Şəmkirdə ehsan qalmaqalı: polisdən qadağa - Özəl

20-10-2014, 00:08   
Şəmkirdə ehsan qalmaqalı: polisdən qadağa - Özəl

Şəmkirdə növbəti dəfə ehsan vermək istəyən ailəyə xəbərdarlıq edilib.

Bu barədə Qapanlı sakini Cahangir Məmmədov Axar.az-a bildirib. Onun sözlərinə görə, bu gün - oktyabrın 19-da polis əməkdaşları onların evinə gələrək ehsan verməməsini istəyiblər.

O, qayınanasının vəfat etdiyini və oktyabrın 20-də üç mərasimi ilə bağlı ehsan süfrəsi açmağa hazırlaşdığını bildirib. C.Məmmədov qeyd edib ki, ehsan süfrəsi təşkil etmək məqsədi ilə 220 kilo ət artıq hazırdır:

“Ancaq ehsan verməyə qoymurlar. Polislər həyətə gəldilər. Bizə dedilər ki, ehsanda yemək vermək olmaz. Biz də heyvan kəsmişik, doğramışıq, tədarük görmüşük. Deyirlər ki, belə göstəriş verilib, vəssalam. Mən də bu qadağanın hansı qanunda əksini tapdığını soruşdum.

Dedilər ki, tapşırıq belədir. Yas məclisində ehsan verməmək rəsmi şəkildə qadağan olunmayıb axı? Sadəcə, məsləhət görülüb ki, israfçılıq etməyin. Polis əməkdaşları isə təkidlə bildirdilər ki, ümumiyyətlə ehsan verməyək”.

Şəmkir sakini rayon icra hakimiyyətinə də müraciət edib:

“İcra hakimiyyətindən Arzuman müəllimlə əlaqə saxladıq. O da dedi ki, yasda yemək süfrəsi açmaq olmaz. İndi 220 kilo ət meydanda qalıb. Əgər icazə verməsələr, 220 kilo əti camaata paylamalı olacağıq”.

Xatırladaq ki, ehsan verməmək qanunla tənzimlənmir. Hökumət qeyri-rəsmi şəkildə ehsan süfrəsində yemək verilməməsi və çay mərasimi ilə məclisin tamamlanmasını tövsiyə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.