Aslanovun bir ailənin 12 üzvünü həbs etdirməsinin müdhiş təfərrüatları...; Vüqar Əliyevin atası və dayısı sensasion faktlar açıqladılar, Lamiyənin Ruslana vurduğu bıçağı necə və hardan əldə etdiyi üzə çıxdı; rayonda isə sabiq başçının keflənib mollanı məscidin minbərinə çıxarması və sahibkara zülmündən danışırlar
Müxbirlərimiz Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanın qətli işini yerindəcə araşdırıb. Ruslan Aslanovu öldürməkdə təqsirləndirilən Vüqar Əliyevin atası bu cinayəti bilib gizlətməkdə ittiham olunub. İbrahim İsmayılovun sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlar qondarma idi və ümumiyyətlə, həmin maddələrlə ittiham verilə bilməzdi.
(əvvəli ötən sayımızda)
“Cinayət Məcəlləsində 307-ci maddənin sonunda xüsusi qeyd var. Orada yazılıb - arvadı, əri, övladları, valideynləri, qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu məcəllənin 307-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilə bilməz. Mənim işimdə isə belə olmadı. Maddəni mənə şamil etdilər. Guya oğlumun cinayətini bilib gedib polisə xəbər verməmişəm. 188-ci - torpaq üzərində mülkiyyət hüququnu pozma, 134-cü - öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə maddələri ilə isə həmin vaxt verilən amnistiya aktının təsiri altına düşürdü. Bunu da mənə şamil etmədilər. Çünki Aslan Aslanov mənim həbs olunmağımı sifariş vermişdi. Dövlətin qanunları bir kənara qaldı, Aslan Aslanovun sifarişi ilə mənə iş verdilər” deyə, İ.İsmayılov qeyd edir.
“Bıçağı Lamiyəgildə qoymuşdu”
O, oğlunun həbsindən sonra Vüqarın tanışı Arzu Sadıxovun tutulmasına da diqqət çəkir: “Arzu Gəncə İstintaq Təcridxanasında saxlanılırdı. Nizami adlı əməliyyatçı onu döyüb tələb etmişdi ki, qətldə istifadə edilən bıçağı Vüqara deyil, mənə satdığını ifadəsində qeyd eləsin. Əslində isə o, həmin bıçağı hadisədən 2 ay əvvəl Vüqara satmışdı. Arzu Vüqarın tanışı idi. O bilirdi ki, Vüqar maşınını satıb və heyvan kəsib satmaqla məşğul olmaq istəyir. Bu məqsədlə bıçağı satmışdı. İri bir bıçaq idi. Mən həmin bıçağı görəndə Vüqara dedim ki, bu boyda bıçağı nə edirsən, rədd elə. O da götürüb Lamiyəgilin evinə qoymuşdu. Hadisə zamanı Lamiyə bıçağı mantosunun altına qoyub aparmışdı...
Arzudan o ifadəni ona görə almaq istəyirdilər ki, məni qətlin sifarişçisi kimi təqdim edə bilsinlər. Guya bıçağı mən Vüqara vermişəm ki, get, Aslanın oğlu Ruslanı öldür. Bu sifarişi də ona görə vermişəm ki, guya Aslan mənə pay torpağı verməyib.
Halbuki mən pay torpağı almışdım. Məhkəmədə hakim Əli Seyfəliyevə pay torpağımın sənədini də verdim. Lakin orada dediklərimə qulaq asan olmadı. Bu adamlar bizi məhkum etmək sifarişini yerinə yetirməyə çalışırdılar və buna nail oldular".
“Guya 2 bıçağı Lamiyə, 16 bıçağı Vüqar vurub”
İ.İsmayılov deyir ki, onu Şəmkir polisində saxlayarkən L.Quliyevanı da ora gətiriblər: “Məni Şəmkir polisində 6-cı kamerada saxlayırdılar, 15 sutkalıq idim. Bir gün saxlanıldığım kameranın pəncərəsindən gördüm ki, Lamiyəni ora gətirdilər. Qıza yanındakı müstəntiq taxta xəncər verdi və polisin həyətində saxlanan Ruslanın maşınında oturdub istintaq eksperimenti keçirdilər. Ruslana oxşayan bir nəfəri sürücü sükanına oturtdular.
Lamiyəni arxa oturacaqda əyləşdirdilər. Lamiyə mantosunun altına qoyduğu taxta xəncərlə qabaq oturacaqda olan şəxsə necə xəsarət yetirdiyini göstərdi. Lamiyə Ruslana 2 bıçaq vurduğunu deyir.
Guya 2 bıçağı Lamiyə, 16 bıçağı isə Vüqar vurub.
İşi qəsdən ağırlaşdırdılar. Məni mayın 12-də həbs etmişdilər. Bir gün əvvəl istintaq qrupunun rəhbəri Valeh Quliyev dedi ki, Lamiyə ilə Vüqar Ruslana 11 bıçaq vurublar. Amma məhkəmədə 18 bıçaq vurulduğunu deyirdilər. Guya meyiti təhqir ediblər".
Vüqarın atası danışır ki, 6 may 2003-cü il tarixdə amnistiya qərarına əsasən 228.4 maddəsi ilə həbs edilən Arzu Sadıxov 1 illik cəzadan azad edilib: “Amma mən həbs edildim. Halbuki tutulduğum maddələrdən ikisi - 188 və 134-cü maddə amnistiya düşmüşdü, 1 maddə 307.3-cü maddəsi isə mənə şamil oluna bilməzdi. 4 il müddətinə azadlıqdan məhrum edildim”.
“Prokuror Lamiyəyə dedi ki, namus bilirsən nədir, o da...”
İ.İsmayılov tələb edir ki, işə yenidən apelyasiya instansiyasında baxılsın: “Prezident İlham Əliyevdən xahiş edirəm ki, bu işə yenidən baxılması üçün göstəriş versin. Bizim ailəyə qarşı qanunsuzluqlar, haqsızlıqlar bu gün də araşdırılmamış qalıb.
O dövrdə verdiyimiz apelyasiya şikayətinə Hərbi Məhkəmənin hakimi Şahin Yusifov Bayıldakı İstintaq Təcridxanasında, adı açıq olan, lakin qapalı şəraitdə keçən məhkəmədə baxıb. İşə ona görə təcridxanada baxdılar ki, jurnalistlər məhkəmədə iştirak etməsin və saxtakarlıqları ictimailəşməsin. 13 dəqiqəyə apelyasiya şikayətimizə baxdılar və Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Seyfəliyevin barəmizdəki qondarma hökmü qüvvəsində qaldı".
İ.İsmayılov deyir ki, Lamiyə apelyasiya şikayətinə baxılarkən bu işin onun namusuna toxunulduğuna görə baş verdiyini bildirib: “Prokuror Qurbanəli Məmmədov isə ona dedi ki, ”sən namus nə olduğunu bilirsən? Lamiyə ona ağır sözlər dedi, özünün namussuz olduğunu dedi. Dövlət aktı əlimdədir və mən hansı torpağa görə Aslan Aslanova təzyiq göstərə bilərdim?
Bu gün də mənə məlum deyil. Aslan Aslanov bu işin mahiyyətini ona görə dəyişdirmək istəyirdi ki, məsələ siyasiləşsin. Guya o, xidməti vəzifəsini yerinə yetirərkən onun oğlunu öldürüblər".
Vüqarın həbs edilən dayısı: “Aslanov 12 nəfəri tutdurub sakitləşdi”
Aslanovun həbs etdirdiyi şəxslər sırasında Vüqarın dayısı Ədalət Məmmədov da olub. Onu narkotik ittihamı ilə saxlayıblar. Ə.Məmmədov deyir ki, Şəmkirdən Gəncə polisinə aparılıb. İstintaq şöbəsinin müstəntiqi Fəxrəddin Şirəliyev ittiham aktında yazıb ki, Ə.Məmmədov 7,1 qram satış məqsədi ilə narkotik maddə əldə edib. Sonra İlqar Bağırov adlı sakinə Şəmkir dairəsində 20 min manata satıb və alan şəxs könüllü şəkildə narkotiki polisə təqdim edib. “Məni 2003-cü ilin sentyabrında tutdular. Gəncə polisinə apardılar. Gecə 3-ə kimi dindirdilər və sonra gecə yarısı Bakıya Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Məni ora Rəfaellə Məhəmməd adlı polislər aparmışdı.
Məni orada qoyub qaçdılar. Orada isə dedilər ki, bu adamın günahı yoxdur. Ancaq 234.2 maddəsi ilə cinayət işi açıldı. Nərimanov Rayon Məhkəməsinə apardılar. 48 saat araşdırma ilə bağlı həbs verildi. Məhkəmə isə sanksiya vermədi.
Axırda 290-cı maddə ilə buraxdılar. Bir müddət sonra təzədən Bakıda cinayət işi açıldı. 2004-cü ilin yanvarında 2 il şərti cəza kəsildi. Mən Vüqarın dayısı olduğum üçün saxta ittihamla iş açıldı. Mən heç vaxt narkotik istifadəçisi olmamışam. Heç siqaret çəkməmişəm".
Ə.Məmmədovun sözlərinə görə, bütün rayon məhkəmələri işə baxmaqdan imtina edib: “Bu, tarix idi. Özləri də gördülər ki, günahsızam. Narkotik satışı ilə həbs edilən adam praktikada elə hal olmayıb ki, şərti cəza ilə azadlığa çıxsın. Məhkəmə mənim şərləndiyimi bilirdi. Aslanov bu işlərin başında dayanırdı. Əvvəlcə işi Şəmkir məhkəməsinə göndərdilər, hakim baxmadı. Göndərdilər Tovuza, orada da baxmadılar. Sonra Kəpəz məhkəməsinə, oradan Kəlbəcər məhkəməsinə. Kəlbəcər məhkəməsi sonda Naftalan məhkəməsinə göndərdi.
Təsəvvür edin ki, orada 6 ay iş getdi. Dedilər, bu işlə səni həbs edə bilmərik. Naftalan məhkəməsinin hakimi Maşallah Şirvanov dedi ki, heç vaxt belə hal olmayıb. Bu günə kimi 234.2 maddəsi ilə adam hələ buraxılmayıb. Sadəcə, anam, ailə üzvlərimiz bu həbslərdən sonra Prezident Aparatının qabağına əldə plakatla yürüş etmişdi, orda nümayəndə onları qarşılamışdı. Oradan zəng gələndən sonra məni azad etdilər. Ondan sonra Aslanov sakitləşdi, artıq 12 nəfəri həbs etdirmişdi".
***
Vüqarın ailəsi başına gələn müsibətləri danışdıqdan sonra Lamiyənin ata evinə getdik. Anası Kifayət Quliyeva və xalası oğlu Fariz Yusibov “Yeni Müsavat”a Aslanovla oğlunun etdiklərindən danışıblar. Bu barədə növbəti reportajda oxuya biləcəksiniz.
Bir nüansı deyək ki, Şəmkirdə hələ də A.Aslanov xofu var. İnsanlar onun etdiklərini unutmayıblar və danışarkən sözlərini ehtiyatla ifadə edirlər. Çünki sabiq başçının hələ də müəyyən dayaqları olduğunu düşünürlər. Məsələn, Aslanov kefli olduğu vaxtlarda rayon məscidində Əli adlı mollanı məscidə gələrək minbərə çıxardıb, azan oxudarmış. Bu haqda hələ də Şəmkirdə danışırlar. Bundan əlavə, Aslanov bələdiyyə binasının qarşısında ev tikdirib, inzibati binaya aid sahənin bir hissəsini də zəbt edib.
A.Aslanov Nizami kəndinin də adını dəyişərək atası Əli və babası Yaqubun adını qoyub. Hazırda bu kənd Əli Yaqublu adlanır. Rayonda bazarın sahibi Elpərəst Həsənlinin tutulması və işgəncələr verilməsi də Şəmkirdə danışılan mövzudur. Sahibkarın yaşadıqlarını da sonrakı yazılarda təqdim edəcəyik.
ardı var...
“Yeni Müsavat”ın
Reportyor Qrupu
Şəmkir