Erməni kəşfiyyat qrupu məhv edildi

12-02-2015, 10:14   
Erməni kəşfiyyat qrupu məhv edildi

Düşmən ordusu öz təxribatlarının qurbanı olur; cəbhə xəttində gərginlik yaranması həmsədrləri hərəkətə gətirir
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Xəbərdə bildirilir ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Şıxlar, Qaraqaşlı, Novruzlu, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

Müdafiə Nazirliyi həmçinin bildirir ki, Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla, çoxsaylı itkilər verən kəşfiyyat-təxribat qrupu geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb. Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla, bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

**
Nəzərə çatdıraq ki, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev Almaniyada - Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən ermənilərə sərt mesaj ünvanlamışdı. Sitat: “Ermənistan nümayəndəsinin atəş açılması ilə bağlı sualına cavab olaraq bildirim ki, əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?”



Belə görünür ki, ermənilər bu ismarışın fərqində olmayıblar və nəticədə onlar öz təxribatları nəticəsində növbəti dəfə hərbi qulluqçularını itiriblər. Heç şübhəsiz ki, ermənilər bundan sonra da Azərbaycan torpaqlarında hər hansı təxribatlara yol verərlərsə, analoji aqibətlə üzləşəcəklər.
**
Bu arada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq aləmin narahatlıqları sezilməkdədir. Görünür, cəbhə xətində baş verənlərdən dolayı müharibənin geniş miqyas alacağı regionla bağlı maraqları olan qüvvələrin diqqətindən yayınmır və onlar müəyyən addımlar atılmasının zəruriliyinin fərqindədirlər.

Son açıqlamalar içərisində ən çox diqqət çəkəni isveçli alim, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi və direktoru, Mərkəzi Asiya və Qafqaz İnstitutunun və “İpək yolu” araşdırmalar Proqramının araşdırmalar üzrə direktoru Svante Kornellin açıqlamasıdır. O, “Trend”ə açıqlamasında deyib: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi maraq nümayiş etdirmir, çünki bu, erməni lobbi təşkilatları ilə ciddi problemlərə gətirib çıxara bilər”.



Analitikin sözlərinə görə, iki il əvvəl ABŞ dövlət katibi Con Kerri vəzifəsinin icrasına başlayanda qeyd etdi ki, münaqişənin həlli ABŞ üçün prioritet məsələlərdən biridir, amma o zamandan dünyada çox şey dəyişib: “Suriya məsələsi, Ukrayna böhranı və bir çox başqa problemlər yaranıb. Biz görürük ki, ABŞ son vaxtlar Fələstin-İsrail münaqişəsinə böyük diqqət ayırır”.

Onun sözlərinə görə, ABŞ bir neçə səbəbdən Qarabağ münaqişəsinin həll olunmasını istəmir. Onlardan biri siyasi səbəbdir: “Çoxları zənn edirlər ki, münaqişəni həll etmək çox çətindir, uğur şansı çox azdır, amma uzun zaman, pul və səy tələb olunur. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi səylərin olması ilə bağlı narahatlıq var, bir çoxlarına isə bu problemlər lazım deyil”.

Bu bəyanatdan sonra isə ABŞ rəsmisinin maraqlı açıqlaması ortaya çıxıb. “ABŞ müdafiə və təhlükəsizlik sahəsində Ermənistanla əməkdaşlığı dərinləşdirmək niyyətindədir”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Şərqi Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Ribin bildirib. Onun sözlərinə görə, Amerika müasir hədələrə, o sırada beynəlxalq terrorizmlə daha effektli mübarizə üçün Ermənistanla həmçinin müdafiə və məxfi xidmət sahələrində əməkdaşlığı gücləndirmək əzmindədir.



“Ermənistan, ümumən Cənubi Qafqaz dünyanın ən təhlükəli regionlarının birbaşa yaxınlığında yerləşir” - deyən diplomat Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun Birləşmiş Ştatları narahat etmədiyini də dilə gətirib. Onun fikrincə, bu amil “ikitərəfli ABŞ-Ermənistan münasibətlərinin inkişafına maneə ola bilməz və olmamalıdır”.
**
Bu arada isə ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmaq üçün Helsinkiyə toplaşıblar. Bu haqda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik twitter hesabında yazıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 12-də Finlandiya xarici işlər naziri Erkki Tuomioja və Finlandiya XİN-in dövlət katibi Peter Stenlund ilə görüşəcəklər. Bu barədə APA-ya Finlandiya XİN-in Cənubi Qafqaz ölkələri üzrə daimi səfiri Krister Mikellsson məlumat verib. O deyib ki, Helsinkidə keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq: “Bildiyiniz kimi, Finlandiya Minsk Qrupunun üzvüdür və biz həmişə bu münaqişənin nizamlanma prosesini diqqətlə izləmiş, sülhün əldə olunmasına maraqlı olmuşuq. Münaqişə ətrafındakı son gərginlik bizi də narahat edir. Ona görə də Finlandiya rəsmiləri ilə həmsədrlərin görüşü zamanı bu münaqişənin dinc yolla həllini tapması istiqamətində fikir mübadiləsi aparılacaq, prosesin daha səmərəli şəkildə inkişaf etməsi üçün mümkün addımlar müzakirə olunacaq”.



Ukrayna problemi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin də Finlandiyanı narahat etdiyini söyləyən K. Mikellsson əlavə edib ki, iki həftədən sonra bölgəyə səfər edəcək.

**
Və daha bir mühüm açıqlama da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən gəlib. Qurumdan bildirilib ki, Aİ-nin xüsusi nümayəndəsinin Dağlıq Qarabağ separatçıları ilə görüşündə əməkdaşlıq müzakirə olunmayıb.

“Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberin Dağlıq Qarabağın separatçı rejiminin ”xarici işlər naziri" Karen Mirzəyanla Yerevanda keçirilən görüşü əməkdaşlığa deyil, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına köklənib. Bu barədə çərşənbə günü “Trend”ə bu faktı şərh edərkən Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Nümayəndəlikdən deyiblər: “Bu, Salberin separatçı rejimin nümayəndələri ilə ilk görüşüdür və o, istisnasız olaraq icmalar arasında dialoqun qurulmasına yönəlib. Görüşdə əməkdaşlıq müzakirə olunmayıb”.

Çərşənbə axşamı Ermənistan KİV-i xəbər verib ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salber Dağlıq Qarabağın separatçı rejiminin “xarici işlər naziri” Karen Mirzəyanla İrəvanda görüşüb.

Salber Ermənistan mətbuatına bildirib: “Biz bu tip dialoqu, bu tipdən olan təmasları mütləq davam etdirəcəyik. Bu mənim Dağlıq Qarabağın nümayəndələri ilə ilk görüşümdür. Biz bu dialoqu davam etdirəcəyik və təmaslarımızın davam etdirilməsi üçün hansı yolları tapmağın mümkün olduğunu görəcəyik”.

Aİ nümayəndəliyindən bildirilib ki, bu görüş barədə Azərbaycan hakimiyyəti ətraflı məlumatlandırılmışdı və bu, hətta 2015-ci il yanvarın ortalarında xüsusi nümayəndənin Bakıya səfəri zamanı müzakirə edilmişdi. Nümayəndəlikdən deyilib ki, Aİ-nin xüsusi nümayəndəsi daim Bakıda məcburi köçkünlərin nümayəndələri ilə görüşlər keçirir: “Aİ-nin xüsusi nümayəndəsi bütün tərəfləri dinləməyi, onların mövqeyi ilə tanış olmağı vacib hesab edir. Aİ-nin ATƏT-in Minsk Qrupu çərçivəsində göstərilən səylərə dəstəyinin qeyd edilməsindən ötrü bütün təmaslardan istifadə oluna bilər”.

Bütün bu xəbərlərin fonunda belə bir mənzərə canlanır ki, beynəlxalq aləm Ermənistanın təxribatları nəticəsində Azərbaycanın səbrinin daşdığının fərqindədir. Həmsədrlər, beynəlxalq qurumlar anlayırlar ki, Azərbaycan hər an öz torpaqlarını işğaldan azad etmək üçün haqlı olaraq hərbi varianta əl ata bilər və ona görə də onlar danışıqlar prosesində hansısa nəticələr əldə edilməsi üçün səylərini artırmağa başlayıblar. Ancaq eyni zamanda o da sezilir ki, bütün zamanlarda olduğu kimi, Ermənistan yenə də danışıqlar prosesini pozmaqda və mövcud status-kvonun saxlanılmasında maraqlıdır. Bu isə Azərbaycanın qətiyyən marağında deyil. Azərbaycanın mövqeyi budur ki, Ermənistan işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmalıdır, sülhə nail olmağın yeganə yolu budur. Əks təqdirdə, müharibə qaçılmazdır. Bu haqlı mövqeyimiz beynəlxalq aləmə də təbii ki, aydındır.

Hər halda, bu gün Helsinkidə aparılacaq müzakirələrdən sonra mənzərə bir qədər də aydınlaşa bilər...

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar