Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək, həbs olunmuş məhkumlar Lamiyə Quliyeva və Vüqar Əliyevin işi ətrafındakı müəammalar artmaqdadır.
Lamiyə Quliyevanın ANS-ə son açıqlaması isə onunla bağlı müəmmaları nəinki aydınlığa qovuşdurdu, əksinə, həbsxana şəraitində nikahdankənar uşaq dünyaya gətirməsi olayını bir qədər də pərdələdi.
Məlum olan odur ki, ya məhkum Lamiyə Quliyeva, ya da onun uşağının atası olduğu iddia edilən Elnur Rəsulov yalan danışır, yaxud buna məcbur edilirlər.
Məntiqlə fikirləşdikdə isə qadın məhkumun dediklərinin həqiqiliyinə inanmaq istəyirsən. Hər halda, onun özünün də dediyi kimi, uşağın atası olan şəxs kimlərisə güdaza verməmək üçün ortaya belə bir iddia atır ki, guya reallıqda yaxınlıq etməyiblər. Guya Elnur Rəsulov Lamiyənin ana olması üçün öz toxum mayesi olan qabı ip vasitəsilə aşağı mərtəbədən qadın məhkumların saxlanıldığı yuxarıdakı kameraya ötürüb. İki həftə sonra isə Lamiyə tərəfindən “müjdəli” xəbər alıb: “Mən hamiləyəm”.
Bu işlə bağlı Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun həbsinə hazırlıq getdiyi iddia olunduğu bir vaxtda Modern.az-a Penitensiar Xidmətin, daha doğrusu Kürdəxanı istintaq təcridxanasının bir neçə əməkdaşının həbs olunduğu xəbəri verilib.
Əslində məsələyə aydınlıq gətirəcək bir qurum var – Ədliyyə Nazirliyinin Penitensiar Xidməti. Elə bu səbəbdən də sözügedən quruma sorğu ilə müraciət etdik.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda olayla bağlı araşdırma davam etdirilir: “Penitensiar Xidmətə ünvanladığınız suala cavab olaraq bildiririk ki, məhkum Lamiyə Quliyevanın həbsdə övlad dünyaya gətirməsi ilə bağlı dəfələrlə rəsmi açıqlamalar olub və bildirilib ki, araşdırma aparılır”.
Cavabda o da vurğulanıb ki, Penitensiar Xidmət hətta araşdırma dövründə də müvafiq açıqlamalar verib: “Hazırda prokurorluq orqanları tərəfindən araşdırma davam etdirilir”.
Düşünürük ki, bu cavab məsələyə nə qədər aydınlıq gətirdisə, bir o qədər də müəmmalara səbəb oldu...
1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilib, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən məhkum olunublar.
Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Həbs müddətində rəsmi nikahda olmamasına baxmayaraq, Lamiyə Quliyeva uşaq doğub. Uşağın atasının kimliyi ilə bağlı bir neçə iddialar səsləndirilsə də, nəhayət məsləyə aydınlıq gətirilib. Bildirilib ki, bu, 1984-cü ildə Ağsuda anadan olmuş Elnur Rəsulovdur. Onun özü də şübhəli şəxs qismində Kürdəxanı istintaq təcridxanasında saxlanılıb. Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri də sübut edib.
Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Guya, Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb.
Gülşən RAUFQIZI