Ayaqlar Altındakı Cənnət !

15-02-2015, 18:10   



İslamda ananın məqamı və analıq məqamının insanın həyatındakı rolunu dərk etməyimiz üçün uca Rəbbimizin kitabına və Rəsulullanın (s.ə.v.v) və Əhli-beytin nurlu sözlərinə müraciət etmək lazımdır.

Biz mümkün qədər ayə və hədislərdən istifadə edərək bu mövzunu sizlərə açıqlamağa çalışacağıq.

Allah Təala Qurani -Kərimdə belə buyurur:
“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” – de.”

(İsra Surəsi, ayə 23-24)

Bir başqa ayə həm də belə buyurur:
“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!”
(Loğman Surəsi, ayə 14)
Göründüyü kimi, bu ayələrdə Allah ana ataya yaxşılıq etməyi, onlara şükr etməyi öz ibadəti və şükrü ilə bərabər zikr etmişdir. Bu da ana atanın Haqq Təala yanındakı məqamını və onlara yaxşılıq və itaət etmənin əhəmiyyətini göstərir.

Onun üçün ana, ataya itaət etmək günah və vacib olan şeylər xaricində vacibdir. Hətta valideyn övladını müstəhəbb ( bəyənilən) olan bir əməli etməkdən çəkindirib başqa bir işə əmr edərsə,övlad onların dediyini etməlidir.

Bir gün bir nəfər Hz.Peyğəmbər(s)-in (ə ) yanına gələrək :
“ Ya Peyğəmbər ! Ana və atanın övladları boyundakı haqqı nədir? “
Əziz Peyğəmbərimiz(s) belə buyurdu:
"Onlar sənin cənnət və cəhənnəmindir.
“Əttərğibu vət-Tərhib “ 3-cü cild , Səh:316.



Yəni onlara edəcəyin yaxşılıqlar və onlara qarşı vəzifələrini yerinə yetirməklə cənnəti qazana bilərsən. Amma onlara qarşı vəzifələrini yerinə yetirməsən ,cəhənnəmə getməyi haqq etmiş olarsan.

Həzrət Əli (ə) buyurub :
"Ana ataya yaxşılıq etmək ən böyük fərzdır.”
“Ğurəril-Əxlaq “ ,4423-cü hədis

İmam Sadiq (ə):
"Allah ana və ataya yaxşılıq etməyi əmr etmişdir" ayəsini belə açıqlamışdır: "Yaxşılıq etmək, onlarla yaxşı yaşamaq və ehtiyaclarını ağız açıb istəmədən yerinə yetirməkdir.
“Əl-Kafi “ , 2-ci cild , Səh:157.



Yenə Peyğəmbər (s.ə.v.v) belə buyurmuşdur: "Kim ömrünün uzanmasını və niyyətinin olmasını istəyirsə, ata-anasına yaxşılıq etsin və qohumlarını çox-çox ziyarət etsin."
“Əttərğibu vət-Tərhib “ ,3-cü cild ,Səh: 317.


Rəsuli - Əkrəm (s.ə.v.v):
"Qiyamət günündə yaxşıların ağası ölümlərindən sonra ana və atalarına yaxşılıq edən kimsələrdir.”
“Biharül-Ənvar “,74-cü cild,Səh: 86.

Səkkizinci İmamımız Hz.İmam Rza (ə):
"Ana və ataya yaxşılıq etmək vacibdir.Hətta onlar müşrik (kafir) olsalar belə. Əlbəttə, Allaha üsyan olan şeylərdə onlara itaət edilməz.”
“Biharül-Ənvar ,74-cü cild ,Səh: 72.

Buraya qədər ayə və hədislərdən ana və atanın ikisinə yaxşılıq və itaət etmənin əhəmiyyəti başa düşülürdü. Lakin digər bir çox rəvayətdən aydın olur ki ,ananın haqqı və ona yaxşılıq etmək daha vacibdir. Məhz bu hədislərdən bəzilərini oxucularımıza nümunə üçün qeyd edirik :

Bir gün biri Hz.Peyğəmbər(s.ə.v.v)-dən soruşur:
"Mən kimə yaxşılıq edim ?" Peyğəmbər (s) : "Anana " deyir. Sonra təkrar “ kimə ?”deyə soruşduqda təkrar "Anana" deyir. Adam təkrar soruşur. Peyğəmbər(s) yenə "Anana" deyir. Adam təkrar soruşduqda Peyğəmbər(s) bu dəfə "Atana" deyə cavab verir.

“Əl-Kafi “ ,2-ci cild,Səh : 159.

Rəvayət edildiyinə görə biri Hz.Peyğəmbər(ə) –in yanına gələrək : "Ya Peyğəmbər! Mən çox pis işlər görmüşəm, görəsən, mənim tövbəm qəbul olarmı?” deyir. Rəsuli- Əkrəm (s) : "Görəsən anan və ya atan yaşayırmı? “ deyə ondan soruşur. O da : "Atam yaşayır" deyir.

Rəsuli- Əkrəm(s) :
"Get və ona yaxşılıq et ! " buyurur.O adam çıxıb gedəndən sonra, Rəsuli -Əkrəm(s.ə.v.v) yanındakılara dönərək belə buyurur :
"Kaş anası sağ olsaydı və ona yaxşılıq etsəydi. Tövbəsi daha tez qəbul olardı. "
“Biharül –Ənvar,” 74-cü cild ,Səh: 82.

“ Bir gün Musa Peyğəmbər Allah Təaladan cənnətdəki yoldaşını ona tanıtmasını istəyir. Ulu Yaradan ona belə xitab edir:
"Sənin cənnətdəki yoldaşın filan məhəllədəki gəncdir! “
Həzrət Musa(ə) gənci tapmaq üçün oraya gələndə onun sallaqxanada qəssablıq edən biri olduğunu görür. Musa onu gizli müşahidə etməyə başlayır .O,öyrənmək istəyir ki,bu gənc hansı əməllə belə böyük bir məqamı əldə etmişdir.

Axşama qədər gözləyir . Amma onun üçün əhəmiyyətli olan və gənci belə bir məqama layiq qılacaq bir əməli görə bilmir . Axşam olunca gənc iş yerini bağlayıb evə getmək istədikdə Həzrət Musa(ə) özünü ona tanıtmadan bu gəncdən , o gecə özünü qonaq etməsini istəyir. Həzrət Musa(ə) bu münasibətlə gecə boyu da gəncin yaxşı əməllərini izləməyi qarşısına məqsəd qoyur.

Gənc Həzrət Musa(ə)-nın istəyini qəbul edib onu evinə aparır. Hz.Musa(ə) evə girdikdə, gəncin hər şeydən əvvəl yemək hazırladığını , daha sonra evdə olan və əli -ayağı iflic olan qoca bir qadının yanına gələrək böyük bir səbr və şəfqətlə yeməyi tikə -tikə doğrayaraq onun ağzına qoyduğunu , sonra o qoca qadının paltarını dəyişdirdiyini, təbii ehtiyacını aradan qaldırmasına yardımçı olduğunu, sonra da yataq yerinə qoyduğunu görür.

Musa (ə) o gecə səhərə qədər gəncin normal dini vəzifələrin (ibadətlərini) xaricində fövqəladə bir əməl işlətmədiyinin şahidi olur. Səhər olanda isə ,yenə o gənc evdən çıxmazdan qabaq ,o qadının yeməyini yedizdirir və digər ehtiyaclarını aradan qaldırmaqda şəfqətlə ona köməkçi olur.

Hz.Musa(ə) gənclə vidalaşarkən gəncdən soruşur :
"Bu qadın kimdir və sən ona yemək yedizdirərkən, o gözlərini göy üzünə dikərək nə deyirdi "? Gənc cavab verir:
"Bu, mənim anamdır" deyir.

“ Mən ona yemək verdiyim zaman,o daim mənim haqqımda belə dua edir: "İlahi , bu xidmətlərin qarşılığında oğlumu cənnətdə Həzrət Musa(ə)-nın yoldaş elə ". Həzrət Musa(ə)- da gəncə anasının duasının qəbul olduğunu müjdə verir və özünü bu sədaqətli gəncə tanıdır.”

Məhz ana atanın haqqına riayət etməklə insan bu cür səmavi feyzlərə çata bilər. Əlbəttə ,bütün bunlardan əvvəl, insan gərək mömin və təqvalı olsun.

Yenə Peyğəmbərdən (s.ə.v.v) belə nəql edilmişdir:
"Cənnət anaların ayağı atındadır. “
“Kənzül-Ümmal “,45439-cu hədis


Bir başqa hədisdə: Hz.Rəsulullah(s.ə.v.v) : "Anaların ayaqlarının altı cənnət bağçalarından bir bağçadır " buyurur.

Bu hədisin bir mənası budur ki, cənnəti qazanmaq, anaların könlünü qazanmaq, onlara yaxşılıq etməklə mümkün olur. Bir başqa mənası da: "Analar istəsə dünyanı cənnətə çevirə, böyütdükləri mömin və saleh övladlarla bu dünya evini cənnətə döndərə bilərlər.

Uşaqların səadət və xoşbəxtliyinin təməl daşını qoyan analardır. Pislik və bədbəxtliklərinin ilk təməl daşını qoyan da yenə analardır. Çünki niyyətləri, yedikləri tikələr, əməlləri, davranışları, imanı və təqva bətnindəki uşağa çox təsir edir.

Doğulandan sonra da, uşaq, ana və atanın, xüsusilə ananın bütün hərəkətlərini izləyib təqlid edir. Ananın verdiyi tərbiyə ilə uşağın gələcək şəxsiyyəti yavaş-yavaş formalaşmağa başlayır. Buna görə Peyğəmbər (s.ə.v.v) belə buyurmuşdur:
"Salehə bir qadınla evlənməsi, bir kişinin səadətindəndir.”
“Əl-Kafi” ,5-ci cild ,Səh: 327.

Çünki ailənin və uşaqların səadəti hər mənada və böyük ölçüdə anaya bağlıdır. Başqa bir hədisdə İmam Sadiq (ə ) belə buyurmuşdur: "Namuslu və həyali bir anası olanın xoş halına !”
“Biharül-Ənvar “,23-cü cild ,Səh: 79.

Məhz bütün bunlar ananın insan həyatındakı əvəzolunmaz rolunu və əhəmiyyətini göstərir. Bəli, ana analığı ilə yanaşı bir müəllimdir. Buna görə də o, övladını imanlı yetişdirib cənnətlik etsə, onun bütün xeyirli əməllərində ona şərik olur.

Rəsuli- Əkrəm (s.ə.v.v) belə buyurmuşdur: "Əgər biri qız uşağını yaxşı bir şəkildə böyüdüb tərbiyə etsə, ona yaxşı bir təlim və tərbiyə verib gözəl və faydalı şeylər öyrədə və ona Allahın verdiyi nemətlərdən verərsə, o uşaq onunla cəhənnəm arasında bir pərdə olar (cəhənnəmə getməsinə mane olar )” .
“Kənzül-Ümmal”,45391-ci hədis.

İmam Həsən Əsgəri (ə) belə buyurmuşdur: "Allah Təala qiyamət günü bəzi ana və atalara mükafat verəcək. Ey Rəbbimiz ! Biz bu mükafatlara haradan layiq olduq? Bizim əməllərimiz buna layiq deyildi” deyə soruşduqda bu cavabı alacaqlar:” Bu mükafatlar uşağınıza Quran öyrətməyiniz və onu İslam dini ilə tərbiyə etdiyiniz üçündür.”

“Müstədrəkül-Vəsail “ ,1-ci cild ,Səh: 290.

Uca Rəbbimizdən analarımız ( valideynlərimizin hamısının) haqqında vəzifələrimizi ən yaxşı şəkildə yerinə yetirməyi və bacılarımıza Həzrət Fatimə (s.əh)-nin nümunə olmağını diləyirik . Amin !

Araz Şiyəkəranlı
Dinşünas-tədqiqatçı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar