Dövlət Komitəsi: “Şişirdilən toyuqlarla bağlı araşdırma başlayıb” - VİDEO
9-02-2015, 16:28
“Məsələdən xəbərdarıq, sosial şəbəkələrdə yayılan videonu görmüşük. Bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidmətində araşdırmalara başlanılıb”.
Bunu Modern.az saytına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.
O qeyd edib ki, hər şeyin aydınlığa qovuşması üçün vaxt və əlavə informasiya lazıdmır: “Hesab edirik ki, məsələyə hüquqi müstəvidə baxılmalıdır. Bu çəkilişi həyata keçirən və onu Youtube-da yerləşdirənin kimliyi müəyyən olunmalıdır. Bunun vasitəsilə də ünvan dəqiqləşməlidir”.
Komitə rəsmisi deyib ki, yayılan videonun təxribat xarakterli olması istisna deyil:
“Bu video real da ola bilər, təxribat da, provokasiya xarakteri də daşıya bilər, yerli məhsuların keyfiyyətində şübhə yaratmaq istəyi də ola bilər. Bu təkcə bizim komitədə yox, müvafiq instansiyalarda da araşdırılmalıdır. Araşdırma başlayıb və nəticələr barədə mütləq ictimaiyyətə açıqlama verəcəyik”.
Sosial şəbəkələrdə Azərbaycanda istehsal olunan toyuqların hansısa vasitə ilə şişirdildiyinin əks olunduğuvideogörüntülər yayaılıb. Qeyd edək ki, bu video ictimaiyyət arasında narahatlıq yaradıb.