img]http://anaxeber.info/uploads/posts/2014-10/1413460840_img1503428.jpg[/img]
Qubad İbadoğlu müsavatçılara çağırış etdi ki, partiyadan getməsinlər
Müsavatın Tovuz təşkilatı istefa verib; Partiya isə hamının istefa vermədiyini və təşkilatın fəaliyyətinin bərpa olunacağını açıqladı
Müsavat Partiyasının Tovuz rayon təşkilatının üzvləri bəyanat yayaraq rayon təşkilatının tam tərkibdə partiyadan istefa verdiyini bildirib. Bəyanatda bildirilir ki, təşkilat üzvləri partiyanın mərkəzi aparatından zaman-zaman etinasızlıqlar görmələrinə baxmayaq, fəal rayon təşkilatlarından biri olublar.
Amma qurultay ərəfəsində və qurultaydan sonra təşkilat daxilində baş verənlər, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması, həmin kəslərlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra endirir: “Bölgə təşkilatı buna görə də bütün müsavatçılardan üzr istəyərək, Tovuz rayon təşkilatının tam tərkibdə partiya üzvlüyündən istefa verdiyini bəyan edir”.
Müsavat Partiyasının Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirli APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, onları bu addımı atmağa Müsavat Partiyasının qurultayı ərəfəsində yaşananlar, qurultayda baş verənlər və qurultaydan sonrakı proseslər vadar edib: “Şura üzvləri ilə məsləhətləşdik və belə qərara gəldik ki, bu partiyada qalmağınız mümkün deyil. Mən artıq partiya üzvü deyiləm. Amma Müsavat ideyalarının daşıyıcısı kimi bu addımı təəssüflə atıram”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə Tovuz rayon təşkilatının üzvlərinin istefası ilə bağlı partiyaya heç bir sənəd daxil olmadığını bildirdi: “Partiyanın təşkilat şöbəsi məsələni dəqiqləşdirəndən sonra ona münasibət bildiriləcək. Əgər istefa məsələsi dəqiqləşsə, buna təəssüflənməkdən başqa yolumuz yoxdur. Narazılıq edənlər şikayət ərizəsi təqdim ediblər. Baxılmasını gözləyirlər. Şikayət ərizəsinin nəticəsini gözləmədən belə bəyanat verilməsi təbii ki, bizi təəccübləndirir. Onlar bəyanatlarında qurultayda saxtakarlıqların olması barədə ittihamlar irəli sürüblər. Qubad İbadoğlunu dəstəklədiklərini də bildirirlər. Qubad İbadoğlu da bildirib ki, baş verənlərlə bağlı şikayət ərizəsi verib. Həmin ərizə də partiyanın Nəzarət Təftiş Komissiyası tərəfindən qəbul olunub və onun araşdırılmasına başlanılıb. Araşdırmanın nəticəsini gözləmədən belə bir bəyanatın verilməsi təəssüfləndiricidir”.
G.Aslanlı onu dedi ki, əvvəla, istefa varsa, həmin şəxs özü partiya rəhbərliyi ilə görüşməlidir: “Partiya qərargahına gəlməyən, heç kimlə görüşməyən adam istefa verir, sonra da deyir ki, məni çağırmalıdırlar. Bu, hansı məntiqə sığır? O, artıq partiya üzvü deyilsə, biz onunla niyə danışmalıyıq? İstefa verəcək adamın kimliyini əvvəlcədən müəyyənləşdirmək xeyli çətindir. Xoş üzlə gələn adamın sabah başqa fikirdə olmasını dəfələrlə görmüşük. Ancaq bütün hallarda bu istefaları partiyanın təşkilat şöbəsi araşdırmalıdır və araşdıracaq”.
Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoglu isə dünən günün birinci yarısı Myanmardan müsavatçılara çağırış edib. Facebook səhifəsində yerləşdirdiyi çağırışda Qubad İbadoğlu bunları bildirib: “Dəyərli və fədakar Müsavatçılar, sizə bir daha bəyan edirəm ki, Müsavat nə bir şəxsin, nə bir ailənin, nə bir kəsimin, nə də bir dönəmin partiyasıdır. Mən necə partiyada qalıb fəaliyyətimi davam etdirirəm, elə də sizləri mübarizənizi partiyada daxilində aparmağa çağırıram”.
Əslən Tovuz rayonundan olan Müsavatın sabiq Divan üzvü Vurğun Əyyub isə APA-ya bildirib ki, partiyanın rəhbərliyində olan şəxslər istefaların qarşısını necə alacaqları barədə düşünməlidirlər.
V. Əyyub Tovuz təşkilatının üzvlərinin istefasından xəbərsiz olduğunu və bundan təəssüfləndiyini bildirib: “Təbii ki, onların bu hərəkətinə təəssüf edirəm. Niyə bu qərara gəliblər, kiminlə məsləhətləşiblər, mənim bununla bağlı məlumatım yoxdur. İstefalar partiyanın rəhbərliyində olan adamları maraqlandırmalıdır ki, bunlar hansı səbəbdən baş verir və onun qarşısını necə almaq olar?..”
Müsavat Partiyası Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanlı isə bəyan edib ki, ilkin araşdırma aparıblar və məlum olub ki, Tovuz təşkilatının bütün üzvləri yox, rəhbərliyinə daxil olan bəzi şəxslər istefa verib: “Müsavat Partiyası Tovuz rayon təşkilatının adından verilən bəyanatla tanışıq. Rayon təşkilatının keçmiş sədri ilə danışaraq onların istefası barədə mətbuatda yayılan məlumatı dəqiqləşdirmişik. Rayon təşkilatının rəhbərliyinə daxil olan bəzi şəxslər partiyanı tərk edib. Lakin Tovuz rayon təşkilatında Müsavat Partiyasının ümumi ideoloji xəttini dəstəkləyən müsavatçılar var. Biz onlarla əlaqə saxlamışıq və yaxın zamanlarda Tovuz rayon təşkilatının fəaliyyəti bərpa olunacaq”.
Müsavat Partiyası Məclisinin üzvü Osman Kazımov isə teleqraf.com-a müsahibəsində bildirib ki, vaxtılə Sülhəddin Əkbər partiyadan getdi nə oldu ki, indi kimsə getsə nə olacaq: “Lap 50-100 nəfər getsinlər. Müsavat batacaq? Bir müddət bu məsələdən yazacaqlar. Lap gedib partiya da yaratsınlar. Kim getmək istəyirsə, yolu açıq və uğurlu olsun. Bu bizim üçün faciə deyil. Həyat, fəaliyyət davam edir. İndiki mərhələdə getmək fərariliyə bərabərdir. Amma onlar bizim üçün əziz insanlardır. Biz onlardan incimirik. Həyatı hər kəs bir cürə qəbul edir. İndi gəncləri təhrik edən insanlar da var. Mən İsa Qəmbərin Məclisdəki çıxışından sonra Qubad İbadoğlunun reaksiyasına baxdım. Açığı ,belə lazım deyil. Əgər kimsə getmək istəyirsə, qapı açıqdır. Müsavatı ləkələməklə, böhtan atmaqla bunu etməyin nə mənası var? Çıxsınlar desinlər ki, biz bu qərara gəlmişik və gedirik. Bu daha doğru, daha səmimi olar. Görünür, müəyyən ssenari var. Mən qurultaydan əvvəl İsa Qəmbərə dedim ki, belə bir məlumat var, ehtimal olunur ki, bu proses getsin. Həyat da göstərdi ki, mən haqlıyam.
Narazılar 2-3 gün əvvələ qədər şikayət təqdim etməyiblər, ancaq bəyanat veriblər. Bəyanatlarla şikayət araşdırılmır. Partiya nizamnamə ilə fəaliyyət göstərir. İbadoğlu deyir ki, qurultaya qədər ona qarşı ədalətsizlik olub, amma onun tərəfdarı olan Əlövsət Talışxanlı MNTK nümayəndəsi kimi qurultayda hesabat verdi, hər hansı qanun pozuntusunun olduğunu qeyd etmədi. Onlar sadəcə Qubad İbadoğlunun qalib gələcəyini hesablamışdılar və bu səbəbdən də MNTK-nın hesabatında pozuntuya yol verilmədiyini bildirdilər. Əgər Qubad İbadoğlu qalib gəlsəydi, indi də deyəcəkdilər ki, hər şey ədalətli olub.
Vurğun Əyyub Divan üzvü idi və İbadoğlunun xeyrinə təbliğat aparırdı. MNTK-dan Əlövsət Talışxanlı açıq şəkildə təbliğat aparırdı. Əslində isə MNTK partiyanın məhkəmə strukturudur və bütün mübahisələr orada çözülür. Bu mənada MNTK tərəfsiz qalmalı idi. Qubad İbadoğlunun xeyrinə İsa Qəmbərin qardaşından bəyanat alınmışdı, İsa Qəmbərin qohumları İbadoğlunun seçki kampaniyasında açıq iştirak edirdilər. Qurultaya qədər və qurultay günü narazılıq ifadə eləməyən adamlar qurultaydan sonra narazılıq qaldırırlar və bu, anlaşılan deyil”.
O.Kazmov Müsavatın fəaliyyətinə böhtan atan, kölgə salan şəxslərin nizamnamə tələbi ilə cavablarının verilməsinin vacibliyini bildirib: “Üzvü olduğu partiyanı alçaltmağa çalışan şəxs nizamnamə çərçivəsində cavabını almalıdır. Mən demirəm ki, kimisə asıb-kəsmək lazımdır. Deyirəm ki, hər kəs fikirlərinə, danışığına diqqət etməlidir. Deyirlər ki, İsa Qəmbər başda olmaqla hamı saxtakarlığa yol verib. Mən də deyirəm ki, saxtakarlıq faktlarını ortaya qoyun. Bu mənada təhqiramiz fikirlərə görə cəza olmalıdır.
İsa Qəmbər haqda təhqir yazmışdılar. Qubad İbadoğlunu dəstəkləyən bir nəfər də bu fikirləri dəstəkləyərək sosial şəbəkələrdə paylaşmışdı. Qubad İbadoğluna da deyirlər ki, bu məsələyə münasibətini bildir, ancaq o susur. Əgər bunu Arif Hacılının tərəfdarı etsəydi, Arif bəy onu tərəfdarlığından silərdi”.
Sonda qeyd edək ki, “Yeni Müsavat”a daxil olan məlumata görə, Müsavat Partiyasının daha bir neçə rayon təşkilatında üzvlərin istefa verməsi üçün müəyyən çevrələrdə müzakirələr aparılır. Mənbə Cəbrayıl və Suraxanı rayon təşkilatlarının adını bu sırada xüsusi çəkib.