Vəkil A.Məmmədov əlavə etdi: "Şahin Sultanova qarşı ittiham təqsirləndirilən Elxan Hacıyevin ifadəsindən sonra irəli sürülüb.
Elxan Hacıyev həbsindən üç ay sonra vəkilindən imtina edib və öz əleyhinə ifadə verib... Şahin Sultanova qarşı verilən zidiyyətli və yalan ifadələr onun günahsız olduğunu bir daha sübut edir".
Vəkil söylədi ki, Elxan Hacıyevdən başqa təqsirləndirilən şəxslərdən heç kim Şahin Sultanova qarşı ifadə verməyib.
Şahin Sultanovun xanımı İradə Sultanova açıqlamasında bildirdi ki, o, vitse-admiralın həyat yoldaşı olması ilə fəxr edir: "Mən Şahin Sultanovla fəxr edirəm. Mən ölkə başçısından, Mehriban xanımdan kömək istəyirəm. Şahinin günahsız olduğunu bilirəm".
İ.Sultanova həyat yoildaşının həbsindən sonra Etibar Pirverdiyevə zəng vurmasına da aydınlıq gətirib: "İnsan çətin günündə yaxın dostlarına zəng edir. Etibar Pirverdiyev Şahin Sultanovu yaxşı tanıyır. O mənə dedi ki, “narahat olmayın””.
Şahin Sultanovun xanımının mətbuata verdiyi "bir nəfərdən şübhələnirəm" açıqlamasını vəkil A.Məmmədov belə izah etdi: "İradə xanım o zaman həyəcanlı olub. Bu ifadələrə aydınlıq gətirmək doğru olmaz. İradə xanımı başa düşmək lazımdır. O, anadır, həyat yoldaşıdır. Şahin müəllimlə görüşlərdə mən iştirak edirəm. Hər detalı mətbuata açıqlamaq doğru olmaz".
Şahin Sultanovun oğlu Əşrəf Sultanov da mətbuat konfransında çıxış edərək atasının günahsız olduğunu söylədi: "Atamla görüşmüşəm. Özünü yaxşı hiss edir. Əsassız ittihamlarla həbs edilməsinə təəssüflənir".
Əşrəf Sultanov Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hərbi xidmətini başa vurub. Yüksək vəzifəli məmurlardan biri Əşrəfi Dövlət Neft Şirkətinə işə düzəltmək istəyib. Lakin Şahin Sultanov həbs edildiyi üçün həmin yüksək rütbəli məmur Əşrəfdən atasının kim olduğunu gizlətməsini xahiş edib. Əşrəf Soltanov isə bundan imtina edərək deyib ki, "mən atamla fəxr edirəm". Bu məqamı mətbuat konfransında vitse-admiralın yaxın dostu Rasim Babakişiyev xatırladıb.
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində həbsdəki sabiq Hərbi-Dəniz Qüvvələri komandanı, vitse-admiral Şahin Sultanovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə Ş.Sultanovun oğlu Əşrəf Sultanov, xanımı İradə Sultanova və yaxın qohumları iştirak edib.
Ş.Sultanovun vəkili Adəm Məmmədov bildirdi ki, əsas məqsədləri Ş.Sultanovun vətən qarşısındakı xidmətlərini diqqətə çatdırmaqdır: “Şahin Sultanov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Mərhum prezident Heydər Əliyev tərəfindən “Vətən uğrunda” medalı, indiki dövlət başçısı İlham Əliyev tərəfindən isı "Azərbaycan bayrağı" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib”.
A.Məmməddov dedi ki, Şahin Sultanov şübhəli şəxs qismində tutulub və ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Aprelin 23-də isə Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. Vəkil qeyd etdi ki, külli miqdarda mənimsəmə 7 min manatdan başladığından Ş.Sultanova qarşı da bu məbləğ iddia olunub.
A.Məmmədov Ş.Sultanova qarşı irəli sürülən ittihamları əsassız adlandırdı. Onun sözlərinə görə, Ş.Sultanov saxlanılarkən ona qarşı kobudluq edilib: “Şahin Sultanov vitse-admiraldır. Ona admiral kimi hörmət edilməli, yanaşılmalı idi”.
Sultanovlar ailəsi adından prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib kömək istəyən vəkil Ş.Sultanovun ev dustaqlığına buraxılması üçün müraciət edəcəklərini bildirdi.