Ölkə başçısı Rusiya ilə bağlı ona verilən sualdan niyə yayındı?
Razi Nurullayev: «Ölkə başçısının söylədikləri hər üç suala cavabdan yayınmaq cəhdidir»
Artıq neçənci dəfədir ki, hakimiyyətin daxildə səsləndirdiyi bəyanatlarla xaricdə verilən açıqlamalar bir-birilə ziddiyyət təşkil edir. Dövlət başçısı Ilham Əliyevin fevralın 7-də 51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində çıxışı da bu qəbildəndir.
Sloveniyanın prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə I.Əliyevə maraqlı suallar verilib.
Sloveniyanın prezidentinin birinci sualı Avropa Birliyinin genişlənməsinə Qarabağ münaqişəsnin əngəl yarada biləcəyi ilə bağlı olub. I.Əliyev bildirib ki, Qarabağ problemi bu məsələdə əngəl deyil. Və Azərbaycanın AB ilə bağlı öz siyasəti var. Halbuki hakimiyyət konkret addımları ilə AB ilə əməkdaşlıqda maraqlı olmadığını bəyan edib: “Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə, bu, hesab edirəm ki, əsas məsələ deyil. Çünki bizim Avropa Birliyinə istənilən inteqrasiya ilə bağlı perspektivlərimiz aydındır”.
NATO ilə əməkdaşlığın gələcək perspektivləri də I.Əliyevə ünvanlanan suallar sırasında olub. I.Əliyev bildirib ki, NATO ilə əməkdaşlıq daha çox bu təşkilatdan asılıdır. Çünki Azərbaycan bir qayda olaraq ona gələn təklifləri dəyərləndirir: “NATO-ya gəldikdə, düşünürəm ki, bu, əsasən həmin təşkilatın gündəliyində duran məsələlərdən asılı olacaq. Azərbaycan kimi ölkə və beynəlxalq təşkilatlar arasında münasibətlərdə təşəbbüs həmişə beynəlxalq təşkilatdan gəlir. Bu vaxta qədər NATO ilə Azərbaycan, Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsi hər iki tərəf üçün qənaətbəxş olub. Nə NATO-nun, nə də Avropa Birliyinin danışıqlar prosesinə birbaşa müdaxilə etmək niyyəti yoxdur. Bu iki təşkilatın rəsmiləri həmin faktı dəfələrlə qeyd ediblər”.
I.Əliyevin sözlərinə görə, Azərbaycanın NATO-ya üzvlüyünün yolu isə Ermənistanın işğal altında olan torpaqlardan çıxmasıdır.
I.Əliyevə ünvanlanan üçüncü və çox mühüm sual isə, ümumiyyətlə, cavabsız qalıb. Sual isə belə olub: “Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində və Gürcüstan böhranında məqsədi varmı? Onun məqsədləri nədir? Bu sualı necə cavablandırardınız?”. I.Əliyev bu suala cavab olaraq bəzi fikirlər söyləsə də, amma onların heç bir konkret olaraq verilən suala cavab olmayıb: “Bizim üçün ən əhəmiyyətlisi bu münaqişənin həll yolunun tapılmasıdır. Ümid edirik ki, həll yolunun tapılmasına şərait yaratmaq üçün Minsk qrupunun həmsədrləri daha çox iş görəcəklər. Hesab edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa və sülh bərqərar edilərsə, bu, bütün tərəflərin maraqlarına xidmət edəcək. Buna görə də əlbəttə ki, regional əməkdaşlığı artırmaq üçün biz çoxlu işlər görürük. Məsələn, bizim Gürcüstanla ikitərəfli əlaqələrimiz regional əməkdaşlığın və Cənubi Qafqazda əməkdaşlığa necə nail olmağın çox yaxşı nümunəsidir”.
AXCP sədrinin müavini Razi Nurullayev bildirdi ki, I.Əliyev əslində hər üç suala cavabında reallıqdan yayınıb. R.Nurullayev hesab edir ki, Rusiyanın Qarabağ münaqişəsinə münasibətdə sərgilədiyi mövqeylə bağlı suala cavabın verilməməsi əslində onu göstərir ki, Azərbaycan bu istiqamətdə konkret planları yoxdur. AB ilə əməkdaşlıq məsələsində də Azərbaycanın stabil siyasət yürütmədiyini deyən R.Nurullayev vurğuladı ki, Azərbaycan Avropa Birliyi ilə yalnız öz qaydaları ilə əməkdaşlıq etmək istəyir: “Avropa Birliyi Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində Assosiyasi Sazişi imzalamağı istəsə də, Azərbaycan Avropa Birliyinə özünə sərf edən əməkdaşlıq təklif edir. Azərbaycanın təklif etdiyi sənəd Avropa Birliyi ilə əməkdaşlığı dərinləşdirmir və ölkəmizin üzərinə heç bir öhdəlik qoymur. Avropa Birliyi ilə əməkdaşlıqda ona görə irəliləyiş yoxdur ki, Azərbaycan özü Avropa Birliyinin təkliflərini qəbul etmək istəmir”.
NATO ilə Azərbaycan arasında əməkdaşlığa gəlincə isə, R.Nurullayev bildirdi ki, Azərbaycan NATO ilə əməkdaşlığa dair müəyyən zamanlarda bir sıra maraqlı ifadələr işlətsə də, Azərbaycan NATO-ya qoşulmayacağını bəyan edib. R.Nurullayevin sözlərinə görə, əlbəttə ki, burada Rusiya faktorunu da nəzərə almaq lazımdır: “Amma onu da nəzərə almaq lazımdır ki, NATO-ya qoşulmaq təkcə hərbi öhdəliklər demək deyil. Eyni zamanda ölkənin demokratikləşməsi ilə də bağlı öhdəliklər deməkdir. Hər hansı avtoritar ölkə NATO-ya daxil olaraq söz sahibinə çevrilə bilməz. ”Ona görə ölkə başçısının üç mühüm suala verdiyi cavab əslində cavab sayıla bilməz. Ölkə başçısının söylədikləri hər üç suala cavabdan yayınmaq cəhdidir", deyə R.Nurullayev vurğuladı.
Hikmət