Övlad ailəyə sevinc gətirir deyirlər. Bakıda dünən baş vermiş hadisə göstərdi ki, uzun illər həsrəti ilə yaşadığı övlad ailəyə bədbəxtlik də gətirə bilərmiş.
Bakı bulvarında dənizdən huşsuz vəziyyətdə çıxarılan 34 yaşlı Solmaz Quliyevanın dedikləri hamını təəcübləndirib: “Uzun illər uşağım olmayıb. Xeyli müalicə, dava-dərmandan sonra övladım oldu. Sonra daha bir uşağım dünyaya gəldi. Artıq onların əlindən bezmişəm, səsləri gələndə başım ağrıyır. Bezmişəm onlara baxmaqdan”.
Bu, S.Quliyevanın ölümün cəngindən çıxarıldıqdan sonra polisə dediyi ilk sözlərdir. Səbail Rayon Polis İdarəsindən bildirildi ki, Bakının Yasamal rayonunda yaşayan Solmaz heç bir yerdə işləmir, iki azyaşlı övladı var. Övladlarına baxa bilmədiyindən depressiyaya düşərək özünü öldürmək istəyib. Dünən günorta saatlarında bulvara gələrək özünü dənizə atıb.