Azərbaycanla ABŞ arasında “soyuq müharibə” başlayıb

13-02-2015, 10:02   
Azərbaycanla ABŞ arasında “soyuq müharibə” başlayıb
«Foreign Policy» Azərbaycandakı repressiyalar və Emin Hüseynovun başına gələnlər barədə geniş məqalə yayımlayıb

«Emin and içir ki, beşcə saniyə geciksəydi, həbs olunacaqdı...»

ABŞ-ın xarici siyasətinə birbaşa təsiri olan “Foreign Policy” jurnalında Azərbaycandakı repressiv vəziyyət, o cümlədən tanınmış jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovun başına gələnlər barədə geniş məqalə yayımlanıb. Məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycanda media azadlığını müdafiə edən, amerikalı hərbçi xanımın həyat yoldaşı olan Emin Hüseynovun həyatına təhlükə yaranarkən o, ABŞ-ın bu ölkədəki səfirliyinə gedib. Lakin rədd cavabı alıb.
Amerika səfirliyinin müdafiə etməkdən imtina etdiyi bu azərbaycanlı dissident son yarım ildə Isveçrənin Bakıdakı səfirliyinə sığınaraq, orada yaşayır. 35 yaşlı hüquq müdafiəçisi Emin Hüseynov uzun müddətdir ki, Ilham Əliyevin rəhbərlik etdiyi avtoritar rejim tərəfindən təqiblərə məruz qalmışdı. 2014-cü ilin avqustunda artıq onun həbsi qaçılmaz idi və bu səbəbdən Isveçrə səfirliyi humanitar əsaslarla ona sığınacaq verib. O vaxtdan Emin Hüseynovdan xəbər yox idi.
Isveçrə televiziyasında yayımlanan “Rundschau” proqramında bu sükut pozuldu, Isveçrə Xarici Işlər Nazirliyi Hüseynova Bakıdakı səfirliyin binasında sığınacaq verildiyini təsdiqlədi. Onun altı ay yarım əvvəl Isveçrə səfirliyinə necə gedib çıxması məşhur “Arqo” filmini xatırladır, hərçənd, bu prosesdə ABŞ-ın iştirakı olmayıb. Bu barədə “Foreign Policy”ə Hüseynova yaxın mənbələr məlumat verib.
Azərbaycanda Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu adlı təşkilatın sədri olan Emin Hüseynov bu ölkədə hakimiyyətin söz azadlığına, vətəndaş cəmiyyətinə qarşı intensiv hücumlarının çoxsaylı qurbanlarından biridir. Xüsusən son bir ildə bu ölkədə baş verən repressiyalar beynəlxalq hüquq müdafiəçilərini də şoka salıb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli ötən ilin mayında qanunsuz sahibkarlıq, vergidən yayınma kimi saxta ittihamlarla 5 il 6 ay azadlıqdan məhrum edildi. Onun gerçək “cinayəti” isə insan haqlarının vəziyyətinə dair monitorinqləri, Əliyev hökumətinin keçirdiyi seçkilərdəki pozuntulara dair hesabatları idi. Həmin vaxt Anar Məmmədli ilə yanaşı, Mərkəzin icraçı direktoru Bəşir Süleymanlı da 3 il 6 ay azadlıqdan məhrum edildi. Iyul ayında isə insan hüquqlarının müdafiəsi uğrunda aktiv mübarizə aparan, eləcə də Dağlıq Qarabağ münaqişəsinin tarışıq yolu ilə həlli istiqamətində çalışan Leyla Yunus qondarma ittihamlarla həbs olundu. Ona qarşı irəli sürülmüş ittihamlar arasında dövlətə xəyanət - Ermənistanın xeyrinə casusluq da var. Bir qədər sonra onun həyat yoldaşı Arif Yunus da dövlətə xəyanət, dələduzluq kimi ittihamlarla həbsxanaya salındı. Nəhayət, avqust ayında Azərbaycanın iki tanınmış hüquq müdafiəçisi - Intiqam Əliyev və Rəsul Cəfərov həbs olundu. Elə həmin ayda Emin Hüseynovun da həyatına təhlükə yarandığından, o gizləndi...
Mənbənin məlumatına görə, hələ bu hadisədən əvvəl - iyun ayında onun bank hesablarına həbs qoyulmuşdu. Amma o zaman hələ Hüseynov ölkədən gedə bilərdi. Bu addımı atmışdı da. O və Rəsul Cəfərov Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak etmək üçün Strasburqa getmişdi. Onlar Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətini boğmasını müzakirəyə çıxartdı.

ABŞ səfirliyinin reaksiyası...

Avqustun əvvəlində Hüseynov ABŞ-ın Bakıdakı səfirliyində keçirilən bir tədbirdə iştirak edib. Həmin tədbirin sonunda o, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla tək qalıb. O zaman ABŞ səfiri Riçard Morninqstarın səlahiyyət müddəti artıq başa çatmış və təxminən bir həftə əvvəl Bakını tərk etmişdi. Mənbənin sözlərinə görə, həmin görüşdə Hüseynov bir vərəqə “Mən həbs təhlükəsi altındayam. Siz mənə necə kömək edə bilərsiz?” yazaraq, onu Hoqana ötürüb. Hoqan isə cavabında deyib ki, kömək edə bilmir.
“Hüseynovun Dereklə münasibətləri heç vaxt pis olmayıb. O, heç vaxt səfirliyi tənqid etməyib. Hətta ABŞ-ın Azərbaycanla bağlı siyasətini tənqid edəndə də mümkün qədər diplomatik olmağa çalışıb”, - deyə adının açıqlanmasını istəməyən mənbə bildirib.
“Foreign Policy” Hoqanla əlaqə saxlama cəhd göstərib, lakin səfirlikdən Vaşinqtonda Dövlət Departamentinə müraciət etmək tövsiyə olunub. Lakin oradan da kimsə sualları cavablandırmayıb.
Avqustun 6-da Hüseynov Türkiyəyə müalicəyə getmək istərkən sərhəd xidməti tərəfindən saxlanılaraq, ölkədən buraxılmayıb. Avqustun 8-də isə RATI-nin əməkdaşları ona zəng edərək xəbər veriblər ki, təşkilatın ofisi təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb. Onlar Emin Hüseynova işə gəlməməyi məsləhət görüblər. Ardınca təşkilatın ofisində axtarış başlayıb, bundan sonra mətbuatda Emin Hüseynovun həbsi barədə şayiələr yayılıb. O, barəsində yazılanlara heç bir münasibət bildirməyərək, gizləndi. Bu da onun yeri haqda şayiələrin artmasına səbəb oldu. Bəzi media orqanlarında onun ABŞ-ın Bakıdakı səfirliyində gizləndiyi haqda məlumatlar yayıldı. Lakin avqustun 12-də səfirlik bəyanat yayaraq, bu haqda xəbərləri təkzib etdi. Lakin Vaşinqton onun çətin durumuna münasibətdə tamamilə biganə deyildi. ABŞ-ın ATƏT-dəki səfiri avqustun 14-də bəyanat verərək, rəsmi Bakını ayrı-ayrı təşkilatlara və fiziki şəxslərə qarşı hücumlara, öz hüquq və azadlıqlarından istifadə etməyə çalışan dinc fəalların həbsinə son qoymağa çağırdı. Bəyanatda Leyla və Arif Yunuslar, Intiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynovla bağlı baş verənlər xatırladılırdı.
Lakin Hüseynov özü ABŞ vətəndaşı olmasa da, onun amerikalı xanımın həyat yoldaşı olması faktına görə Dövlət Departamenti onun işinə prioritet qaydada diqqət yetirməli idi.

Emin Hüseynov mülki geyimliləri necə aldadıb?

Avropanın bir neçə ölkəsi Hüseynova sığınacaq təklif edib. O isə Isveçrəni seçib.
“O, xarici görünüşünü - saçlarının rəngini, üzünü dəyişmişdi. Emin, hətta ətrafdakıların onu tanıyıb-tanımayacağını müəyyənləşdirmək üçün kiçik bir test keçirərək, xarici görünüşünü dəyişmiş halda bir müddət küçədə gəzib”, - deyə mənbə bildirib.
Avqustun 18-də etibar etdiyi bir azərbaycanlı onu avtomobillə gətirərək səfirliyin yaxınlığında düşürüb. Həmin sürücünün kimliyi məlum olan kimi, o, ölkəni tərk etmək məcubriyyətində qalıb. Hakimiyyət bilirdi ki, Hüseynov başqa ölkədən sığınacaq almağa çalışır. Ona görə də Bakıdakı səfirliklərin ətrafını izləməyə başladılar.
“Emin səfirliyə gedirdi və onu da bilirdi ki, ətrafda xeyli mülki geyimli polislər var. Onlar Eminlə danışmağa cəhd göstərmişdilər. Lakin o, çətinliklə də olsa, ingilis dilində danışaraq, onları özündən uzaqlaşdırmağa çalışıb. Onlar Emindən pasportunu təqdim etməyini istəyiblər. ”Yox, yox, mənim Isveçrə pasportum var", - deyə Emin onlara cavab verib. Onlar əvvəlcə Emini tanımayıblar. Polislər onu sorğu-suala tutduğu bir vaxtda o, səfirliyin qapısının zəngini vurub. Kimsə qapını açaraq, onu içəri dartıb. Emin and içir ki, beşcə saniyə gecikmə olsaydı, o, həbs olunacaqdı", - deyə Hüseynovun səfirliyə necə gəldiyi haqda məlumatlı olan mənbə danışır.
Artıq bir neçə aydır ki, Hüseynov öz vətənində Isveçrə ərazisində yaşayır. Səfirliyin binasının ətrafı sutkanın 24 saatı polis nəzarətindədir. Əliyev hökuməti Emin Hüseynovun Isveçrə səfirliyində olduğunu bugünədək rəsmi şəkildə açıqlamayıb. Heç Isveçrə tərəfindən də bu haqda hər hansı rəsmi açıqlama olmamışdı. Hərçənd, bu müddətdə Isveçrə Əliyev hakimiyyətilə Emin Hüseynovun ölkədən təhlükəsiz şəraitdə çıxarılması üçün danışıqlar aparılırdı.

“Bu ağılsızlıq hələ də davam edir...”

Emin Hüseynovla bağlı baş verənlər bir sıra hüquq müdafiəçilərinə məlum idi. “Foreign Policy” onlardan “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Qoqiaya müraciət edib.
“Mən bilirəm ki, Isveçrə hökuməti Azərbaycanla ən yüksək səviyyədə danışıqlar aparır. Onu da bilirəm ki, Azərbaycan hökuməti Eminin ölkədən çıxmasının əleyhinədir. Bu ağılsızlıqdır və hələ də davam edir”, - deyə Qoqia bildirib.
Hüseynovun ölkədən təhlükəsiz çıxarılması xüsusilə vacibdir.
O, 2008-ci ildə Çe Gevaranın ad günü münasibətilə təşkil olunan tədbirdə iştiraka görə həbs olunmuş, polis əməkdaşlarının ona verdiyi işgəncə nəticəsində reanimasiyaya düşmüşdü. Kəllə-beyin travması alan Hüseynov uzun müddət müalicə olunub.
Emin Hüseynovun kiçik qardaşı Mehman video-blogger, həmçinin foto-jurnalistdir, RATI-nin əməkdaşı idi. O da 2012-ci ildə polislərin təqiblərinə məruz qalıb, saxlanılıb. Bunun səbəbi isə Bakıda keçirilən “Eurovision” ərəfəsində ölkədə insan hüquqlarının pozulması faktlarına diqqət çəkməsi idi. 2014-cü ilin oktyabrında Mehman yenidən saxlanılıb və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə aparılıb. Onun da ölkədən çıxışına qadağa qoyulub.
Georgi Qoqia deyir ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti həmişə pis olub, son vaxtlar isə durum lap dəhşətlidir: “Üç əsas hadisə baş verdi ki, onlar əvvəllər olmamışdı. Əvvəla, hakimiyyət QHT sektorunun ən görkəmli fiqurlarını həbs elədi. Ikincisi, bu ölkədə ötən ilin yanvarından bəri heç bir xarici qrant qeydə alınmayıb. Əvvəllər də QHT-lər qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirirdilər. Lakin o zaman bu, formal xarakter daşıyırdı. Heç kim imtina cavabı almırdı. Üçüncüsü isə, hakimiyyət 50-dən artıq müstəqil QHT-nin və həmin təşkilatların rəhbərlərinin, o cümlədən Emin Hüseynovun bank hesablarına həbs qoydu. Azərbaycan insan hüquqlarının vəziyyəti pis olan ölkədən tamamilə qapalı bir ölkəyə çevrildi. Ölkənin belə qısa müddətdə dünyadan təcridi insanı şoka salır. Ən dəhşətlisi budur ki, bütün bu hadisələr Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə baş verir”.
1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Kozlariç deyir ki, səfirlik polis təqibilə və ya həbslə üzləşən şəxsin Amerika vətəndaşının həyat yoldaşı olduğunu bilirsə, ona sıravi Azərbaycan vətəndaşı ilə müqayisədə daha diqqətlə yanaşmalıdır: “Səfirlik orada həmin ölkənin orta statistik vətəndaşı üçün o qədər çox şey eləmək mümkün deyil. Amma əgər söhbət bizim həmvətənimizin həyat yoldaşından gedirsə, bu halda, vəziyyət dəyişir”.
Maraqlıdır ki, Emin Hüseynov həyatına yaranmış təhlükəyə görə qaçıb gizlənən ərəfədə ABŞ səfirliyilə bağlı başqa bir fakt da ortaya çıxdı. Söhbət həm Azərbaycan, həm də Amerika vətəndaşlığı olan şəxsin hüquqlarının pozulmasından gedirdi.

Səid Nurini ələ almaq cəhdi...

Altı il siyasi mühacir kimi Birləşmiş Ştatlarda yaşadıqdan sonra 2012-ci ildə ABŞ vətəndaşı olmuş Səid Nuri deyir ki, o, Azərbaycana gələndə hər yerdə onu izləyirdilər, polis daim onu nəzarətdə saxlayırdı: “Hakimiyyət məni hər yerdə izləyirdi, şəkillərimi çəkirdilər. Kafedə və ya restoranda oturanda o biri masaya kamera quraşdırırdılar. Hətta dostlarımla söhbətlərim barədə məqalə hazırlayıb yaymışdılar”.
Ötən ilin avqustunda Səid Ukraynada olarkən xərçəng xəstəsi olan atasına baş çəkməkdən ötrü Azərbaycana gəlmək məqsədilə viza üçün müraciət etsə də, Kiyevdəki səfirlik ona imtina cavabı verir. Nəhayət, üç həftədən sonra viza problemini həll edir: “Bakıya gedib 7 gün ailəmlə qaldım. Sonra Kiyevə gedəndə aeroportda məni saxladılar ki, ölkədən çıxışıma qadağa qoyulub.
Ertəsi gün Baş Prokurorluq bəyanat yaydı ki, mən bir sıra cinayət işləri üzrə dindirilməliyəm. Mən vəkilimlə prokurorluğa getdim, altı saat ifadə verdim. Onlar məndən ABŞ hökuməti, Mərkəzi Kəşfiyyat Idarəsilə əlaqələrimin olub-olmadığını, həmçinin QHT-lər, jurnalistlərlə əlaqələrimi soruşdular. Həmçinin necə sığınacaq və vətəndaşlıq aldığımı, niyə tez-tez Kiyevə gedib-gəldiyimi də soruşdular. Onlar sonda məni casusluqda ittiham etdilər".
Səid Nurinin vəkili ona deyib ki, Azərbaycan hakimiyyəti onu Birləşmiş Ştatların xeyrinə casusluqda günahlandırıb həbs etməyi planlaşdırırdı. Səid deyir ki, həmin vaxt ABŞ səfirliyi faydasız oldu. Səfirlikdən Səid Nuriyə göndərilən qısa və diplomatik məktubda yazılıb: “Başa düşürük ki, sən bizim vətəndaşımızsan. Amma problem ondadır ki, sən başqa ölkənin ərazisindəsən. Bu ölkə də sənin onun vətəndaşı olduğunu iddia edir. Bu, suveren dövlətdir və biz onun daxili işinə qarışa bilmərik”.
Əliyev hakimiyyəti də Səid Nurini ələ almağa çalışır. Bildirirlər ki, Amerika vətəndaşlığından imtina edib bunu açıq şəkildə bəyan etsə, onun üçün yaxşı həyat təşkil edəcəklər. Bu cür yumşaq tonda ələ almaq cəhdi işə yaramayanda hakimiyyət başqa vasitələrə əl atır: “Onlar gizli yolla çəkdikləri, mənim sevgilimlə birgə intim görüntülərimi yaydılar. Bu yolla məni şantaj edirdilər”.
Səkkiz günlük hədə-qorxulardan, təzyiqlərdən sonra Səid Nuri Azərbaycan vətəndaşlığından məhrum edilərək ölkədən deportasiya olunur. Hazırda o, Çikaqoda yaşayır.

Azərbaycan hökuməti ABŞ-la münasibətləri pozur

“Azərbaycan göstərdi ki, onlar Amerika vətəndaşlarına və ”Azadlıq" radiosu kimi ABŞ təşkilatları ilə bağlı şəxslərə qarşı xoşagəlməz addımlar ata bilərlər", - deyə Riçard Kozlariç bildirib. O, “Azadlıq” radiosu ətrafında baş verənləri, radionun əməkdaşı, tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılın da yataq otağında gizli yolla çəkilmiş görüntülərlə şantaj olunmasını yada salır. Keçmiş səfirin fikrincə, hazırda Azərbaycan hökuməti ABŞ-a qarşı “soyuq müharibə” elan edib: “Əvvəllər onlar münasibətlərə xələl gətirəcək addımlar atmırdılar. Amma indi münasibətlər onları maraqlandırmır”.
Bu ölkədə dissidentləri narahat edən odur ki, Obama administrasiyası neftlə zəngin bu ölkədə avtoritarizmin hökm sürməsinə əhəmiyyət vermir. Azərbaycan hökuməti ABŞ və Avropaya siyasi baxımdan təsir göstərmək, özünə imic yaratmaq məqsədilə son iyirmi ildə lobbi işinə böyük həcmdə pullar xərcləyib, enerji tərəfdaşlığı amilindən istifadə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar