Muxtar Respublika polisi Vasif Talıbov əleyhinə vərəqə yayanları axtarır, Türkiyədə Naxçıvan polislərini niyə deportasiya ediblər?
2015-ci il yanvarın 24-də Naxçıvanda saxlanan 3 dindarın həbsi ilə bağlı bir sıra təfərrüat əldə etmişik. Həbs olunanlardan biri Bakıda yaşayıb və Naxçıvan polisi tərəfindən həbs edilərək, Naxçıvana aparılıb.
Bu barədə “Yeni Müsavat”a Zəka Mirağayev adlı vətəndaşımız məlumat verib. Onun sözlərinə görə, Bakıdan Naxçıvana aparılan dindar barədə məlumat onun valideynlərinin Sabunçu Rayon Polis idarəsi, Baş Prokurorluq və digər orqanlara müraciət edəndən sonra üzə çıxıb.
Şikayətçi qeyd edir ki, 2 ay əvvəl də Naxçıvanda dindarlara qarşı kütləvi həbs (70-80 nəfər) keçirilib. Əməliyyat birbaşa Naxçıvan daxili işlər naziri Əhməd Əhmədovun başçılığı ilə həyata keçirilib və bu barədə mətbuatda məlumat yayılsa da, həbsin təfərrüatları o qədər də bilinməyib.
“Həmin vaxt həbsdə olanlara işgəncələr verilib və məcbur ediblər ki, məzhəb ayrılığı olaraq, bir birilərini söysünlər. Hətta həmin işgəncələr zamanı Naxçıvana uyğun olan , həmişəki kimi belə bir gülünc hadisə də baş verib: Həbs olunanlar arasında namaz qılmayan birisi olur və o iddia edir ki, mən namaz qılmıram, məni niyə döyürsünüz? Naxçıvan polisi də demiş ki, sən niyə namaz qılmırsan ki?! Və döyməyə davam etmişlər” – deyə şikayətçi yazır.
Qeyd edək ki, həbs olunan 3 hazırda həbsdən buraxılsalar da, onların sənədləri Naxçıvan polisindədir və onlara Muxtar Respublikanı tərk etmək qadağan olunub. Həbslərin səbəbləri isə xeyli dərəcədə ilgincdir. Şikayətçi bildirir ki, təxminən 2 il əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri Vasif Talıbova qarşı Naxçıvanda şantaj vərəqələri yayılıb. Vərəqələrin küçələrə dağıdılması Naxçıvanda kameralara düşüb. Lakin vərəqələri yayan avtomobilin nömrəsini kameralarda aydın etmək olmayıb. Avtomobilin markası Qaz 3110 olub. Kamera görüntülərini incələmək üçün, hətta onları Tayvana göndəriblər. Amma, yenə də nəticə əldə edilməyib. Yanvarın 24-də həbs olunan 3 dindara bu hadisəni törətdiklərini etiraf etmələri üçün təzyiq göstərilərək, imza atdırılıb. Lakin həbs olunan 4-cü vətəndaş protokolu imzalamadığı üçün onları həbs etmək mümkün olmayıb və 7 gün polisdə saxladıqdan sonra buraxılıb. Ancaq daha əvvəl həbs olunan 3 nəfər cinayətlərini etiraf etməsi səhnəsi Naxçıvan televiziyası tərəfindən lentə alınıb, lakin həmin görüntülər efirə verilməyib.
Z.Mirağayev deyir ki, Bu hadisə ilə bağlı axtarılan Çingiz Talıbov isə Türkiyəyə sığınıb: “Türkiyəyə keçəndən sonra isə İğdırda Azərbaycan konsulluğuna müraciət edib. Onlar da hiylə işlədərək “3 saatdan sonra gəl”, deyiblər və 3 saatdan sonra Konsulluğa gedən Çingiz Talıbovu mülki geyimli Azərbaycan polisləri tutublar. Ancaq küçədə zorla maşına mindirərkən Türkiyə polisi bu zorakılığın şahidi olub və hadisəyə müdaxilə edib. Nəticədə qanunsuz şəkildə insan oğurlayıb Naxçıvana aparmaq istəyən Naxçıvan Polisinin əməlləri Türkiyə Polisi tərəfindən ifşa olunub. 3 nəfər mülki geyimli Naxçıvan polisi Türkiyədən deportasiya olunub. Çingiz Talıbov isə hələ də Türkiyədədir. Ona görə Naxçıvana ailəsinin yanına geri qayıda bilmir ki, onu da qanunsuz həbs edib, işgəncə verəcəklər. Çingiz Talıbovun Naxçıvana qayıtması üçün ailəsinə də təzyiqlər olunur”.
Həbsdə olan digər 3 nəfəri isə fevralın 11-də sənədlərini qaytarmamaqla azadlığa buraxıblar. Bu, həbsdə olanların ailələrinin ölkə prezidenti İlham Əliyevə olan çoxsaylı şikayətlərindən sonra mümkün olub. Çingiz Murtuz oğlu Talıbov isə Naxçıvan rəhbərliyi tərəfindən ona qarşı olan təzyiq və təhdidlərə son qoyulmasını istəyir və ölkə prezidenti İlham Əliyevdən ədalətli məhkəmə tələb edir ki, onu da digərləri kimi məcburiyyət, təhdidlər qarşısında çirkin əməllərə imza atdırmasınlar.
Kənan,
musavat.com