“Hövsanı sel apardı” - SAKİNLƏRDƏN ŞİKAYƏT
Suraxanı rayonu Hövsan qəsəbəsinin magistral yolu iki gün davam edən yağışdan iflic vəziyyətinə düşüb.
Hövsan Olimpiya İdman Kompleksi və Fövqəladə Hallar Nazirliyi binalarının yerləşdiyi bu ərazi əsl mənada gölə çevrilib. Həmçinin “Ballı” supermarketin qarşısı olan bu magistral yolda yığılan yağış suyu dizə qədər qalxıb.
Ərazini basan su, yolda nəqliyyatın və sakinlərin hərəkətini çətinləşdirib. Sürücülər dəfələrlə aidiyyatı qurumlara şikayət etsələr də, onların səsinə nəinki səs verən olmayıb, hətta bu vəziyyətlə bağlı problemin həll edilməsinə biganə yanaşanlar da var. Neçə illərdir ki, davamlı hal alan problem həmin əraziyə nəzarət edən cavabdeh qurumların marağında deyil. Ərazidə vaxtilə qurulmayan kanalizasiya sistemi yolların gölə çevrilməsinə şərait yaradıb. Bu da oradan hərəkət edən sakinlərin etirazına səbəb olub.
Hövsan sakinlərinin Aktual.az-a bildirdiyinə görə, aidiyyatı qurumlar özləri məsələyə maraq göstərmir: “Həmin yol “Ballı” supermarketin qarşısında yerləşir. Hər gün nə qədər insan bu ticarət mərkəzindən yararlanır. Marketin rəhbəri deyir ki, məsələni Fövqəladə Hallar Nazirliyi öz öhdəsinə götürsün. Yolu su basan kimi şikayət edirik, Fövqəladə Hallar Nazirliyinin işçiləri gəlib müvəqqəti suyu çəkirlər. Yağış yağan kimi yenə həmin vəziyyət təkrarlanır. Uşaqlarımızı yoldan keçirib Olimpiya İdman Kompleksinə apara bilmirik. Maşınlar yarıya qədər suya batır. Bu nə vaxta qədər belə olacaq” .
Şikayətçilərin sözlərinə görə 2020-ci ilə qədər Hövsan qəsəbəsində kanalizasiya şəbəkəsi qurulacağından, cavabdeh qurumlar bunu bəhanə gətirərək, problemə ciddiyanaşmırlar. Qeyd edək ki, sabahdan etibarən ölkə ərazisinə qar və sulu qar yağacağı bildirilir. Vəziyyətin daha dözülməz hala gələcəyini düşünmək belə çətindir. Suraxanı Rayon İcra Hakimiyyəti isə hələ də “düşünür”…[media=https://www.youtube.com/watch?v=Vv-7WoNwIWw]