ABŞ prezidenti jurnalistlərlə ənənəvi nahar zamanı xeyli zarafat edib
Amerika Birləşmiş Ştatlarında prezidentlə jurnalistlərin Ağ Evdə ənənəvi naharı bu il də gülməli məqamları ilə yadda qalıb.
ABŞ prezidenti Barak Obama jurnalistlər qarşısında çıxışı zamanı özünün irəli sürdüyü səhiyyə planı da daxil olmaqla, bir sıra məsələlər ətrafında zarafat edib: "Biz səhiyyə planı hazırladıq, amma hər şey daha yaxşı gedə bilərdi. 2008-ci ildə mənim şüarım "Bəli, biz bacararıq" cümləsi idi. 2013-cü ildə isə "control-alt-delete" ifadəsi oldu."
Barak Obama təqdim etmək istədiyi videoyazının açılması ilə bağlı problemin yaşanmasını da zarafat mövzusu edib. Obamanın köməyinə elə səhiyyə planının internet səhifəsində problemlərlə bağlı istefa verən Ketlin Sebelius gəlib. "Mən düzəldərəm. Onsuz da vərdiş etmişəm belə problemlərə" - deyə, Ketlin Sebelius zarafat edib və bu, jurnalistlərin gülüşünə səbəb olub.
Barak Obama ötən 1 il ərzində mətbuatda qarşılaşdığı yazılar içərisində birini xüsusilə qəribə hesab etdiyini deyib. "Ötən il bir neçə məşhur jurnalist Nobel Sülh Mükafatının Putinə verilə biləcəyini yazmışdı. Başa düşürəm, son vaxtlar bu mükafatı, demək olar ki, hər yoldan ötənə verirlər, amma yenə də bu xəbər mənə qəribə gəldi. Putinin çılpaq sinəsindən yazan sanballı jurnalistlər də məni təəccübləndirdilər" - deyə, Barak Obama bildirib.
Qeyd edək ki, Ağ Evdə artıq ənənə halına çevrilmiş prezidentlə jurnalistlərin naharı bu il də jurnalistlərlə yanaşı, hökumət rəsmilərinin, siyasətçilərin və media simalarının axınına səbəb olub və gecədən əldə edilən gəlir xeyriyyə məqsədilə təhsilə xərclənib.