DİN-də geniş kollegiya iclası keçirildi

2-05-2014, 19:24   
DİN-də geniş kollegiya iclası keçirildi
Bu gün Daxili İşlər Nazirliyində "Mülkiyyət əleyhinə törədilən cinayətlərin, o cümlədən şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması" və "Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi" sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib. Daha sonra nazir deyib ki, mülkiyyət əleyhinə olan hüquqazidd əməllər respublika üzrə qeydə alınan cinayətlərin orta hesabla 30 faizini təşkil etdiyinə, onların qarşısının alınması, açılması, vətəndaşların hüquqlarının bərpası və dəymiş zərərin ödətdirilməsi sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb etdiyinə görə müvafiq sahədə fəaliyyət gündəlik nəzarətdə olub, kollegiya iclaslarının və əməliyyat müşavirələrinin müzakirəsinə çıxarılaraq bir sıra zəruri qərarlar qəbul edilib. R.Usubov yol hərəkəti təhlükəsizliyinin təminini insanların həyatının, sağlamlığının və mülkiyyətinin qorunması sahəsində çox vacib funksiyalardan biri olmaqla ictimai qaydanın qorunmasında ən mühüm istiqamətlərdən biri adlandıraraq, dövlət yol polisinin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ümumilikdə məsuliyyətlə gəldiyini, vətəndaşlarla ən çox təmasda olan xidmət kimi onun gündəlik fəaliyyətindən polisin imicinin xeyli dərəcədə asılı olduğunu diqqətə çatdırıb, görülmüş müsbət işlərlə yanaşı, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək onların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb. Müzakirələrdə çıxış edənlər görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə danışıblar. İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib. Daxili işlər naziri son illər ölkə həyatının bütün sahələrində qazanılmış uğurların, respublikada sabit və dayanıqlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasının, xalqımızın rifah halının yüksəlməsinin əsasında ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının dayandığını vurğulayıb. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilən quruculuq proseslərində daxili işlər orqanlarının da yaxından iştirak etdiyi, cinayətkarlıqla uğurlu mübarizədə, insan hüquq və azadlıqlarının, ictimai asayişin, əmin-amanlığın etibarlı şəkildə qorunmasında şəxsi heyətin Vətənə, dövlətə, anda fədakar və sədaqətli xidmətinin dövlətimizin başçısı tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub. Nazir deyib ki, 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqi hər bir əməkdaş üçün proqram xarakterli sənəd olmalıdır. General-polkovnik R.Usubov gələn il ölkəmizdə Birinci Avropa Olimpiya Oyunlarının keçiriləcəyini xatırladaraq bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşdüyünü, həmin vaxt ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmini üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb. Nazir vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət olunmasının vacibliyini, yol-nəqliyyat hadisələrinin profilaktikasının səmərəliliyinin artırılmasını, daha çox nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə olunması, ötmə qaydalarını pozma və nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmə kimi inzibati xətaların aşkarlanmasına diqqət yetirilməsini tələb edib. Daxili işlər orqanlarında pəşəkar özəyin formalaşdığını deyən R.Usubov ərazi polis orqanlarının rəislərinə kadrların düzgün seçilib-yerləşdirilməsinə ciddi fikir verməyi, Azərbaycan Polisinin şanlı ənənələrinin layiqincə davam etdirilməsi üçün sıralarımıza fiziki cəhətdən sağlam, savadlı, bilikli, geniş dünyagörüşünə malik intellektual gəncləri cəlb etməyi tapşırıb, bu xüsusda özünün sonuncu dəfə Göyçay şəhərində vətəndaşlarla bərabər, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan şəxsləri qəbul etdiyini xatırladaraq onların arasından ən layiqlilərinin seçilməsinin cəmiyyətdə asayiş keşikçilərinin nüfuzunun daha da yüksəlməsinə müsbət təsir edəcəyini deyib. Nazir hüquq-mühafizə orqanlarının birgə səyləri ilə cari ilin ötən dövründə də cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində uğurlu nəticələrin qazanıldığını, əldə olunmuş müsbət təmayüllərin qorunub-saxlanıldığını vurğulayıb. O, əmin olduğunu bildirib ki, şəxsi heyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, ali diqqət və qayğıya cavab olaraq sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.