədov, Elnur Qarayev və Tahir Qarayevin ərazidə qanunsuz yolla əkdiyi narkotik tərkibli bitkiləri oğurlamaq istəyiblər.

Bu zaman Vaqif Umarov və narkotik tərkibli bitkiləri oğurlamaq istəyən şəxslər arasında dava düşüb. Narkotik tərkibli bitkiləri oğurlamaq istəyən şəxslərdən Sahil Quliyev əlindəki “İJ-12” markalı ov tüfəngi ilə Vaqif Umarovun döş qəfəsinə atəş açaraq qətlə yetirib və digər hadisə iştirakçıları ilə birgə hadisə yerindən qaçıblar.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin oktyabrın 9-da yaydığı məlumatda polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində qətli törətmiş Füzuli rayon sakinləri Mansur Heydərzadə, Sahil Quliyev, Əvəz Məmmədov, Balakən rayon sakinləri Məhəmməd Xizriyev, İntiqam Umarovun saxlanıldığı bildirilib.

Baş vermiş məlum qətl hadisəsi ilə bağlı Balakən rayon Prokurorluğunda onların barəsində cinayət işi başlayıb, istintaq aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.