Vətəndaşların etimadından istifadə edərək onların pulunun mənimsəməsilə bağlı daha bir fakt ortaya çıxıb. Paytaxt və bölgələrdə 7 mindən çox adamı mühafizə xidmətinə işə düzəltmə adı ilə kütləvi fırıldaqçılıq faktından sonra oxşar hadisə “T-Qroup” adlı tədris mərkəzilə bağlı qeydə alınıb. Bu dəfə tora düşənlər əsasən müəllimər olub. Ondan çox rayonda ali məktəblərə hazırlıq və dil kurslarına işə düzəltmək adı ilə külli miqdarda pul mənimsəyənlər yaxalanıb.
Son zamanlar iş axtaranların vəziyyətindən istifadə edərək onların pulunun mənimsənməsi faktları gündəmdədir. Yüksək əmək haqqı vədiylə vətəndaşları toruna salan növbəti müəssisə 6 ay əvvəl bölgələrdə “T-Qroup” adlı tədris mərkəzi kimi fəaliyyətə başlayan “Tağıyev LTD” MMC-dir. Ali məktəblərə hazırlıq və dil kurslarının tədrisilə məşğul olan mərkəz işə qəbul etdikləri vətəndaşlardan onlar üçün təkmilləşdirmə kursları təşkil edəcəyi adı altında 600 manatdan 2500 manata kimi vəsait tələb edib.
Tələb olunan vəsait özəl banklardan birinin rayonlardakı filialında açılan Ülkər Sanılı adlı şəxsin hesabına köçürülməklə işə rəsmi don da geyindirilib. Zərərçəkənlərin sözlərinə görə, mərkəzin rəhbərləri Pərvanə Ülkər və Ülviyyə adlı şəxslər olub.
“T-Qroup”un Bərdə üzrə mühasibi Elşən Hüseynovun sözlərinə görə, o və həyat yoldaşı 2500 manat pul ödəyiblər: “Məndən 3 min manat pul istəmişdilər. Bu günə kimi cəmi bircə dəfə mənə rəsmi qaydada möhürlü formada verilmiş maaşdan 250 manat pul ödədilər. Və bildirdilər ki, onların hesabında hansısa problem olub, 200 manatı veriləcək. O vaxtdan bu günə kimi heç kimə əmək haqqı verilməyib”.
İlkin məlumata görə, Qazax, Mingəçevir, Bərdə, Ağcabədi, Yevlax, Şəmkir, Lənkəran və digər bölgələrdə 300-dən çox vətəndaş eyni tələyə düşüb. Zərərçəkənlər deyir ki, işə qəbul zamanı əmək müqaviləsi tələb etsələr də hər dəfə müxtəlif bəhanələr gətirilib.
“Mənə min manat verməyi söz verib. Dəfələrlə onlardan əmək müqaviləsi tələb etmişəm. Mənə bildirilib ki, bu həftə bağlayarıq, gələn həftə bağlayarıq. Dekabrda konkret deyildi ki, yanvarın 15-də əmək müqaviləsi bağlanacaq, ya yox”, – deyə “T-Qroup”da müəllim işləyən Çapay Sadıxlı bildlirib.
Bəziləri isə işdən qovulacaqları ilə hədələnib. Qurumun 5 aylıq fəaliyyəti müddətində işçilər cəmi bir dəfə vəd olunan əmək haqqının müəyyən qismini ala bilib.
Cəmiyyətin təsisçilərilə artıq əlaqə saxlamaq mümkün deyil.
“T-Qroup”un Bərdə rayon üzrə vaxtiylə direktoru işləmiş və ittiham olunan şəxslər arasında olan Ülviyyə Balakişiyeva isə hazırlıq kurslarında sadəcə müəllim kimi fəaliyyət göstərdiyini bildirdi.
Zərərçəkənlər artıq hüquq-mühafizə orqanlarına müraciət ediblər. Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində Cinayət Məcəlləsinin (dələduzluq) maddəsilə cinayət işi açılıb. Artıq Tağıyev MMC-nin təsisçilərindən Pərvanə Tağıyeva və Ülkər Sanılı saxlanılıb. Araşdırmalar davam edir.