Hüquq müdafiəçisi iki aydır ki, mətbuatdan xəbərsizdir; Fərəc Kərimlinin həbs müddəti iki ay uzadılıb
İctimai-siyasi fəallığına görə həbs edilən məhbuslardan bəzilərinin məhkəmələri yekunlaşmaq üzrədir. Onların arasında hökm oxunan, istintaqları davam edənlər də az deyil. Bu məhbuslar barədə son məlumatları öyrənməyə çalışdıq.
Müsavat başqanın müavini, vicdan məhbusu Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah onun saxlanma şəraitinin ağır olduğunu bildirdi: “Yadigar bəy iki gün öncə ailəsi ilə görüşüb. Vəziyyəti normaldır. Gec də olsa, mətbuatı oxuya bilir. Saxlanma şəraitində dəyişiklik yoxdur. 14 saylı Cəzaçəkmə Müəssisəsinin şəraiti çox ağırdır. Yadigar bəyə qarşı hər hansı bir mənfi münasibət müşahidə olunmur. Müəssisənin şəraiti nəinki dünya və Azərbaycan standartlarına, heç Afrika standartlarına da uyğun deyil. Ailəsi ilə həftədə bir dəfə görüşə bilir. Ancaq ailəsi rayonda yaşadığına görə, hər dəfə görüşə bilmir. Qohumları bu işi icra edə bilirlər. Biz də mütəmadi əlaqə saxlayırıq. Problemləri həll etməyə çalışırıq. Başqan müavini kimi partiyanın idarə edilməsində də fəaliyyətini davam etdirir. Onun təklifləri də dinlənilir”.
Həbsdə olan Müsavat başqanının digər müavini Fərəc Kərimlinin vəkili Nemət Kərimli onun barəsində həbs müddətinin iki ay uzadıldığını söylədi: “Oktyabrın 10-da Nərimanov Rayon Məhkəməsində Fərəcin həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxıldı. Onun həbs müddəti iki ay uzadıldı. Bunlar tamamilə qanunsuzdur. Bununla bağlı apellyasiya şikayəti təqdim edəcəm. Ev dustaqlığına buraxılması ilə bağlı da vəsatət ləğv edilib. Artıq bununla əlaqədar apellyasiya şikayətimizi verdik. Hazırda heç nədən şikayəti yoxdur. Yeganə narazılığı qanunsuz həbsi ilə bağlıdır. Düşünür ki, siyasi fəaliyyətinə görə həbsə atılıb”.
Hüquq müdafiəçisi İntiqam Əliyevin qızı Nərmin Kamilsoy atasının təcridxanada ciddi problemlərlə üzləşdiyini qeyd etdi: “Ümumi olaraq vəziyyətinin normal olduğunu və saxlanma səraiti ilə bağlı probleminin olmadığını deyir. Səhhətində artıq problemlər yaranmağa başlasa da, bunu qabartmaq ve ictimailəşdirmək istəmir. 2 aydan çoxdur ki, ona hələ də qəzet çatdırılmır və məlumatlardan xəbərsizdir”.
Hüquq müdafiəçisi Arif Yunusun vəkili Xalid Bağırov onun həbsdə olan həyat yoldaşı Leyla Yunusdan nigaran qaldığını bildirdi: “Hazırda Arif Yunus MTN təcridxanasında saxlanılır. Həftədə bir dəfə onunla görüşürəm. Heç bir təzyiqlər olmur. Sadəcə həbsdə olan həyat yoldaşı Leyla Yunusdan çox narahatdır. Çünki əlaqə saxlaya bilmir. Biz görüşdüyümüz zaman çox çalışırıq ki, onlara bir-biri ilə bağlı ətraflı məlumat verək. Nigarançılıqlarını aradan qaldıraq. Arif bəyin istintaqı ilə bağlı hələ də heç bir istintaq hərəkəti görməmişik”.
Gənc siyasi məhbus Orxan Əyyubzadənin anası Rəhimə Məmmədova oktyabrın 13-də təcridxanada onunla görüşüb. O, görüş barədə bunları deyib: “Orxanla görüşüm zamanı o, hər şeyin normal olduğunu söylədi. Ona dəstək olan bütün insanlara, mətbuat orqanlarına təşəkkürünü çatdırmağımı söylədi. Oxunacaq hökmə hazır olduğunu bildirdi. Oktyabrın 15-də məhkəməsi olacaq. Hakimin qanunsuz hökmü oxuyacağı gözlənilir”.
Gənc blogger Ömər Məmmədovun vəkili Əlayif Həsənov gənc fəalın işinin Ali Məhkəməyə göndərildiyini bildirdi: “Ömərlə bağlı kassasiya şikayəti vermişik. Müntəzəm olaraq görüşürəm. Elə bir şikayəti yoxdur. Əfv ərizəsi yazması ilə bağlı ona tez-tez təkliflər olur. O isə birmənalı olaraq, imtina edir. Amma əfv yazması ilə bağlı təzyiqlər olmur”.