Ötən həftə Bakının Binəqədi rayonunda keçirilən “palatka” toyunda kütləvi dava düşüb.
Kütləvi dava paytaxt kəndlərinin birində keçirilən toyda baş verib.
Belə ki, kənddə toy şənliyi adət etdiyimiz kimi şadlıq sarayında deyil, VİP çadırda təşkil olunub. Qədim adət-ənənələrə söykənən toy sahibləri bəylə gəlin üçün çadırda xüsusi kürsü düzəldiblər.
Toy həm şən, həm də yeməklərin bolluğu ilə seçilirdi. Toyun sonuna yaxın, tamada bəylə gəlinin şərəfinə yallı oyun havası sifariş verib. Rəqsə bəylə gəlin də dəvət olunublar. Oyunun şirin yerində gəlinin qohumlarından biri içkili vəziyyətdə aranı qarışdırıb. Sərxoş şəxs rəqsi yarıda saxlayıb və gəlinin üstünə cumub. Həmin şəxs gəlini qucaqlayıb və ürək sözlərini demək istəyib. Bu hərəkət bəyin xoşuna gəlməyib və həmin şəxsi itələyib. Bəyin qəfil hərəkətindən müvazinətini saxlaya bilməyən həmin şəxs üzü üstə yıxılıb.
Orta yaşlı şəxsin bu vəziyyətə düşməsindən əsəbləşən sərxoşun yaxınları bəyin üstünə hücum çəkiblər. Bəyin gəlinin qohumları tərəfindən döyüldüyünü görən oğlan adamı işə müdaxilə edib. Davanın miqyası böyüyüb.
Aranı sakitləşdirmək üçün ağsaqqallar işə qarışıb. Bəyi kütlənin əlindən alıblar. Bəylə gəlini çadırdan çıxarıblar. Sərxoş şəxsləri isə birtəhər sakitləşdiriblər.
Hadisə şahidlərinin sözlərinə görə, bir neçə şəxs tərəfindən döyülən bəyə ilkin yardım göstərilib. Sonradan yeni ailə həyatı quran cütlük evlərinə yola salınıb. Hadisə yerinə polis gəlməmiş ara sakitləşdirilib.