Yanvarın 1-dən fevralın 16-a qədər Bakıda 1492 nəfər sərxoş sürücü saxlanılıb. Onların 140 nəfəri zərif cinsin nümayəndələri olub.
Yenilik.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov 107.7 – “AvtoFM”-in “İnspektor” verilişində DJ Aydının sərxoş sürücülərlə bağlı sualına cavab olaraq bildirib.
Şöbə rəisinin sözlərinə görə, təkcə bazar günü DYP-nin 11-ci tağımı tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə edən 31 sürücü aşkarlanıb. Onların 5-i zərif cinsin nümayəndələri olub. Hətta bir xanım sürücüyə məhkəmə qərarı ilə 15 sutka həbs cəzası verilib.
Vaqif Əsədov bildirib ki, bu ilin yanvarın 1-dən etibarən Bakı şəhərində avtomobili sərxoş vəziyyətdə idarə edən 140-dan çox xanım sürücü saxlanılıb.
“Statistikadan da aydın olur ki, artıq xanım sürücülərin spirtli içkiyə meyilliliyi artıb. Bu da bizdə çox ciddi narahatçılıq doğurur. Mentalitetimizlə bağlı qeyd etmək istəyirəm ki, əslində xanım və spirtli içki bir-birinə zidd olan məqamlardır.
Sərxoş vəziyyətdə avtomobili idarə etmək sürücü və eləcə də digər yol iştirakçıları üçün təhlükəlidir və onların həyatı bahasına başa gəlir. Spirtli içki qəbul edən sürücülər mütləq DYP-ni yadlarına salmalıdırlar. Ən azından müxtəlif variantlar var: ayıq sürücü xidməti, sürücülük vəsiqəsi sahib olan dostlar, qohumlar və s.”.
Bakı şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi qeyd edib ki, Bakı şəhəri ərazisində təhlükəsizliyi təmin etmək məqsədi ilə DYP tərəfindən davamlı tədbirlər həyata keçirilir.
“Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən xanım sürücülərə qarşı heç bir güzəşt olmayacaq. Onu da bildirmək istəyirəm ki, spirtli içki qəbul edən xanımların bəhanələri onları məsuliyyətdən azad etmir. Xanımlığından istifadə edib avtomobili sərxoş halda idarə edən zərif cinsin nümayəndələri cəzalandırılacaqlar”.
Xatırladaq ki, “İnspektor” verilişi həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 18:00-dan 20:00-dək Dj Aydının və Rövşən Həsənovun təqdimatında 107.7 – “AvtoFM”-in efirində yayımlanır. Yenilik.Az: