Paytaxt üçün xeyli əvvəl proqnozlaşdırılan ekoloji fəlakət reallaşmağa başlayıb
Bakının əksər küçələrində yolların çəökməsi, dağılması halları artıq adi hala çevrilib. Rəsmi qurumlar baş verən hadisələrlə bağlı olduqca təmkinli və sakit şəkildə verdikləri açıqlamalarında sanki məsuliyyət daşımayan tərəf kimi çıxış edirlər. Bu anlaşılandır, çünki ölkədə illərdən bəri məmur məsuliyyəti formalaşmayıb. Əksəriyyət isə tutduğu vəzifəyə qazanc mənbəyi kimi baxıb.
Bakıda son bir həftənin içində iki yol çöküb. Belə halların yaxın vaxtlar üçün daha da artacağı qəti şübhə doğurmur. Paytaxtın əksər küçələrində yolların çökməsi, dağılması və uçmasına gətirib çıxaracaq proseslər başlayıb. Daha doğrusu, bunu açıq şəkildə gözlə də görmək mümkündür.
Nə baş verir? Araşdırmalarına görə, Bakıda yolların sıradan çıxması, çökməsi və dağılması işlərin keyfiyyətsiz görülməsi ilə bilavasitə bağlıdır. Amma bununla paralel olaraq bir neçə il əvvəl verilmiş proqnoz da özünü doğrutlmağa başlayıb. Belə ki, ölkənin tanınmış memarlarından olan Emil Axundov bir müddət əvvəl açıqlama verərək bildirmişdi ki, paytaxtı çox ciddi təhlükə gözləyir. Onun sözlərinə görə, şəhərsalmanın düzgün aparılmaması, Bakı üçün xarakterik olmayan yüksəkmərtəbəli binaların inşası qısa müddətdən sonra ekoloji fəaləkətə gətirib çıxaracaq.
Rəsmi qurumlar bildirirlər ki, Nobel prospektində yolun çökməsi qurunt sularının torpağı yuması nəticəsində reallaşıb. Emil Axundovun proqnozlarına qayıtdıqda bəlli olur ki, həmin suların yerin altı ilə axmasını təmin edən xüsusi drneajlar, kollektorlar və daha digər vasitələrin heç biri çəkilməyib. Üstəlik, Bakıda inşa edilən yüksəkmərtəbəli binalar sıxlıq yaratmaqla yanaşı, həm də torpağın basılması və təzyiq altına düşməsinə gətirib çıxarıb. Bu da istənilən halda yerin altındakı zəruri olan vasitələr sıradan çıxmağa başlayır.
Ekspertlər deyirlər ki, bu şəkildə davam edərsə, paytaxtı daha ciddi və təhlükəli proseslər gözləyəcək. Onların qənaətinə görə, aparılan tikinti işləri ilə yanaşı, həyata keçirilən bir çox layihələrdəki yanlışlıqlar Bakının ekoloji fəlakətlə üz-üzə qoymaqla yanaşı, həm də çökməsinə gətirib çıxara bilər.