Ermənistanın İstintaq Komitəsi fevralın 10-da təmas xəttində Azərbaycan ordusunun mövqelərinə qarşı diversiya həmləsinə cəhd edərkən məhv edilmiş hərbçiyə görə bir zabiti həbs edib.
Virtualaz.org xəbər verir ki, İstintaq Komitəsindən yayılan qısa açıqlamada deyilir ki, baş leytenant Tiqran Simonyanın həlak olmasına görə qaldırılmış cinayət işi çərçivəsində onun xidmət etdiyi hərbi hissənin baş leytenantı Taron Gedeonyanın həbsinə qərar verilib. Gedeonyan döyüş növbəsinin çəkilməsi qaydasının ağır nəticəyə gətirib çıxaran pozulmasında ittiham olunur.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi Tiqran Simonyanın fevralın 10-da saat 19.55-də təmas xəttində “döyüş növbəsi” zamanı həlak olduğunu açıqlayıb. Simonyanın rütbəsi və digər təfərrüatlar isə açıqlanmayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bildirib ki, ordumuz düşmənin iki diversiya cəhdinin qarşısını alıb, belə cəhdlərdən biri zamanı Ermənistan ordusunun xüsusi təyinatlı dəstəsinin komandiri olan zabit Tiqran Simonyan və daha bir neçə düşmən hərbçisi məhv edilib.
Virtualaz.org