nın vəkili Abdulla Abdullayevin həbsinin səbəblərini açıqladı, Əvəz Zeynallı bu prosesin pərdəarxası nüanslarını təhlil etdi
Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi ilə bağlı növbəti proses keçirilib. Həbsdə olan iş adamının vəkili Osman Kazımov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, cinayət işinə xitam verilməsi, həmin vəsatətin təmin olunmayacağı təqdirdə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırılıb. Ancaq hakim verilən vəsatətlərin heç birini təmin etməyib.
Vəkilin sözlərinə görə, A.Abdullayevin bu işdə günahsız olduğu və sifarişlə həbs edildiyi açıq görünür: “Bu iş mülki xarakterlidir və ipoteka kreditləri ilə əlaqədardır. Abdullayev ”Gənclik" metrosu tərəfində olan A.M.A.Y-ın inzibati binasını tikintisini həyata keçirirdi. Bu tikinti üçün dövlət tərəfindən ayrılan vəsaitin mənimsənilməsindən söhbət gedə bilməz. Sadəcə, verilən kreditin təyinatsız xərclənməsi mübahisəlidir. Dövlət tərəfindən ayrılan vəsaitlə və qeyri-rəsmi razılaşma ilə bu binanın tikintisinə icazə verilib. Abdullanın bu məsələdə günahı yoxdur. Bu məsələdə görünən odur ki, hakimiyyət daxilində qruplaşmaların çəkişməsində Abdulla Abdullayevin əmlaklarını əlindən almaq istəyiblər".
Vəkil hesab edir ki, onun azadlığa buraxılması proseslərin gedişindən asılıdır: “Hazırda Xətaidə olan ticarət mərkəzi daxil olmaqla digər əmlakları da girov qoyulub. Dövlət sifarişi ilə binanın tikintisində Hacıbala Abutalıbov başda olmaqla, kreditin ayrılmasında ”Texnikabank"a qədər kimin prosesdə iştirakı varsa, Abdulla Abdullayev onları məhkəməyə dəvət edib. Mən düşünmürəm ki, bu həbsdə siyasi maraqlar var, iqtisadi çəkişmələrin nəticəsidir və mülkü işdir".
Məhkəmə prosesində iştirak etmiş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı qəzetimizə açıqladı ki, gərgin bir proses keçib. Onun sözlərinə görə, növbəti iclaslarda “AMAY Abdulla”nın səs-küylü çıxışlar edəcəyi gözləniləndir. Ə.Zeynalı prosesə maraq olduğunu və növbəti məhkəmədə daha çox insanın iştirak edəcəyini qeyd etdi. Onun sözlərinə görə, A.Abdullayevin həbsi təkcə iqtisadi maraqların toqquşmasından baş verməyib: “Bu işdə siyasi maraqlar var və qruplaşmaların təzahürüdür. Abdulla özü həyəcanlı idi, əsəbi ritorikası vardı, 25 illik haqq-hesabın çəkiləcəyi hiss olunur. Çünki özü çıxışında qeyd etdi ki, bu illər ərzində iqtidara xidmət edib və bu da nəticəsi...Hələ onun dediklərinin bəzilərini yazmadım. Üstəlik, qarşıda daha qaynar və qızmar havalar gəldiyini deməklə hansısa dairələrə mesaj ötürmüş oldu. Belə görünür ki, iki qruplaşmanın toqquşmasında iştirak edən Abdulla Abdullayev bu prosesə görə həbs edilib”.
Qeyd edək ki, A.Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, o birilər isə zamindədir. Növbəti proses fevralın 19-na təyin edilib.
E.SALAMOĞLU