Aslan Aslanov oğlunun ölümünü Fazil Məmmədovun boynuna qoymaq istəyib; sabiq icra başçısı Vüqar Əliyevə deyib ki, sifarişi vergilər nazirindən aldığı haqda izahat yazsın; “imtina etdikdə qardaşı Elsevər Aslanov tapançanı ağzıma dirəyib dedi ki...”
“Lamiyə işi” gündəmə gələn gündən az qala 1 aya yaxın vaxt ötür. 2003-cü ildə Şəmkirin o vaxtkı icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə suçlanaraq həbs edilən Lamiyə Quliyevanın məhbəsdə uşaq dünyaya gətirməsi ictimailəşdikdən sonra 12 öl öncəki müdhiş qətllə bağlı bir çox məqamlar üzə çıxdı. Mətbuat bu məsələni araşdırdıqca daha dəhşətli və sensasion faktlar bəlli olmağa başladı.
Həmin qətlin iştirakçılarından biri, Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyevin hadisə barədə vəkili Adəm Məmmədova danışdıqlarını təqdim edirik.
Vüqar A.Aslanovun tutdurduğu qohumlarının adını açıqladı
Hazırda ömürlük həbsdə saxlanılan V.Əliyev vəkilinə bunları deyib:
“Aslan Aslanov oğlu Ruslanın ölümünə görə saxta ittihamlarla mənə ömürlük, atam İsmayılov İbrahim Əli oğluna 4 il, anam İsmayılova Məlahət Ədil qızına 3 ay, qardaşım Əliyev Elnur İbrahim oğluna 3 ay, xalam İsmayılova Məsmə Ədil qızına 3 ay, xalam oğlu Ələkbərov Ceyhun Vəli oğluna 1 il 8 ay cəza verdirməklə həbs etdirib. Dayım Məmmədov Ədalət Ədil oğluna 2 il, xalam Məmmədova Sevil Ədil qızına 4 il şərti cəza verdirilməsinə nail olub. Keçmiş nişanlım Quliyeva Lamiyə Sahib qızına 10 il, şər-böhtan və iftiralarla anası Əliyeva Kifayət Şixəli qızına 3 ay, xalası oğlu Farizə 6 il 6 ay və mənim dostuma 6 ay həbs cəzası verdirib.
Aslan Aslanov mənim ailə üzvlərimi həbsə atdırmaqla işin motivini dəyişdirmək istəyirdi. O, oğlunun ölümündən istifadə etməkdən çəkinmədi. Rayondakı düşmənlərini həbs etdirmək üçün min oyundan çıxdı. Aslan Aslanov anamı və xalalarımı tutdurduqdan sonra məni Şəmkir rayon Prokurorluğuna gətizdirərək qardaşı Elsevərin, Şəmkir rayonunun prokuror müavini və işi aparan müstəntiq Kamalın iştirakı ilə mənə deyirdi ki, oğlumun ruhu bu dəqiqə bu kabinetdə fırlanır. Sən sifarişçi kimi Fazil Məmmədovun (vergilər naziri-red.) və “bazarkom” Elpərəstin adını ver. Mən narazılıq etdiyim üçün Aslanın qardaşı Elsevər stolun üstündənki şüşə qabla mənə zərbə endirərək başımı partlatdı. Heç bir tibbi yardım göstərilmədən məni Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerinə atdılar, mən ayılanda qanın içində olduğumu gördüm. Özümə gələndən üç-dörd gün sonra məni yenə Şəmkir rayon Prokurorluğuna apardılar. Orada
Aslan Aslanov mənə dedi ki, ananla xalanı həbs etdirmişəm
Sən Fazil Məmmədova və Elpərəstə qarşı izahat yaz. Dərhal səni də, ananı da, xalanı da azad etdirim. Mən razılaşmadıqda Elsevər Aslanov tapancasını ağzıma dirəyib məni ölümlə hədələdi. Bu hədə keçmədiyi üçün məni vurmağa başladılar. Bu görüşdə Aslan Aslanov mənə deyirdi ki, sənin bütün nəslini həbs etdirib türmələrdə çürüdəcəyəm. Hətta qardaşımın hamilə yoldaşını da tutdurmaqla hədələyirdi. Aslan Aslanovla növbəti görüşdə mənə dedi ki, dədəni, qardaşını və digər xalanı da həbsə atdırmışam.
Tələb edirdi ki, oğlunun qətlinin sifarişçisi kimi
Saşa ilə Şəmkirin əməliyyat axtarış üzrə rəis müavini Arif Səməndərovun adlarını qeyd edim. Yenə də razılaşmadım. Bu görüşdən sonra mən müstəntiq Kamala dedim ki məni bir də Aslanovun yanına apartdırsan, özümü öldürəcəm. Bundan sonra müstəntiq məni bir daha Aslanovun yanına aparmadı. Amma mənə qarşı haqsızlıqlar davam edirdi".
“İşgəncə verirdilər ki, Aslanovun istədiyi ifadəni verim”
V.Əliyev vəkilinə deyib ki, ona Aslanovun göstərişi ilə işgəncə verilib: “Şəmkirin Polis Şöbəsinin əməliyyatçısı Xəyyam İspəndiyar oğlu Vəliyev tapancasının küpü ilə bir neçə dişimi sındırdı. Polis kapitanı Vüqar da Xəyyama qoşulub mənə işgəncə verirdilər ki, Aslanovun istədiyi ifadəni verim. Əslində isə mən hadisənin necə baş verdiyini müstəntiqlərə danışmışdım. Demişdim ki, Lamiyə ilə 4 yanvar 2003-cü ildə nişanlanmışam. Nişanlandıqdan bir müddət sonra xəbər tutdum ki, Lamiyəni Aslanovun oğlu Ruslan zorlayaraq bədbəxt edib. Mən bu xəbərdən sonra Ruslanla söhbət edib bu söz-söhbətin düz olub-olmadığını dəqiqləşdirmək istədim. Lakin Ruslan mənə dedi: ”Lamiyə anam-bacım olsun, kişi kimi qızdı, al, məsləhətdi". Bu söhbətdən üç gün sonra Ruslan mənə bir neçə uşağın yanında yaxınlaşıb dedi ki, onu mən də istəmişəm, aramızda heç nə olmayıb, bir dəfə əlindən tutmuşam. Bu sözdən sonra mən Lamiyənin yanına gedərək deyilənlərə aydınlıq gətirməsini istəmişəm. Lamiyə də mənə hər şeyi danışdı! Dedi ki, hələ 7-ci sinifdə oxuyarkən Ruslan onu zorlayaraq bədbəxt edib. Bildirdi ki, Ruslanla məktəbdə günorta növbəsində oxuyublar.
Bir gün sinifdə növbətçi kimi tək qalıb. Fürsətdən istifadə edən Ruslan sinifə daxil olub, qapının ağzına dostu Asimi, Vüsalı və polis serjantı Etibarı qoyub, məktəbə heç kimi buraxmamaq üçün hərbi polisin əlisilahlı əsgərlərinə tapşırıq verib. Elə həmin gün Ruslan məktəbdə heç kimin olmadığından istifadə edərək, hədə-qorxu ilə onu zorlayaraq bakirəliyini pozub. Mənim anam və nənəm Sona bu biabırçılığı gedib Ruslanın anası Hicrana deyiblər. O isə “oğluma şər atırsız” - deyərək anamgili qapıdan qovub. Bir də eşitdim ki, atası Ruslanı Şəmkir futbol klubunun üstündə Moskvaya göndərib. Bunu Ruslanın ailəsi söz-söhbətin yatması üçün etmişdi..."
Vüqar Lamiyənin səsini yazıb Ruslana...
V.Əliyev vəkilinə deyib ki, həmin vaxt nişanlısının səsini yazıb: “Lamiyənin dediklərinin hamısını audio kasetə yazırdım ki, onsuz bu söhbəti Ruslanla həll edim. Ruslanla Lamiyəni üzləşdirmək istəmirdim, çünki Lamiyə nişanlım idi. Kaseti götürüb Ruslanla görüşə getdim. Ruslana dedim ki, sən mənə birinci deyirdin ki, Lamiyə anam-bacım olsun, sonra dedin ki, sən onu istəmisən, ancaq aranızda heç nə olmayıb, ancaq əlindən tutmusan. İndi də məlum oldu ki, sən Lamiyənin bakirəliyini pozmusan. Ruslan Lamiyənin elə söz deyə bilməyəcəyi iddiasından sonra mən audio kaseti Ruslana qulaq asdırdım. Elə bu zaman Ruslana zəng gəldi. Zəng edən atası idi, onun harada olduğunu soruşdu. Mənimlə bir yerdə olduğunu, bir azdan gələcəyini söylədi. Ruslan mənə dedi ki, Vüqar, atam çağırır, getməliyəm, Lamiyə ilə məni sonra üzləşdirərsən.
Lamiyə mayın 20-nə kimi möhlət istəyib
Ruslan məni avtomobilindən Lamiyəgilin küçəsinə yaxın yerdə düşürdüb getdi. Lamiyəyə bildirdim ki, “Ruslan sənin ona şər atdığını dedi. Səni sevdiyim üçün və atan-qardaşın olmadığı üçün nişanı özün qaytar”. Lamiyə isə mənim ona may ayının 20-nə kimi möhlət verməyimi xahiş elədi. Çünki mayın 20-də onun bacısı oğlunun uşaqgördüsü olmalıydı. Lamiyə məndən xahiş elədi ki, onu pisikdirməyim, tədbirə onunla gedim. Xahişini yerə salmadım. Lamiyə həmçinin mənə bildirdi ki, Ruslanla üzləşməyə hazırdı, Ruslanın onu zorladığını sübut edəcək".
Vüqar qətl gününü belə xatırlayır:
“5 avqust 2003-cü ildə mən Rayon Təhsil Şöbəsinin yanında dayanmışdım. Axşamçağı idi. Ruslan maşınla gəlib yanımda dayandı ki, gəl, otur, səninlə işim var. Oturdum maşına. Ruslan dedi ki, məni bu gün Lamiyə ilə üzləşdirə bilərsənmi? Bildirdim ki, üzləşməyin mənası yoxdur, onsuz da nişanı qaytaracam. Ruslan dedi ki, onsuz da nişanı qaytarırsan, bizi üzləşdir, düzünü bil. Dedim ki, onda sür gedək Lamiyəgilin küçələrinə. Getdik. Lamiyəgilin qapısının ağzında mən düşdüm. Lamiyəni çağırıb dedim ki, Ruslan da səninlə üzləşmək istəyir, gəl, gedək. Lamiyə dedi ki, indi xalam oğlugil bizdədi, nənəm ağrıyır. Ruslana de ki, axşam saat 11-də küçənin ayağında üzləşərik. Çölə çıxaraq Ruslana bildirdim ki, get, saat 11-də küçənin ayağında görüşərik. Saat 11-ə 20 dəqiqə qalmış Ruslan gəlib bizim mağazanın önündə dayandı. Mənə dedi ki, gəl, gedək. Bir sözlə, oturdum maşına, getdik”.
“Lamiyə Ruslandan 2 aylıq hamilə idi...”
V.Əliyev vəkilinə daha sonra deyib: “Üzləşmə zamanı məlum oldu ki, Lamiyə Ruslandan iki aylıq hamilədi. Lamiyə bu faktı Ruslanın üzünə dedi. Ruslan cavab verdi ki, ”Əcəb eləmişəm. Mətanətin, Ulduzun, Şahnazın, Esmiranın bir tayı da sənsən, onlar mənə nə etdi ki, sən də nə edəsən?!" Elə bu zaman Lamiyə arxa oturacaqdan Ruslanı bıçaqla vurmağa başladı. Ruslanı maşında Lamiyənin əlindən aldım ki, öldürməsin. Şərait yaratdım ki, Ruslan maşını tərk etsin. Amma o, yaralı halda Lamiyənin nəslini kəsdirəcəyi ilə onu hədələyirdi. Mən bıçağı Lamiyənin əlindən ala bilmirdim. Əlimi bıçaq kəsmişdi".
“Aslanov Lamiyəni abort etdirib!”
V.Əliyev vəkilinə danışıb ki, L.Quliyevanın oğlundan hamilə olmasını A.Aslanov qətldən sonra bilib: “Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerində Aslan Aslanov xəbər tutdu ki, Lamiyə onun oğlu Ruslandan iki aylıq hamilədir. Dərhal Lamiyəni Şəmkir rayon xəstəxanasına apararaq abort etdirdilər. Abort edən həkim Dünya xanımın yoldaşı Mustafa Mustafayev də Şəmkir icra hakimiyyətində işləyirdi. Lamiyəni doğum evində ona görə abort elətdirmədilər ki, qızın xalası orda işləyirdi. Bu məlumat gizli qalmalıydı. Əgər Aslanovun oğlu Lamiyənin bakirəliyini pozmamışdırsa, onda niyə bətnindəki uşağı tələf etdilər?
İşdə şahid qismində dindirilənlər hamısı məmur idi?
Hərbi polisin rəisi, hərbi komissarlıq, poçtun müdiri və icra hakimiyyətinin bütün işçiləri. Bu insanlar hamısı Aslan Aslanovdan asılı olanlar idi.
Aslan Aslanovun sifarişini yerinə yetirməyən yeganə məmur Şəmkirin prokuroru Seyidəli müəllim oldu. Bir həftə idi ki, Şəmkirə prokuror təyin edilmişdi. O, mənim anama, xalama və digər günahsız həbsə atılan qohumlarıma həbs barədə sanksiya verməyərək, işindən azad olunmuşdu.
Prokuror mənim həyatımı xilas etdi. Belə ki, hadisə günü gecə saat 3-də Aslan Aslanov öz müavini Tarieli göndərdi ki “get, Vüqarı bura gətir”. Aslanov öz kabinetinin qabağında mənə onun oğlunu niyə güllələmişəm deyə çaşdırıcı sual verdi ki, ona deyim ki, güllələnməyib, bıçaqlanıb. Əgər mən desəydim ki, sizin oğlunuz bıçaqlanıb, Aslan məni güllələyəcəkdi. Sualı mənə ünvanlayaraq əlini tapancasına atdı. Aslanın qardaşı Elsevər Aslanın əlindən tutaraq dedi ki: “müəllim, gəl, özümüz həll edəcəyik”. Elə o zaman Şəmkirin prokuroru gəldi. Aslan evinə tərəf gedərkən hərbi polisin əsgərlərinə məni güllələməyi əmr etdi. Prokuror məni gizlədərək oradan uzaqlaşdırdı və Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerinə aparılmağıma göstəriş verdi.
Mənə ömürlük həbs cəzası verdirəndən sonra da Aslan Aslanov məndən əl çəkmirdi. Həbsxanada yanıma Dəyanət Kərimovu dustaq cildində salaraq yenə də deyirdilər ki, sifarişçinin adını çəkim. Dəyanət Kərimov muzdlu qatil idi. Mən biləndən sonra ki, Dəyanət prokurorluğun adamıdı və muzdlu qatildi, onunla bir kamerada yaşamaq istəmədiyimi həbsxana rəisi Nəsimiyə bildirdim. Rəisin yanına dayım da gedərək bildirdi ki, bizi ayırsınlar. Rəis isə “bu, yuxarının göstərişidi, ayıra bilmərəm” dedi. Nəsimi Şəmkir rayonundan idi".
“Şikayət ərizələrim həbsxanadan çıxmırdı”
Ömürlük məhkum deyib: “Həbsxana rəhbərliyi Ali Məhkəməyə elədiyim şikayətimin qarşısını alırdı. Sonunda sübut olundu ki, mən Ali Məhkəməyə vaxtında şikayət etmişəm, lakin həbsxananın günahı ucbatından ərizəm getməyib.
Bu sənədlə də mən Ali Məhkəməyə şikayət vermə müddətini bərpa elətdirdim. İşə Ali Məhkəmədə mahiyyəti üzrə baxanda həbsxana rəisi Kazım Abdullayev məni 10 sutkalıq cərimə təcridxanasına saldı ki, özümü müdafiə edə bilməyim. Mənə qarşı olan haqsızlıqlar kağız üzərinə yazmaqla bitməz... İnanıram ki, gec də olsa ədalət bərqərar olacaq..."
Lamiyəni 2-ci dəfə şərləyəndə Vüqarın kamerasına bıçaq atıblar!
Vəkil Adəm Məmmədov deyib ki, Lamiyə Quliyevaya ikinci dəfə cinayət işi başlanan zaman müvəkkilinin kamerasına bıçaq atıblar: “Lamiyə Quliyevaya cinayət işi başlanan gün Vüqarın saxlandığı kameraya böyük bıçaq atıblar. Həmin vaxt məqsəd Vüqara yeni cinayət işinin başlanması olub. Lakin Qobustan Həbsxanasının islah işləri üzrə müavini polkovnik Adil Qaytaranov buna imkan verməyib. Adil Qaytaranov rəhmətə gedib. Vüqar hər zaman ona rəhmət oxuyur, deyir ki, o olmasaydı, növbəti şərlə üz-üzə dayanmalı olacaqdı”.
Vəkilin sözlərinə görə, hər bir peşədə, hər bir xidmət sahəsində müəyyən problemlər, səhvlər, qüsurlar ola bilər: “Qüsurlardan, yanlışlıqlardan bütün hüquq-mühafizə və digər orqanlar dərs almalı, eyni zamanda adları çəkilən orqanların əməkdaşları vəzifələrinə daha məsuliyyətli yanaşmalıdırlar. Pentensiar Xidmətin məsələyə bu formada münasibət bildirməsi cəmiyyətdə onların qeyri-peşəkar olmaları fikrini yaradır. Lamiyənin hər hansı kütləvi informasiya vasitələrində hazırkı vəziyyətdə, yəni həbsdə və qapalı şəraitdə olduğu ərəfədə verdiyi müsahibənin doğru və ya yanlış olması şübhə yaradır. Çünki hazırda o, Pentensiar Xidmət əməkdaşlarının nəzarəti altındadır...
Məhkəmə prosesində azad olunması - yəni işgəncələrdən, şər-böhtanlardan canını qurtarmaq üçün övlad dünyaya gətirdiyini və buna görə onun cəmiyyət tərəfindən qınanmamasını xahiş etməsi bir daha təsdiq edir ki, hazırda o, affekt halındadır. Yəni verdiyi informasiyalara inanmaq düzgün olmaz. O, asılı durumdadır".
E.MƏMMƏDƏLİYEV