Aprel ayının 1-dən 30-dək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılmış 171 çağırışçıda xəstəlik aşkarlandığından geri qaytarılıb.
Bu barədə APA-ya sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Çağırışçılar Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində təkrar tibbi baxışdan keçiriliblər.
Geri qaytarılmış gənclərin 37 nəfərində vərəm, 62 nəfərində nevrotik reaksiya, 72 nəfərində isə digər xəstəliklər aşkar edilib.
Bundan əvvəl, yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xəstəlik aşkarlanmış 157 nəfər geri qaytarılıb.
Qeyd edək ki, yanvar ayının əvvəlində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçirilir.