Razi Nurullayev
Avropa Birliyi sona qədər qətiyyət göstərməlidir
Angela Merkel və Fransua Ollandın Moskva səfərindən sonra Moskva psixoloji cəhətdən üstünlük qazanmış kimi görünür. Fevralın 11-də Almaniya, Fransa, Rusiya və Ukrayna prezidentlərinin Minskdə zirvə toplantısının da baş tutacağı şübhə altındadır. Dünən separatçılarla döyüşdə Ukrayna ordusu 12, separatçılar isə 70 nəfər itki verib. Belə görünür ki, Putin geri çəkilmək niyyətində deyil. Təbii ki, bunu Moskvada həm Angela Merkel, həm də Fransua Olland hiss ediblər. Bundan nəticə çıxaran hər iki dövlət başçısı artıq ritorikalarını da dəyişiblər. Onlar Ukraynanın Şərq vilayətlərinə böyük muxtariyyət verməsini dilə gətirirlər. Çünki, Avropa Birliyi bu məsələdə ABŞ qədər qətiyyət göstərmir. Əslində, ABŞ Putinin tərəfdaşlar arasına nifaq salmasını əngəlləmək üçün ciddi qüvvə sərf edir. Putin isə hələ də təhdid dilində danışır.
Jirinovskinin ötən gün Paris və Berlini bombalamaq təşəbbüsü ilə çıxış etməsi də də təsadüfi deyil. İnanmıram ki, Jirinovski özü prezident olsaydı, Almaniya və Fransanın bombalanmasına qərar verərdi. O, sadəcə Putinin mövqeyini çatdırır və həm də Qərbə mesaj verir. Mesaj ondan ibarətdir ki, Rusiya geri çəkilməyəcək və əgər Qərb Rusiyaya təzyiq üçün hərbi əməliyyatlara əl atmaq barədə düşünərsə, Moskva zərbələr endirə bilər. Yəni, cavab konkretdir: “geri çəkilən deyilik”. Düşünürəm ki, Angela Merkel və Fransua Ollandın fevralın 6-da Moskvada keçirdikləri görüşdə də bu məsələlər barədə mövqelər qətiləşib. Elə buna görə də onların mövqelərində dəyişiklik yaranıb. Hazırda, onlar Ukrayna hakimiyyətinin separatçılara güzəştə getməsini istəyirlər. Geniş səlahiyyətlərin verilməsi isə Şərq vilayətlərinin sonda müstəqilliyə aparılması deməkdir.
Bu mübarizədə qətiyyətlə hərəkət edən Barak Obamadır. Bəlkə də ABŞ qorxusu olmasaydı, Putin Kiyevi də ələ keçirərdi. ABŞ qəti addımlar atmağa başlayıb və Ukraynanı silahlandıra da bilər. Yeganə ümid yeri budur. Çünki, Rusiyanın iqtisadi çöküşü Putini daha aqressiv edir.
İndiki mərhələdə Avropa Birliyinin üzərinə böyük məsuliyyət düşür. ABŞ-la birlikdə yürüdülən siyasət sona qədər davam etdirilməlidir. Rusiyanın öz aqressiv siyasətinə bəraət qazandırmasına, özünü yenilməz göstərməsinə imkan vermək olmaz. Bu həm də demokratikləşmə prosesinə zərbə vurmaq olardı. Çünki, dünya ölkələri Qərbin Ukrayna məsələsində sona qədər qətiyyət nümayiş etdirəcəyinə ümid edir və bu qətiyyət avtoritar rejimlərdə öz siyasətlərinə redaktə etmək məcburiyyəti yarada bilər.
Bu məsələdə hər hansı geriyə çəkilmə, Qərbin nüfuzuna zərər vurar və buguünə qədər sərgilənən mövqeyin təkzibi ola bilər.
Bir sözlə, Rusiyanın şantajlarına boyun əymək olmaz. Avropa Birliyi sübut etməlidir ki, həqiqətən də "super birlik" formatıdır.