“Manatın ucuzlaşması qiymətləri artıracaq” - EKSPERT: "“Qara bazar”dakı süni ajiotajın qarşısı alınmalıdır”

17-02-2015, 16:25   
“Manatın ucuzlaşması qiymətləri artıracaq” - EKSPERT: "“Qara bazar”dakı süni ajiotajın qarşısı alınmalıdır”
Hazırda müşahidə olunan ajiotaj anlaşılan deyil. Ekspertlər zaman-zaman açıqlamalarında bildirirdilər ki, manatın məzənnəsinin möhkəmlənməsi heç də xeyirli deyil. Təklif edilirdi ki, manatın məzənnəsi tədricən, hiss olunmadan aşağı salınsın. Bu da baş verməkdədir”.

İqtisadçı-ekspert Azər Mehtiyev Modern.az-a manatın kursunun aşağı düşməsi və dollar satışının dayandırılmasını şərh edərkən deyib.

O qeyd edib ki, Avropa Mərkəzi Bankının qərarından sonra avronun məzənnəsinin kəskin aşağı düşməsi və bunun müqabilində manatın möhkəmlənməsi diqqəti cəlb edirdi, hətta Azərbaycan prezident də bununla bağlı öz mövqeyini bildirmişdi:

“Dünya bazarında neftin yüksək qiymətləri hesabına ölkəyə böyük valyuta gəlirləri daxil oldu. Bu, manatın məzənnəsinin yüksək saxlamağa imkan verirdi. Ancaq dünya bazarında neftin qiyməti kəskin düşdüyündən ölkədə neft hasilatının azalması baş verir və neft gəlirləri azalır. Belə olan halda manatın məzənnəsini stabil saxlamaq mümkün olmayacaq. Xüsusilə ötən ilin sonunda Rusiya rublu ilə baş verənlər milli valyuta ilə bağlı narahatlıq yaratmışdı. Gərginlik o vaxtdan yaşanırdı.

Neftin qiyməti ötən ilin ortalarından düşməyə başlayanda Dövlət Neft Şirkətinin rəhbərliyindən tutmuş ayrı-ayrı qurumlara qədər, hamıda belə bir ümid vardı ki, baş verənlər müvəqqətidir və neftin qiyməti qalxacaq. Proses bu cür olacağı təqdirdə manatın məzənnəsini uzunmüddətli stabil saxlamaq mümkün olacaqdı”.

Ekspert hesab edir ki, Mərkəzi Bankın açıqlaması cəmiyyətdə partlayış effekti verib: “Dünya neft bazarındakı durumun uzunmüddətli olacaqğı proqnozlaşdırıldığından hökumət belə bir addım atmağa məcbur olub. Neftin qiymətinin 50-60 dollar civarında olacağı gözlənilir. Təbii ki, bu da ölkəyə daxil olan gəlirlərin kəskin azalmasına gətirib çıxaracaq. İkinci tərəfdən, bu il Azərbaycanda Avropa Olimpiya oyunlarının keçirilməsi gözlənilir və bu da əlavə, böyük xərclər tələb edən məsələdir.

Bütün bunlardan sonra əhalidə onsuz da psixoloji gərginlik vardı. Mərkəzi Bank rəhbərliyinin manatın məzənnəsinin tənzimlənməsilə bağlı valyuta səbəti tətbiq etməsi xəbəri partlayış effekti verib, ciddi gərginlik yaradıb.

Dünəndən etibarən Azərbaycanda vətəndaşlar banklara axışır, öz manatlarını dollara dəyişməyə cəhd göstərir. Bu da təbii ki, yersiz ajiotaj yaradıb. Nəticədə faktiki olaraq Azərbaycanda dollar satışı dayandırılıb. Proses o qədər surətlə gedib ki, dünəndən bəri böyük pullar satılıb. Bu cür psixoloji gərginliyin yaranması çox pis haldır. Xüsusilə də “qara bazar”ın canlanması öz-özlüyündə proseslərin nəzarətdən çıxmasına gətirib çıxara bilər”.



Azər Mehtiyevin sözlərinə görə, valyuta satışının dayandırlması ilə vəziyyətin nəzarət altına alınmasına cəhd göstərilir: “Manatın məzənnəsinin valyuta səbətinə uyğunlaşdırılması doğru addımdır. Çünki hökumət manatın kəskin devalivasiyasına getmək fikrindən uzaqdır. Bir müddət məzənnəni saxlayıb, imkan məhdud olanda birdən-birə kəskin buraxmaqdansa, avro və dolların kursunda baş verənləri tədricən manata hiss etdirməklə prosesi bir qədər sakit və axınlı etmək daha münasibdir.

Sadəcə, bəzən doğru addımlar doğru olmayan formalarda cəmiyyətə çatdırılır. Yaxud atılan addımlar düzgün olmayan izahlarla verilir. Bu səbəbdən də atılan addımın izahı zamanı əhali arasında mövcud gərginlik panik səviyyəyə qalxır və hazırki durum formlaşır. Bütün hallarda manatın məzənnəsinin yeni tənzimlənmə mexanizmi hər hansı kəskin dəyişikliklərə gətirib çıxaran mexanizm deyil. Çünki dolların məzənnəsi onsuz da dünya bazarında sabit olaraq qalır və möhkəmlənməkdə davam edir, avronun məzənnəsindəki dəyişiklik isə tədricidir.

Bu halda təbii ki, Azərbaycanın mövcud imkanları da manatın məzənnəsinin çox az dəyişikliklərə məruz qalması ilə aşağı salınmasında maraqlı ola bilər. Bu da ciddi şəkildə özünü göstərməz. Ancaq bu cür panik vəziyyətin yaratdığı gərginlik prosesləri sürətləndirə və inflyasiya gözləntilərini artıra bilər”.

İqtisadçı bildirir ki, indiki halda mövcud valyuta imkanları manatın məzənnəsində hər hansı kəskin dəyişiklikləri qaçılmaz etmir: “Manatın məzənnəsi ilin axırına qədər düşməkdə davam edə bilər. Hələ ki cüzi azalmalarla məzənnəni saxlamaq imkanları var. Məsələn, bir neçə aya 1 dolların 80 qəpiyə qalxma imkanı ola bilər. Neft bazarındakı durumdan, ölkədəki qərardan asılı olaraq proseslərin surətlənməsi və ya zəifləməsini gözləmək olar. “Qara bazar”dakı süni ajiotajın yaradılması ciddi təhlükəyə səbəb ola bilər. Bunun qarşısı alınmalıdır.

Böyük məbləğlərin manatdan dollara və ya əksinə çevrilməsində kəskin fərq özünü göstərə bilər. 5-10 min manatlıq vəsaitin saxlanmasından söhbət gedərsə, itiriləcək məbləğ 20-30 manat civarında olacaq. İtki böyük məbləğlərin dəyişdirilməsi zamanı müşahidə edilə bilər. Bütün hallarda manatın tədricən kursunun azalması ciddi problemlərdən xəbər vermir.

Lakin manatın məzənnəsinin aşağı salınması qiymətlərin qalxmasına gətirib çıxaran amildir. Məzənnənin aşağı salınması tədricən baş verəcəksə, təbii ki, bazarlarda da kəskin qiymət artımı olacaq. İndiki halda əsas məsələ bazarda yaranmış süni ajiotajın aradan qaldırılması və panik vəziyyətin sakitləşdirilməsidir”.

Gülşən RAUFQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar