Maaşlarını ala bilməyən müəllimlər şikayət etdilər (VİDEO)
11-02-2015, 23:37
480 şagirdin təhsil aldığı Qubanın Elşad Bayramov adına Alpan kənd orta məktəbinin 42 müəllimi maddi çətinliklə üzləşiblər. Bu ilin yanvar ayının əmək haqqının gecikməsi müəllimlərin narazılığına səbəb olub.
Müəllimin maddi çəhətdən vəziyyətinin onsuz da çox cətin olduğunu deyən müəllim Zabit Babayevbildirdi ki, müəllimin maaşı vaxtında verilməlidir.
“Borcları vaxtlı-vaxtında ödəməyəndə onların üstünə 15-20-30 manat məbləğində pul gəlir. Bu kasıbçılıq zamanında, ehtiyac insanın boğazına kimi gəlib çatıb. Bu vəziyyətdə bu qədər artıq pulu nəyə görə ödəməliyik. Kimə görə?”, – deyə müəllim Vaqif Balaqadaşov qeyd edib.
Müəllimlərin sözlərinə görə, rayonun digər məktəblərində həmkarları əmək haqlarını vaxtında alıblar. Problemin niyə bu məktəbdə olmasının səbəbləri isə onlara məlum deyil.
Alpan məktəbində olarkən direktor Rahib Qubatovu görə bilmədik, təhsil şöbəsində olduğunu dedilər. Quba təhsil şöbəsinin müdiri Loğman Müslümovu da yerində tapmadıq. Telefon əlaqəsi saxladığımız Loğman müəllim Bakıya Təhsil Nazirliyinə getdiyini deyərək faktı təsdiqlədi. Dedi ki, problem təkcə Alpan məktəbində deyil, rayonun daha 33 məktəbinin müəllimləri yanvar ayının maaşını almayıblar.
Onun sözlərinə görə, bu, həmin məktəblərdə yeni sinif komplektlərinin yaranması və siniflərə maliyyə şöbəsindən vəsait ayrılmaması ilə əlaqəlidir. Quba Təhsil Şöbəsinin rəsmisi yaxın iki gün ərzində maaşların ödəniləcəyinə söz verdi.