ABŞ-dakı telekanallardan biri tamaşaçılardan üç dəfə üzr istəməli olub.
Bir dəfə verilişin teleaparıcısı canlı efirdə, bir dəfə redaktor Twitter-də, bir dəfə telekanalın sahibi ABC telekanalında üzrxahlıq edib.
Səbəb isə tragikomikdir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Fox News" telekorporasiyasının ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərində fəaliyyət göstərən KSWB telekanalının "NewsHour" axşam xəbər proqramında San-Dieqo Dövlət Universitetinin (SDSU) kampusunda 3 qıza hücum etmiş seksual manyak 20 yaşlı Fransisko Souza ilə bağlı xəbər verilirdi.
Aparıcı Ketlin Beyd bu barədə danışanda arxa fonda seksual manyakın polisdəki təxmini fotoportreti göstərilməliydi.
Fəqət, manyakın fotorobotu əvəzinə ABŞ prezidenti Barak Obamanın fotoportreti göstərilib.
B.Obamanın fotosu 5 saniyə efirdə olub, sonra dərhal yığışdırılıb.
Aparıcı bunu anlayıb və tamaşaçılardan üzr istəyib.
Bir qədər sonra "NewsHour"un redaktoru Maykl Uayll Twitter-dəki profilində olayı "biabırçılıq" adlandıraraq üzr istəyib.
3 saat sonra telekanalın baş icraçı direktoru da üzr istəyərək olayı "xoşagəlməz təsadüf" qismində dəyərləndirib.
Fransisko Souza isə həbs olunub, az sonra buraxılıb.
Onun tələbə qızlara hücum etdiyinə dair yetərincə dəlil-sübut olmayıb.
Milli.Az