"Mənə krediti verən də, məni öz qurumları vasitəsilə haqsız yerə tutan da bu hakimiyyətin adamlarıdır”
Abdulla Abdullayev “qarşıdan çox isti, çox qaynar, çox qızmar havalar gəlir” mesajını verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə A.Abdullayevin vəkilləri çıxış edərək onun barəsində olan cinayət işinə xitam verilməsi, həmin vəsatətin təmin olunmayacağı təqdirdə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.
Onu da qeyd edək ki, yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o iş də bu cinayət işi ilə əlaqəlidir. Ə. Hacıyev, bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb.
Etiraz baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Həmin etiraza Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. İş yenidən hakim Əfqan Hacıyevin icraatına qaytarılıb.
Dünənki prosesdə iştirak edən keçmiş məhbus, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da facebook profilində məhkəməylə bağlı fikirlərini paylaşıb. Onun sözlərinə görə, məhkəmədə qələbəlik olub. “Ağır və gərgin bir məhkəmə iclası idi. Abdulla çox əsəbi və qəzəbliydi. Gələn iclasdan məhkəmə zalına başda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olmaqla, bir çox dövlət və hökumət xadimlərini dəvət edəcəyini dedi. Abdulla həbsini siyasi sifarişə və hakimiyyətdaxili maraqların toqquşmasına bağlayır. "Mən 25 il gecə-gündüz demədən bu hakimiyyət və bu dövlət üçün çalışdım. Sonu beləmi olmalı idi?" deyə hayqırır AMAY-ın sahibi. "Mənə krediti verən də, məni öz qurumları vasitəsilə haqsız yerə tutan da bu hakimiyyətin adamlarıdır. "Texnikabank"ın, "Milli Bankın" direktorlarını gətirəcəyəm bura və o zaman hər şey məlum olacaq". Çox iddialıdır Abdulla Abdullayev” – deyə Ə.Zeynallı vurğulayır.
Abdulla Abdullayev "Çox isti, çox qaynar, çox qızmar havalar gəlir qarşıdan" mesajını da verib.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, o birilər isə zamindədir.
Növbəti proses fevralın 19-na təyin edilib.