“Ana uşağını verib dedi atasını tanımıram, özüm də SPİD-əm”

16-02-2015, 19:29   
“Ana uşağını verib dedi atasını tanımıram, özüm də SPİD-əm”
“Ana iki aylıq körpəsinə yiyə durmaq istəmir. Qadın hətta bizim yanımızda uşağı yerə çırparaq ondan qurtulmaq istəyirdi. Körpəni ondan aldıq və uşağın körpələr evinə yerləşdirməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdik”.

Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

H.Ağazadə bildirir ki, son zamanlar atılmış uşaqların sayı artıb. O, bunu yüngül həyat tərzi keçirən, spirtli içkilərə aludə olan qadınların sayının artması ilə əlaqələndirir.

Kəmalə Ağazadə deyir ki, son zamanlar nəinki azyaşlı körpələr, hətta artıq yeniyetmə yaşına çatmış uşaqlar belə küçəyə atılır: “Bizim təşkilata cənub bölgəsindən olan 16 yaşlı oğlan gətirmişdilər. O heç vaxt məktəbə getməmişdi, nə yazmağı, nə də oxumağı bacarmırdı. O, bu zamana qədər ata-anası üçün işləyib. İndi isə valideynləri ona baxa bilmədiklərini və uşaqdan imtina etdiklərini söyləyərək küçəyə atıblar. Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşları 16 yaşlı oğlanı birliyin sığınacağına gətirdilər.

Bundan başqa bu günlərdə sığınacağa daha bir uşaq qəbul etmişik. Onun 14 yaşı var. Anası ilə görüşüb övladından imtina etməsinin səbəblərini və uşağın atası haqda soruşduq. Qadın uşağı təsadüfi əlaqə nəticəsində dünyaya gətirdiyini, atasının kimliyinin məlum olmadığını, özünün isə SPİD-ə yoluxduğunu söylədi. Lakin biz onun dediklərinin doğru olub-olmadığını dəqiq bilmirik. Ümumiyyətlə, analar övladlarından imtina edə bilmək üçün müxtəlif variantlardan istifadə edir. Lakin onlar bilmir ki, imtina etdikləri o uşaqların hər bir səhvə və ya törətdikləri cinayətə görə onların özləri də məsuliyyət daşıyacaqlar. Belə uşaqlarla bağlı ən böyük problemlərdən biri isə odur ki, onların heç bir sənədi olmur. Buna görə də onları gələcəkdə peşə sahibi olması üçün hər hansı bir peşə məktəbinə yerləşdirmək mümkün olmur”.

Birliyin sədri onu da qeyd etdi ki, küçəyə atılmış uşaqların sayı ilə bağlı heç bir statistik rəqəm olmadığına görə onların sayı, gecələdikləri yerlə bağlı dəqiq məlumatlar verə bilmirlər: “Onların çox hissəsi metro stansiyalarında, keçidlərdə, gecə klublarında gecələyir. Uşaqların bu yaşda belə yerlərdə gecələməsi onların gələcək həyatına da mənfi təsir edir. Hər uşaq da yaşadığı o mühitdən sıyrılıb özü üçün normal həyat qura bilmir. Çünki onların nə sənədləri, nə də təhsili olmur ki, hər hansı bir yerdə işləyə bilsinlər. Buna görə də məcbur olurlar ki, pul qazanmaq üçün başqa yollara əl atsınlar. Lakin son zamanlar bu yerlərə nəzarətin güclənməsi ilə gecə klublarında gecələyənlərin sayı azalıb. Biz də var gücümüzlə sahibsiz körpələrə kömək etməyə, onları cəmiyyətimizə qazanmağa çalışırıq”.

Gültəkin Vahidqızı

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar