“Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus barədə “Olaylar”a açıqlama verib. T.Novruzovun sözlərinə görə, keçmiş müdafiə naziri Rəhim Qazıyev Lefortovo həbsxanasında olarkən, Rusiyaya vədlər verərək Azərbaycana gəldi. QHT sədri hesab edir ki, Azərbaycana qayıtdıqdan sonra isə o, Rusiyanın tapşırıqlarını yerinə yetirməyə başladı. Təhmasib Novruzov qeyd edib ki, nazir işləyən vaxt Leyla Yunusu da Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzinə rəhbər təyin etməyin özü birbaşa Azərbaycandan olan məlumatları lazım olan instansiyalara ötürmək məqsədi idi: “Heç kəsə sirr deyil ki, MN-nın Analitik İnformasiya şöbəsində qurumun daxili sxemləri də içində olmaqla bütün məxfi məlumatlar ora verilir. Həmin materiallar əsasında ciddi analitik nəticələr əldə edilir. Həmin məlumatlar isə Leyla Yunus tərəfindən Ermənistan tərəfə ötürülürdü. Qarabağ müharibəsində hazırlanmış əməliyyatların qarşısının əvvəlcədən alınmasında Leyla Yunusun əli olub. Müharibədə ermənilərin Azərbaycanın hazırladığı əməliyyatların qarşısına əvvəlcədən planlaşdırılmış şəkildə çıxması gizli məlumatların ötürülməsi şübhəsini yaradırdı. Buna görə də Azərbaycan tərəfi Qarabağ müharibəsinin gedişində lazım olan nəticəni əldə edə bilmirdi. Həmin dövrdə və bu gün də ən yaxşı tanıdığım şəxs Leyla Yunusdur ki, öz fəaliyyətini Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi üçün planlaşdırıb”.