Əhməd Oruc, Azadlıq Partiyasının sədri
Hakimiyyətlə danışıqların iştirakçılarından və tərəfdarlarından bir kimi hər yerdə əsasən bir sualla qarşılaşırıq: Bu dialoq prosesindən bir nəticə gözləyirsinizmi?
Əvvəlcədən qeyd edim ki, bu görüşlərin, daxili barışın əleyhinə olan beynəlxalq güclər, onların dəstəyi ilə ayaqda duran mətbuat, çox önəmli liderlər bu prosesin uğurla nəticələnməməsi üçün var gücü lə işləyirlər. Günün 24 saatı mediada, internet resurslarda prosesi gözdən salmaq, sapdırmaq məqsədi ilə yüzlərlə, hər çeşiddə yazı - pozu təqdim olunur. Və əsas tezislərdən biri odur ki, bu proses hakimiyyətə lazımdır deyə aparılır. Guya demokratik dəyişikliklər edilməsi üçün hakimiyyətə Qərbin güclü təzyiqləri var və hakimiyyətdə məcburən bu demokratiya oyununu oynayır. Əvvəla siyasətdən başı çıxan hər kəs başa düşür ki, Qərbin əlində demokratiya bir təsir, təhdid vasitəsidir. Qərb öz maraqlarına uyğun olduqda istənilən reyimlə ( məsələn Səudiyyə Ərəbistanı) əməkdaşlıq da edir, marağı olmadıqda demokratiya adı altında heç bir günahı olmayan ölkələri ( məsələn İraq, Liviya, Ukrayna) xarabazara da çevirə bilir. Bəli, bu proses hakimiyyətə lazımdır, Qərbi əsas təzyiq vasitələrindən, ölkədəki resurslardan mərhum etmək üçün, regionda və dünyada baş verən təlatümlərin fonunda öz hakimiyyətini qorumaq üçün. Və zənnimcə məhz bu nöqtədə - ölkənin kənar təsirlərdən azad olması və dünyada baş verən fəlakətli proseslərdən qorunmaq baxımından hakimiyyətlə bizim maraqlarımız üst-üstə düşür və bu üst-üstə düşən maraqlar bugünkü prosesin əsas lokomotividir.
Və az da olsa ilkin nəticələr var, millətin içində bu proseslər nəticəsində vəziyyətin yaxşılaşacağına bir ümid yaranıb, sivil ölkələrdə olduğu kimi bizdə də hakimiyyət təmsilçisi ilə milli müxalifət dialoq aparır, bir neçə siyasi məhbus azad olundu, digərlərinin ən azı vəziyyətinin yaxşılaşması üçün danışıqlar aparılır, dialoq vəziyyəti siyasi məhbuslara qarşı aqressiv münasibəti yumşaldıb, hakimiyyətə mövqelərimiz məsafədən bəyanat şəklində deyil, birbaşa təmasda, polemika şəklində çatdırılır . Təbii ki, bu nəticələr bizim və cəmiyyətin istəklərindən çox azdır, amma artacağına ümid var, proses davam edir. Və biz nəticələrdən narazı olduğumuz vaxt bir suala cavab axtarmalıyıq: Bu prosesin alternativi nədir? – Siyasi aktiv kəsimin həbsi, “Məhsul” stadionunda min nəfərlik aksiya? Bu düşünülməmiş siyasət elə bir şərait yaratdı ki, demək olar ki, bütün aktiv kəsim həbs olundu, ya didərgin vəziyyətindədir. Artıq həbs olunası elə bir aktiv də qalmadı. Bu aksiyaların hansısa nəticə verəcəyinə kimdəsə inam qalıbmı? Bu gün hamıya aydındır ki, ölkədəki onlarla oliqarxdan istənilən biri öz mühafizə dəstəsini ortaya çıxarsa həmin "Məhsul" stadionuna sığışmazlar...
Bu barışmazlıq, qarşılıqlı inkar, nifrət bu ölkəni istənilən kənar təhdidə qarşı zəif vəziyyətə salır. İstər ərəb ölkələrində, istərsə də Ukraynada bu barışmazlıqların hansı nəticələr verdiyi göz önündədir. Və bütün bunlar birmənalı şəkildə söyləməyə əsas verir - Bu proses milləti düşünən hər bir kəsə lazımdır.
Son illər Qərbyönümlü mətbuatımızı ümumiləşdirsək çox qabarıq şəkildə iki tezis ortaya çıxır:
1.Filan diplomat gələcək, filan yerdə müzakirə olunacaq, sanksiyalar gündəmə gəlir; 2. Sosial partlayış olacaq...
Filankəslər gəlir-gedir, öz dövlətlərinin marağı üçün daha ucuz şərtlərlə istədiyini alır, Azərbaycanın var və dövlətini sümürüb aparırlar. Bu təbəqə “ bu diplomat satqın çıxdı, indi satılmayan birisi gələcək!”, - deyə diqqəti növbəti gələcək diplomatın görüşünə hazırlayır və bir növ həmin ölkənin Azərbaycandakı təsir, təzyiq qrupu funksiyasını yerinə yetirir. . .
Bu haqsızlıq, təminatsızlıq gec-tez partlayışa səbəb olacaq, tezisi də 20 ildir ki, özünü doğrultmur. Əvvəla qrantdan asılı bir generalitetin “lider” olduğu cəmiyyətdə inqilablar olmur, həmin satqınlar istənilən vaxt inqilabı satır, aktiv kəsim həbs olunur, ümidlər ölür, ac - yalavac bir ordu mənən məhv olur. Aldadılmış, heç bir yerdən ümidi, dolanışığı olmayan bu təbəqə sonda çox asanlıqla ən radikal dini qrupların cərgəsinə qoşulur. Bizim cəmiyyət bu gün dini radikalizmin meydana aşkar çıxması ərəfəsindədir. Azərbaycanda zəncirvari radikal proseslərin baş verməməsi üçün mütləq daxili bir barışa, bir ümidə, bir pozitiv yanaşıma ehtiyac var. Bu ehtiyac yalnız ciddi islahatlar nəticəsində ödənə bilər. İslahatlar milli sərvətlərin ədalətli bölünməsi, həqiqi sosial siyasət, rüşvət və korrupsiyanın ortadan götürülməsi, ölkədə həqiqi məhkəmə sisteminin qurulması və s. təməl məsələləri əhatə eləməlidir.
1993-cü ildə hakimiyyət çevrilişindən sonra milli azadlıq ideyası daşıyıcıları müxalifətdədir. Bu 22 il ərzində milli dövlətdə milli dövlətçilik təfəkkürünün daşıyıcıları hakimiyyətin legitimliyini tanımayacaq qədər sərt, barışmaz müxalifətdədir. Milli azadlıq hərəkatının ortaya çıxardığı 10 minlərlə insan müxalifətdə, çətinliklər, repressiyalar, təminatsızlıq, imkansızlıq mühitində yox olub getdi. Bu barışmazlıq cəmiyyət tərəfindən felən dəstəklənmədi, sıralarımız günü-gündən seyrəldi, proseslərə təsir imkanlarımız azaldı. Bu barışmazlıq əqidəsizlərin, yaltaqların, oğruların, əyrilərin işinə yaradı. Müxalifəti söyməyi dolanışıq mənbəyinə çevirmiş bir təbəqə əmələ gəldi. Hakimiyyətdəkilər dolanışıq üçün hər şeyə hazır olan bu təbəqədən milli azadlıq hərəkatında olanlara qarşı istifadə etdi.
Bu gün vəziyyət o yerdədir ki, 300 dollara partiya almış alverçinin biri bütün ömrünü, varlığını milli azadlıq hərəkatına həsr etmiş siyasilərə rişxəndlə baxa bilir. Bəli, cəmiyyət bu qədər mənəviyyatsızlığa dözəcək, öyrəşəcək qədər etinasız və passiv olub. Sistemli dialoq mühiti bu murdar təbəqənin ortadan qaldırılması baxımından da önəm kəsb edir.
Bu illər ərzində çoxlarımız ata, ana, baba, nənə olduq. Bir səhv yoldan çəkinmək, doğru olanı yapmaq, qarşılıqlı kin və küdurətdən qurtulmaq üçün bizə daha neçə il lazımdır? Bu vəziyyətin yaranmasında təbii ki, ən böyük səhv, doğru olmayan yanaşım hakimiyyət tərəfindən sərgilənirdi, müxalifəti məhv etməyə yönəlik siyasət aparılırdı.
Azərbaycanda durğunluq illərini xatırladan bir siyasi boşluq yaranmışdı. Cəmiyyətdə sanki bir halsızlıq, keylik yaranmışdı . Bu boşluğu televiziyalarda gedən düşük, əxlaqi, mənəvi dəyərlərə qətiyyən uyğun olmayan, milli mentalitetə zidd müzakirələr doldururdu.
Maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, 1993-cü ildə milli hökuməti süquta uğradanlar ,22 ildə müxalifəti günbəgün zəif salanlar, öz konyuktur maraqları naminə yüz minlik xalq hərəkatının, 100 illik partiyanın elektoratını bir ovuc səviyyəsinə qədər azaldanlar, bir sözlə milli platformanın bu qədər zəif bir duruma düşməsinin cavabdehləri hesab edirlər ki, bəs müxalifət və millət adına yenə də yalnız onlar danışa bilər? Nədən? Cənablar bəlkə 22 ildən sonra bu millətin həqiqi nümayəndələrinə də, Con və Vasya qarşısında heç bir öhdəliyi olmayanlara da öz aqibətlərini özlərinin müəyyən eləməsi üçün bir şans tanıyasız? Yoxsa bu milləti uğursuzluqdan uğursuzluğa aparmaq üçün andmı içibsiz, yoxsa kiminsə qabağında öhdəlikləriniz var? Yoxsa kimlərsə bu məsələyə sizi vadar, ya da şantaj edir? Bu günlərdə müxalifətin əbədi liderlərindən biri sosial şəbəkədə tam ciddi görkəm alaraq “gerçək dialoq yalnız mənimlə ola bilər “ məzmunlu bir status paylaşmışdı. Belə görünür bu qozbelləri heç qəbir də düzəltməyəcək. İnkir-minkirin hüzuruna da xüsusi statusla, ən azı Avropanın hansısa rəngli birliklərinin mandatı ilə arxa qapıdan daxil olacaqlarına inanırlar.
Milli Şuranın cahanşümul liderlərindən biri “ bizim bu cür dialoqlara itiriləsi vaxtımız yoxdur” –kimi çox ciddi bəyanat verib. Əvvəla, görəsən bu lider hansı daha ciddi işlərlə məşğuldur? Onların bu gün əsas işi Moskvanın bu dəfə də Milyarderlər İttifaqı və onun Bakı filialına hansısa sifariş veriləcəyini gözləməkdir. Və nəzərə alsaq ki, bu adamın cəmi 40 gün əvvələ qədər vaxtı öz əlində deyildi və vaxtının öz əlində olması üçün əziyyət çəkənlərə nümayişkəranə şəkildə minnətdarlıq etməyəcək qədər bir durumdadır; onda bu anormal açıqlamanın nədən qaynaqlandığını anlamaq olar.
Bu proses milləti düşünən hər bir kəsə lazımdır.
/musavat.com/